1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



Ekspertlər ötən ildə təhsil sahəsində görülən işləri necə qiymətləndirirlər?
09.01.2016 / No1

Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor

İllər yalnız zamanla deyil, bu zamanda görülmüş işlərlə, əldə edilmiş nailiyyətlərlə dəyərləndirilir.

2015-ci ilin nailiyyətləri sırasında Bakıda keçirilən I Avropa Oyunlarının möhtəşəmliyini, dünyaya yayılan Azərbaycan şöhrətini ilkin olaraq qeyd etmək istərdim. Mənə görə, I Avropa Oyunlarının bənzərsiz özəllikləri, nəhayətsiz gözəllikləri, dünyaya səs salan uğurları Azərbaycan təhsilinin də ən böyük nailiyyətidir. Əvvələn, idmançılarımızın yarışlardakı uğurlarını məktəbli yeniyetmələrimiz üçün qələbə örnəyi saymaq olar. İkincisi, yüzlərlə tələbə könüllünün bu tədbirdə vətənpərvərlik səyləri əsl vətəndaşlıq qeyrətinin nümayişidir.

I Avropa Oyunlarının açılışı və bağlanışı mərasimləri Azərbaycanın tarixi və müasir düşüncənin mənəvi və maddi mədəniyyətinin əyani nümayişi milli və ümumbəşəri dəyər sahibliyimizin, multikultural mədəniyyətimizin örnək nümunəsi idi. İnsanlarımızın bu mühüm hadisəyə rəğbətli münasibəti və dövlətimizin başçısının ətrafında sıx birliyi gənclərə aşılanan mənəvi keyfiyyətlərin əməli təzahürü idi.

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatçılıq ustalığını, gəncləri könüllü olaraq öz ətrafında birləşdirmək məharətini, məzmunlu nitqləri və çıxışlarını ən səmərəli dərs nümunəsi hesab etmək olar.

Əzəmətli I Avropa Oyunları təkcə ölkəmizdə idman, mədəniyyət sahəsində deyil, təhsil sahəsində də kreativ düşüncənin, mübarizlik və qələbə əzminin, güclü tərbiyəvi təsirlərin nümayişinə, milyonlarla gəncin öyrənc məktəbinə çevrildi.

Təhsil Nazirliyinin I Avropa Oyunları prosesinə fəxarət duyğulu marağı, mənəvi dəstəyi prosesin maarifçilik missiyasını meydana qoyurdu.

Ötən ildə təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq xeyli işlər görülmüşdür. Bu sıradan müəllim peşəkarlığının həyata keçirilməsi, diaqnostik imtahanların aparılması, direktor hazırlığı təlimləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, İKT-dən, yeni təlim metod və texnologiyalarından tədrisdə istifadənin genişləndirilməsi, ali məktəbdə SABAH qruplarının formalaşdırılması, pilot sağlamlıq siniflərinin yaradılması, müəllimlərin dərs yükü və əməkhaqlarının artırılması, kənd məktəblərində işləyən gənclərə həvəsləndirmə yardımlarının edilməsi, müəllimlik peşəsini seçən tələbələrə əlavə təqaüdün verilməsi, yeni ən yaxşı məktəb və müəllimlərin müsabiqəsi, müxtəlif məzmunlu şagird və tələbə müsabiqələrinin keçirilməsi və digər təşəbbüsləri qeyd etmək olar.

Qarşıladığımız 2016-cı ildən gözləntilərimiz təşkilati işlərlə yanaşı, pedaqoji prosesin, təlim-tərbiyə işinin hər bir məktəbdə keyfiyyət səviyyəsinin qaldırılması ilə bağlıdır. Hələ də bəzi ümumtəhsil, orta ixtisas məktəblərində qiymətləndirmədə formalizmə yol verilir. Müəllimlərin xeyli qismi özünütəhsillə məşğul olmur. Düşünürəm ki, pedaqoji ictimaiyyətin təlim və tərbiyə işinin elmi əsaslarla qurulmasına, şəxsiyyət ləyaqətinin artırılmasına ehtiyac vardır.

Yeni standartların tətbiqi üzrə milli və fənn kurikulumları tətbiq olunur. Lakin hələ də bu yeniliklərin nə məzmunca, nə tədris metodikası, nə də intellektual hazırlıq üzrə nəticələri öyrənilməmişdir.

Ali məktəbə qəbul olunan tələbələrin əksəriyyəti Vətən tarixini, milli mədəniyyət nümunələrini, ədəbiyyat və incəsənət xadimlərini və onların xidmətlərini tanımırlar, bilmirlər. Bu, ali məktəbə qəbulun müasirlikdən geri qalan test formasında aparılmasının nəticəsidir. Eyni zamanda ümumtəhsil məktəblərində bütün tədris fənlərinin eyni yüksək səviyyədə keçilməməsi ilə bağlıdır. 2016-cı ildə bu məsələlərin araşdırılması və keyfiyyətin təmin edilməsi zəruri işlərdən sayıla bilər.

“Azərbaycan tarixi” fənninin bütün ixtisaslar üzrə qəbul imtahanına salınması da vətəndaş mövqeyinin formalaşdırılması baxımından gərəkliliyi danılmazdır.

Məktəblərdə ünsiyyət mədəniyyətinin gücləndirilməsinə, müəllim-şagird-valideyn-direktor-təhsil idarəçisi arasındakı münasibətlərin şəffaflığına və humanizm xarakterinin gücləndirilməsi məqsədi ilə də maarifləndirici tədbirlərin keçirilməsinə və nəzarətə böyük ehtiyac vardır.

Ümumiyyətlə, pedaqoji prosesdə və təhsili idarəetmədə peşəkarlıq səriştəliliyinin, elmi-metodik ustalığın artırılmasını hərəkata çevirməyin zəruriliyi diqqətdə saxlanılmalıdır...


Şahlar ƏSGƏROV,
professor, əməkdar elm xadimi

2015-ci il təhsil sistemində kifayət qədər yaddaqalan hadisələrlə zəngin olmuşdur. Ölkə Prezidenti təhsil siyasəti sahəsində bir sıra vacib sərəncamlar imzalamışdır. Misal üçün, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilmişdir. Və ya “Dövlət ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Prezident sərəncam imzalamışdır. Başqa bir sərəncamla Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilmişdir və sairə.

Alman filosofu Karl Yaspersə görə, “Ali məktəblərin kütləvi yaradılmasından elmin elm kimi məhv olma tendensiyası başlayır”. Xırda universitetlərdə, filiallarda dəyərli professorlar (əgər belələri varsa) cəmi bir və ya iki tələbəyə (magistrə) dərs deyir, başqa sözlə belə fliallarda həm tələbə, həm də dəyərli müəllim qıtlığı var. Bu baxımdan Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinin əhəmiyyəti böyükdür.

Təmayüllü məktəblər şəbəkəsinin genişlənməsi ilə bağlı cari ildə qəbul olunmuş qərarın da çox böyük əhəmiyyəti vardır. Ölkə miqyasında artıq 170-dən çox təmayüllü sinif fəaliyyət göstərir. Həmin siniflərdə gənclərimiz könlünə yatan, xoşu gələn ixtisasları seçəcəklər. Nəticədə gənclər bu ixtisasları dərindən mənimsəyəcək və gələcəkdə dəyərli mütəxəssisə çevriləcəklər. Bir türk misalında deyilir: çörəyini əli ilə qazanan fəhlədir, çörəyini əli və ağlı ilə qazanan ustadır; çörəyini əli, ağlı və ürəyi ilə qazanan isə ustaddır. Təmayüllü məktəblərin varlığı ölkəmizdə ustadların sayını artıracaqdır.

Ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan bütün tələbələrə (ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq) təqaüdlərin akademik nailiyyətlərin nəzərə alınmaqla verilməsi tələbə kütləsinin həm sosial durumuna, həm də təhsilin keyfiyyətinə müsbət təsir edəcəkdir.

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin I (birinci) siniflərinə uşaqların qəbulunda cari tədris ilindən ilk dəfə olaraq xoş niyyətlə elektron sistemin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanmışdır.

Təhsil naziri Mikayıl Cabbarovun yüksək kürsüdən səsləndirdiyi “təhsilsiz uşaq itirilmiş uşaq, itirilmiş uşaq isə itirilmiş gələcəkdir” fikri dövlətin təhsilə qayğıkeş münasibətini aydın göstərir. Bu münasibətləri aşağıdakı rəqəmlərdən də görmək olar: cari tədris ilində ümumi təhsil müəssisələrində 1359173 şagird təhsil alır. Üstəlik, 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-yə, 6 günlük tədris həftəsi tətbiq edilən məktəblərdə isə 209 günə çatacaqdır. Bu o deməkdir ki, Təhsil Nazirliyi şagirdlərin zaman resursunu idarə etməyə cəhd edir.

2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin orta balı 11 faiz artıb. Cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal səviyyəsindədir. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olub. Yəni, müsbət dinamikanın varlığı özünü göstərir.

İkinci ildir ki, pedaqoji ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilir. Müəllimlik sənətini təşviq edən bu ideya sevindiricidir və alqışlanmalıdır. Çünki əvvəllər abituriyentlərin ən zəifləri bu ixtisaslara qəbul olunurdular. Bu addımın vəziyyəti xeyli dəyişdirəcəyinə inanıram.

Yəqin ki, 2015-ci ildə görülən işlər cari il üçün inkişafa zəmin yaradacaqdır.

Arzularım da çoxdur. Hamısını saymasam da bəzilərini qeyd etmək istərdim: bu gün ölkəmizdə mövcud olan orta təhsil sisteminin yaşı 100 ilə çatır. 100 il ərzində keçdiyimiz yola təzədən baxmağa ehtiyac vardır ki, müəyyən edək: nəyi düz etmişik, nəyi səhv. Hansı termin düz işlədilir, hansını isə dəyişməyə ehtiyac var. Təhsil sistemini cilalamaq niyyəti ilə bir neçə məsələnin müzakirə edilməsini istərdim. Cilalamaq baxımından bəzi təhsil terminlərinə yenidən baxmağı tövsiyə edərdim:

* misal üçün, geniş istifadə etdiyimiz “oxumaq” sözünə diqqət yetirək. Söhbət zamanı deyirik ki, övladımız orta məktəbdə və ya ali məktəbdə oxuyur. 50 və ya 100 il öncə “oxumaq” anlayışından istifadə etmək bəlkə də başadüşülən idi. Çünki o zaman oxumaq da savad sayılırdı. İndi bu qüsuru düzəltmək lazımdır. İnkişaf etmiş ölkələrdə bu hadisəni ifadə etmək üçün “oxumaq” yox, “öyrənmək” sözündən istifadə edirlər. Bu tezisə inanmaq üçün türk, rus və ingilis dillərində bu sözləri müqayisə edin. Onlar deyirlər ki, mənim övladım universitetdə fizikanı (və ya kimyanı) öyrənir. İlk baxışda kimə isə bu fərq böyük görünməyə bilər. Ancaq dərin düşünəndə bu kiçik fərqin təsiri böyükdür. Bir şeir parçasını siz beş dəqiqəyə oxuya bilərsiz, ancaq onu öyrənmək üçün sizə saatlarla vaxt lazımdır. Oxuma prosesinin arxasında mənimsəmə durmur. Öyrənmə prosesinin arxasında isə mənimsəmə durur. İndi oxumaq savad sayılmır, bilmək savad sayılır. Oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. Çox təəssüf ki, bizim şagirdlərimizin çoxu məktəblərdə oxuyurlar, öyrənmirlər. Bu qüsurun əsasında zərərli repetitorluq sənayesi yaranıbdır. Fəlsəfi baxımdan oxumaq vasitədir, öyrəmək isə məqsəddir. Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Bu düşüncəni dəyişsək, onda məktəb də dəyişəcək.

* təhsil sistemində qüsurlu hesab etdiyim ikinci termin “ibtidai məktəb” anlayışıdır. Belə məktəblərə rus dilində “başlanğıc məktəb”(naçalnaya şkola), türk dilində isə “ilkokul” deyirlər. İngilislər isə bu məktəbə əsas, birinci əhəmiyyətli (primary) məktəb deyirlər. Bu terminlərə yüklənən məna göstərir ki, həmin ölkələrdə bu məktəblərə fövqəl əhəmiyyət verilir və hesab edilir ki, bu məktəblər əsasdır, başlanğıcdır, bünövrədir.

Azərbaycan dilində “ibtidai məktəb” sözündə bu məktəblərə münasibətdə bir laqeydlik hiss olunur. Yüz il öncə bu məktəblər bəlkə də ibtidai olublar. Ancaq bu gün başqa zamandır. Fikir verin. Uşaq məktəbə doğru ilk addımını atır. İlk dəfə məktəbə daxil olur. İlk dəfə adı məktəb jurnalına yazılır və bu yazılışla o, cəmiyyətə vətəndaş kimi daxil olur. Ata-ana, baba - nənə uşaqla bərabər bu təntənədə iştirak edir. Bu gedişat evdə, məktəbdə bayram edilir. Biz də bunu “ibtidai məktəb” və ya “ibtidai sinif” adlandırırıq. Bu deyilişdə arzu olunan təmtəraq yoxdur. Bu qədər sevincli hadisələrin baş verdiyi məktəbə düz ad verə bilməmişik.

* üçüncü toxunmaq istədiyim anlayış “qiymət” anlayışıdır. Bu anlayışdan biliyi ölçmək prosesində istifadə edilir. Çox-çox təəssüf ki, ölkəmizdə biliyi ölçmənin vahidlik prinsipi pozulubdur. Ölkədə 5 ballı, 10 ballı, 100 ballı, 700 ballı şkaladan istifadə edilir.

Qiymət nədir? Qiymətin tərifi varmı? Mövcud “Əsasnaməyə” görə ali məktəblərdə 10 ballı şkalada qiymət səviyyələri müəyyənləşibdir və 10 bala belə bir məna yüklənib: 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. Sual olunur, bizim övladlarımız məktəbə fənni başa düşməyə, yoxsa mənimsəməyə gedirlər? Burda bir pedaqoji prinsipi yada salmaq istəyirəm: başa düşmək bilmək deyil, yadda saxlamaq bilməkdir. Deməli, neçə illərdir ki, biz biliyi keyfiyyətsiz metodla ölçürük.

* ali məktəblərə qəbulda ciddi dəyişikliklərə ehtiyac var. Qəbul imtahanlarının qeydiyyat ilə əvəz olunması zəruridir. On ildən çox təkrar etdiyim bir fikri bir də təkrarlayıram: ali məktəblər giriş qapılarını geniş, çıxış qapılarını isə dar açmalıdırlar. Bu mənim istəyim deyil, dünyanın gedişatının məntiqindən törəyir. Biz bu addımı atarıqsa gənclər küçələrdən universitetlərə toplaşarlar. Bu işdən həm dövlət, həm gənclər, həm də valideynlər udarlar. Diqqət yetirin, bizdə yaşı 17-dən çox olan hər 100 gəncin 16-sı universitetlərə daxil olur. Bu göstərici Cənubi Koreyada 95, ABŞ-da 83, Rusiya Federasiyasında 80, Monqolustanda 50-dir. Biz də mütərəqqi dünyanın getdiyi yolla getməliyik.

Sonda qeyd edim ki, görülən işlər də çoxdur, arzular da çoxdur. Sevindirici haldır ki, cəmiyyətdə təhsillə bağlı konsolidasiya yaranmaqdadır. Həm Təhsil Nazirliyinin məmurları, həm təhsil ekspertləri, həm də təhsil jurnalistləri çəkici bir nöqtəyə vururlar. Hamı təhsilin düzəlməsini istəyir.


Vidadi BAĞIROV,
təhsil eksperti

Cəmiyyətimizin az qala hər bir üzvünün bu və ya digər dərəcədə aidiyyəti olduğu təhsil sahəsinin bu birillik fəaliyyətinə kənardan baxarkən nələri görmək olur? Əlbəttə ki, bu bir ildə bütün problem və çatışmazlıqların aradan qaldırıldığını düşünmək sadəlövhlük olardı. Həm də həmişəs yeni-yeni obyektiv qayğıları yaranan təhsilin ətalətli bir sahə olduğunu da nəzərə alsaq bunun təbii qəbul edilməsindən başqa bir yol qalmır.Düşünürük ki, zaman-zaman hər sey öz yoluna düşəcəkdir. Bunun üçün həm ölkə rəhbərliyi səviyyəsində siyasi iradə var, həm də Təhsil Nazirliyi səviyyəsində ardıcıl və inadkar icraçılıq. Ədalət naminə demək lazımdır ki, 2015-ci ildə təhsillə bağlı xeyli işlər görülmüşdür və bunların hamısını sadalamaq niyyətimiz yoxdur və bəlkə də heç ehtiyac da yoxdur, çünki bu barədə hesabatlar və yazılar rəsmi olaraq mətbuatda verilmişdir. Burada bizim diqqətimizi daha çox çəkən bir-iki məqamın üzərində dayanmaq istərdik.

Birincisi, müəllim hazırlığı ilə bağlıdır. Heç kəsə sirr deyil ki, təhsilin keyfiyyətinin yüksəldilməsində ən birinci məqam peşəkar müəllimin olmasıdır. Bu baxımdan müəllim hazırlığı ilə bağlı nə qədər tez və əsaslı addımlar atılarsa, bir o qədər də keyfiyyətli nəticə əldə edilə bilər. Odur ki, müəllim hazırlığı ilə bağlı keçən ildən başlayaraq 500 - dən yuxarı bal toplayan və öz istəkləri ilə müəllimliyi təkidlə seçənlərə xüsusi təqaüdlərin verilməsi bu il də davam etdirildi. Bu onun göstəricisidir ki, nazirlik bu məsələni prioritet bir iş kimi qəbul edib və onun sistemli olaraq davam etdirilməsində israrlıdır. Nəzərə alsaq ki, belə qaydada hazırlanan müəllimlərin sayı yaxın bir neçə ildə minlərlə olacaqdır, onda atılan bu addımın nə qədər faydalı olduğunu başa düşmək çətin deyil. Bu bir tərəfdən müəllimlik peşəsinin təbliği olur, digər tərəfdən isə məktəblərimizin ciddi probleminə dönmüş aşağı ballı, kifayət qədər savadı olmayanlardan qurtarmasında əsaslı dönüş yaradacaqdır. Azərbaycanın ümumtəhsil məktəblərində işləyəcək belə istedadlı müəllimlər məktəblərimizə yeni bir nəfəs gətirəcəklər.

İkincisi, təhsilin idarəolunması, maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, bu ildən başlayaraq ümumtəhsil məktəblərinin maliyyələşdirilməsinin bölgələr üzrə maliyyə mərkəzləri vasitəsilə birbaşa nazirlik tərəfindən həyata keçirilməsi Azərbaycanın təhsil tarixində çox böyük bir hadisə hesab edilə bilər. Bu addım təhsilin maliyyə təchizatının bir mərkəzə bağlanması olmaqla və yerli təhsili idarəetmə orqanlarını maliyyə məsələlərindən azad etməklə təhsilin keyfiyyətinə daha çox vaxt və imkan yaratmış olacaqdır. Digər tərəfdən isə bu addım maliyyələşmədə çeviklik yaratmaqla bərabər, peşəkar yanaşmaya, təhsilin keyfiyyətinə daha çox təsir edən məqamların önə çəkilməsinə, həmçinin qənaətlərin pərakəndə, epizodik işlərə deyil, əsaslı və bahalı işlərə yönəldilməsinə zəmin yaradacaqdır.

Yeri gəlmişkən xatırlatmaq istərdim ki, hələ ötən ildən həyata keçirilməsi müvəqqəti olaraq dayandırılmış bölgələr üzrə təhsili idarəetmə orqanlarının da tezliklə fəaliyyətə başlaması bu addımın məntiqi davamı olmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil siyasətinin bir mərkəzdən daha çevik və daha maneəsiz idarə olunmasına gətirib çıxaracaqdır.
yuxarı ⤴