1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Unutsaq, unudularıq!

O, bütün varlığı ilə elmə, təhsilə bağlı idi...
09.01.2016 / No1


 


İnsan dünyaya gəlir, qismətinə düşən ömür payını yaşayır, sonra da bu dünyadan köçüb gedir. Yaşanan ömürdən isə izlər, unudulmaz xatirələr qalır. Fərhad müəllimdən də xoş izlər, unudulmaz xatirələr qaldı...

Haqqında söhbət açacağımız şərəfli bir ömür yolu keçmiş Fərhad Möhsün oğlu Cəfərov 1948-ci il fevralın 2-də Yardımlı rayonunun Vərgədüz kəndində müəllim ailəsində anadan olmuşdur. Ali təhsilini 1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsində alaraq avtomobil yollarının tikintisi ixtisasına yiyələnmişdir.

Ali təhsilli mütəxəssis kimi o, ilk əmək fəaliyyətinə “Azəryollayihə” İnstitutunda layihə-axtarış bürosunun mühəndisi kimi başlamışdır. Bacarığını, qabiliyyətini nəzərə alan institut rəhbərliyi az keçmir ki, onu baş mühəndis, sonra da şöbə müdiri vəzifəsinə irəli çəkir.

Elmə, təhsilə böyük marağı olan Fərhad Cəfərov 1978-ci ildə respublikamızda müstəqil ali məktəb kimi ilk addımlarını atan indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə işləmək üçün dəvət alır. O, burada əvvəlcə assistent, baş müəllim, sonra da dosent kimi öz bilik və bacarığını tələbələrin təlim və tərbiyəsi işinə həsr edir.

Fərhad Cəfərovun istedadını və təşkilatçılıq qabiliyyətini nəzərə alan universitetin o zamankı rəhbərliyi 1982-ci ildə onu yol-inşaat fakültəsinin dekan müavini vəzifəsinə irəli çəkir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən əsrin 80-ci illərində keçmiş SSRİ-nin ərazisində aparılan tikinti, quruculuq və abadlıq işlərində ali məktəb tələbələrinin yay aylarında əməyindən də geniş istifadə olunardı. Fərhad Cəfərovun da həmin illərdə universitetimizin tələbə inşaat dəstəsinin komandiri kimi Naxçıvanda, Qazaxıstanın Cambul vilayətində, Rusiya Federasiyasının Tolyatti, Nijni-Kamsk və Kalinino vilayətində apardığı tikinti, quruculuq işləri həm respublikamızın, həm onun işlədiyi ali məktəbin, həm də özünün ad-sanını ucaltmışdır. Tələbə inşaat dəstələrindəki səmərəli fəaliyyətinə görə o, 1974-cü ildə “Əmək igidliyinə görə” medalına layiq görülmüşdür. Həmin medalı Fərhad Cəfərova Moskvada Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornı təqdim etmişdir. 1982-ci ildə isə o, daha bir ali mükafatla - “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

1992-ci ildə müsabiqə yolu ilə Fərhad Cəfərov avtomobil yolları, körpülər və tunellər kafedrasının müdiri vəzifəsinə seçilir. Bir müddət sonra isə o, nəqliyyat fakültəsinin dekanı vəzifəsinə irəli çəkilir. Fərhad müəllim bu vəzifələrdə çalışdığı illərdə həm bir müəllim kimi tələbələrə yüksək səviyyədə mühazirələr oxumuş, seminar məşğələlər aparmış, həm buraxılış işlərinin yerinə yetirilməsində elmi rəhbər kimi onlara məsləhət vermiş, həm də elmi fəaliyyətlə məşğul olaraq 60-dan çox elmi əsər, 2 dərslik, 3 dərs vəsaiti, onlarca fənn proqramı və metodik vəsait hazırlamışdır.

2000-ci ilin yanvarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorluğunda kadr dəyişikliyi aparılanda Fərhad Cəfərov universitetin məsul bir sahəsinə-tədris işləri üzrə prorektor vəzifəsinə irəli çəkilmişdir. Milli inkişafın ən prioritet sahələrindən sayılan təhsilə xüsusi önəm verən Fərhad Cəfərov prorektor kimi ilk gündən universitetimizin bacarıqlı təhsil islahatçısı kimi çıxış edir və o, yaxşı başa düşür ki, yüksək ixtisaslı kadrların hazırlanması tədris prosesinə elmi-texniki nailiyyətlərin tətbiqi və texniki təchizatı ilə sıx bağlıdır. Ona görə də Fərhad müəllim, ilk növbədə, tədrisin yüksək səviyyədə təşkil olunmasına, idarəetmə mexanizminin təkmilləşdirilməsinə və kadr potensialından istifadənin səmərəliliyinin artırılmasına böyük əhəmiyyət verir.

Fərhad müəllimi prorektor kimi səciyyələndirən bir faktı da yada salmaq istərdik. O, istedadlı tələbəyə həmişə öz övladı kimi qayğı göstərər və bunu müəllimlərdən də tələb edərdi. Qəbuluna gələn hər bir tələbəni diqqətlə dinləyər, haradasa hüququ bir balaca pozulmuşsa, haqqı tapdalanmışsa dərhal ona kömək edərdi. O, hər bir məsələni qanunun aliliyi çərçivəsində həll etməyə çalışardı.

Müasir tədris planlarının və standartlarının işlənməsində Fərhad Cəfərovun əməyi xüsusilə təqdirəlayiqdir. O, TRASEKA proqramı üzrə respublikamızda həyata keçirilən nəzəri və praktik işlərin də ən fəal iştirakçısı olmuşdur.

Fərhad Cəfərov, sözün həqiqi mənasında, tədris işini mükəmməl bilən, vəzifə borcuna həmişə məsuliyyətlə yanaşan, alim, müəllim, ziyalı adının ləyaqətini qoruyan, tələbələrimizin uğurlarına sevinən bir ali məktəb işçisi idi. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə ona Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

2008-ci ilin fevralında universitet Elmi Şurasının iclasında prorektor Fərhad Cəfərovun 60 illik yubileyi qeyd olunarkən universitetin sabiq rektoru Bünyat Sərdarov çıxışında maraqlı bir məsələyə toxundu. O dedi ki, mən universitetə rəhbərlik etdiyim illərdə ali məktəb həyatı ilə bağlı bir sıra məsələlərdə bu sahəni yaxşı bilən mütəxəssislərlə yanaşı, Fərhad müəllimlə də məsləhətləşərdim. O, ali məktəb işini, onun qayda-qanunlarını həqiqətən mükəmməl bilən bir təhsil işçisidir.

Bəli, Fərhad Cəfərov, doğrudan da vəzifə borcuna məsuliyyətlə yanaşan prorektor, cəfakeş müəllim, tələbələrin hami-tərbiyəçisi, yaxşı yoldaş, etibarlı dost, əsl ziyalı idi.

Deyirlər ki, həyatda alimliklə insanlıq heç də adama həmişə bərabər payda verilmir. Nadir hallarda eyni adamda alimliklə insanlıq tarazlıq təşkil edir. Bax, Fərhad Cəfərovu tanıyanlar da təsdiq edər ki, o, həm gözəl alim, həm də kamil bir insan idi.

İlk baxışdan sakit görünsə də özünəməxsus böyük ürəyi, sadəliyi, insanpərvərliyi vardı Fərhad müəllimin. Olduqca səmimi, qayğıkeş adam idi. Elə bir əlamətdar gün, bayram, toy, hüzr olmazdı ki, Fərhad müəllimi yanımızda görməyək. O, heç vaxt haqqı nahaqqa verməzdi. Yığıncaqlarda həmişə təhsilimizin qarşısında duran problemlərdən, elmi ictimaiyyətimizi düşündürən məsələlərdən danışardı. Vətəndaş mövqeyini qoruyan, sözünün yerini bilən adam idi.

2015-ci il dekabrın 11-də Fərhad Cəfərov gözlərini həyata əbədi yumsa da onunla bağlı ən xoş xatirələr iş yoldaşlarının, tələbələrinin, dostlarının, onu tanıyanların yaddaşında qaldı.


...İllər keçəcək, zaman ötəcək, universitetimizə yeni-yeni nəsillər qədəm qoyacaq. Ancaq universitetimizin adlı-sanlı müəllimləri xatırlananda bir ad da yada düşəcək: Fərhad Cəfərov! Tədris işləri üzrə prorektor, cəfakeş müəllim, tələbələrin yaxın dostu, nəcib insan!

- Ruhun şad olsun, Fərhad müəllim!



Elçin YUSİFZADƏ,
AzMİU-nun nəqliyyat fakültəsinin dekanı,


Akif HACIYEV,
Azərbaycan dili və pedaqogika kafedrasının dosenti

yuxarı ⤴