1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
2016-cı ilin təhsil xronikası
14.01.2017 / No1

 

 

 


Təhsil Nazirliyi 2016-cı ilin təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahat və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir.

• Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
• Respublika fənn olimpiadalarının birinci mərhələsində iştirak edən şagirdlərin sayı xeyli artıb və iştirakçıların sayı 27500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib, 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.
• Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilib. Məktəblilərimiz fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla 7 medal əldə ediblər.
• Paris Sorbon Universiteti-Əbu Dabidə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilib.
• “Sabahın alimləri” V Respublika müsabiqəsi keçirilib. 8 nominasiya üzrə seçilən qaliblər ABŞ-ın Arizona ştatının Finiks şəhərində təşkil olunan InteI ISEF - Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Azərbaycanlı məktəblilər - Nərmin Aydarova və Arzu Məmmədova fizika, materialşünaslıq kateqoriyası üzrə IV yerə, Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.
• Təhsil Nazirliyi tanınmış alimlərin iştirakı ilə “Novruz mühazirələri”ni reallaşdırıb. Mühazirələrdə elm və təhsilin müxtəlif sahələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
• 2016-cı ildə “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən dərslər tədris edilib.
• Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb.
• 2016-cı ildə bütün rayon, şəhər təhsil şöbə və idarələrinin saytları hazırlanaraq istifadəyə verilib. Bununla bağlı təhsil şöbələri tərəfindən müəyyən edilmiş şəxslərə saytın və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasına dair təlim keçirilib.
• Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbi fəaliyyətə başlayıb. Bu, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edir.
• Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edib. Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirmək olub.
• Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.
• Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
• Ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
• Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub.
• Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2016”da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstəriblər.
• Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.
• Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edib.
• Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə start verib. Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir.
• 2016-2017-ci tədris ilindən ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub.
• Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.
• Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
• Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və idman federasiyalarının iştirakı ilə geniş tərkibli iclas keçirilib. İclasda idman obyektləri və qurğularından idmanın inkişafı üçün daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı daha da gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarının ödənilməsi ilə bağlı qərarlar qəbul edilib.
• IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi keçirilib. Layihədə Bakı və Sumqayıt şəhərlərindəki təhsil müəssisələrinin şagird və tələbələri iştirak edib.
• 2016-cı ilin fevral ayından start götürən əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif, eləcə də yeni yaradılmış IX sinif dərslik layihələrinə dair ictimai rəy öyrənilib. Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və derslik@edu.gov.az elektron poçtu vasitəsilə qəbul edilib. Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrinə aiddir.
• 2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6623135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
• Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb.
• Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub.
• Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.
• Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. İlk kreditlər fondun meyarlarına cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.
• Honq Konqda keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc medala, 4 həvəsləndirici sertifikata layiq görülüb.
• Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. Elm yarışmasında hər il olduğu kimi, azərbaycanlı məktəblilər də iştirak edib. Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) yüksək uğura imza atıb.
• Yerli təhsili idarəetmə qurumlarında ictimaiyyətlə əlaqələrin tənzimlənməsi və yaxşılaşdırılması üçün 9 rayonun (Abşeron, Ağstafa, Şəmkir, Şabran, Samux, Qax, İmişli, Daşkəsən, Göygöl) təhsil şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxslər təyin olunub.
• “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi təşkil olunub. Layihəyə uyğun olaraq Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində məktəblilər üçün hər biri iki gün olmaqla yay məktəbləri keçirilib. Yay məktəblərində sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-ə yaxın şagird iştirak edib.
• Fransız-Azərbaycan Universitetində (UFAZ) tədrisə başlanılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.
• 700-dən çox tələbə arasından yüksək akademik göstəricilərə və müsahibə nəticələrinə əsasən seçilmiş 10 nəfər SABAH tələbəsi Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib.
• 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.
• Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə başlayıb.
• Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində transfer.edu.az elektron portalı yaradılıb. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.
• Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
• Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə bu ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb.
• Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.
• 9 nömrəli Bakı Peşə Liseyinin bazasında IT STEP Akademiyası yaradılıb.
• Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tələbələr üçün Şəki şəhərində təşkil olunmuş “Bir” Könüllülük Akademiyası uğurla başa çatıb. Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən seçilmiş 60 nəfər tələbə-könüllü akademiyada iştirak edib, yeni bilik və bacarıqlar qazanıb.
• Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib.
• “ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılıb.
• Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzi istifadəyə verilib.
• Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” adlı müsabiqə keçirilib.
• Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib.
• Milli Olimpiya Komitəsində (MOK) “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünə start verilib.
• Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. Minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş edib.
• Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
• Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi üzv qoşulmaqla bağlı müraciətinə ENQA-nın Direktorlar Şurası tərəfindən müsbət rəy verilib.
• “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib.
• 2016-cı ildə ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədə 35 min nəfər müəllim iştirak edib.
• “Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində qabaqcıl ümumi təhsil müəssisələri rəhbərlərinin tanıdılması davam etdirilib.
• “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsi 2016-cı ildə də davam etdirilib.

yuxarı ⤴