1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Ali təhsil müəssisələrində imtahanlar davam edir
14.01.2017 / No1

 

 

 


Azərbaycan Dövlət Pedaqoji Universitetində

Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirib. Monitorinqdə “Azərbaycan müəllimi” qəzetinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, universitetin kafedra müdirləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Monitorinqdə məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı məlumatlandırmaq olub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib.
Qeyd edib ki, Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrində ali və orta ixtisas təhsili müəssisələrində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahanlarda ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması və digər vəzifələr öz əksini tapıb.
ADPU-da “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” əmr imzalanıb. Həmin əmrə əsasən imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətləri araşdırmaq məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin vəzifələri müəyyən edilib. İmtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri vaxtında görülüb. Eyni zamanda digər müvafiq əmrlə universitetdə imtahan qərargahı yaradılıb. Qərargahın 458-17-94 nömrəli əlaqə telefonu bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib. İmtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, münaqişə komissiyalarının tərkibi müəyyən edilib. ADPU-nun filialları, həmçinin ADPU-nun nəzdində ADPK imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.
Qeyd olunub ki, I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə imtahan verir. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanların nəticələri ADPU-nun internet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edirlər. Bunlarla yanaşı, valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.
Sonra QHT və KİV nümayəndələri, təhsil ekspertləri imtahanların gedişini izləyiblər. Sonda Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, “Moderator.az” saytının baş redaktoru Zülfiqar Hüseynzadə və digərləri ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinə və imtahan sessiyalarına ictimai nəzarətin daha səmərəli təşkil edilməsi üçün öz fikir və təkliflərini səsləndiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Sumqayıt Dövlət Universitetində

Sumqayıt Dövlət Universitetində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Təhsil Nazirliyinin və SDU-nun rektorunun müvafiq əmrlərinə uyğun təşkil edilib. Yanvarın 5-də universitetin rektoru, professor Elxan Hüseynov, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Tədris Metodik Mərkəzin direktoru, dosent İsabal Qurbanov və fakültə dekanları mühəndislik, tarix və coğrafiya, iqtisadiyyat və idarəetmə, filologiya fakültələrinin I-II kurslarında keçirilən imtahan prosesini izləyiblər.
Universitetdə imtahanların şəffaf keçirilməsi məqsədi ilə bütün imkanların yaradıldığını nəzərə çatdıran rektor tələbələrə uğurlar arzulayıb. Bildirib ki, imtahan sessiyası dövründə tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması, yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Bu məqsədlə universitetin əsas binasında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular asılıb. Artıq qiyabi şöbələr üzrə imtahanlar yekunlaşıb, əyani şöbədə isə davam edir. İmtahandan aldığı qiymətlərdən narazı qalan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına müraciət edə bilərlər.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb.
Tələbələr də öz növbəsində imtahanların yüksək səviyyədə, obyektiv keçirildiyi üçün universitetin rektoru, professor Elxan Hüseynova təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, fevralın 2-də başa çatacaq sessiyada imtahanlar, bir qayda olaraq, monitorinq formasında aparılacaq.

Mətbuat xidməti

Gəncə Dövlət Universitetində

Yanvarın 10-da Gəncə Dövlət Universitetində imtahanların gedişi ilə tanış olmaq üçün növbəti “Açıq qapı” günü keçirilib. İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan tələbələrin valideynləri GDU-da olublar. Onlar humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, rektorun baş müşaviri, dosent Asif Cavadovun və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, övladlarının imtahan vermələrini müşahidə ediblər.
Valideynlər tələbələrin şikayətlərini, suallardan narazılıqlarını araşdırmaq üçün yaradılmış apelyasiya komissiyasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədinə xidmət edən “İmtahan qərargahı”nın fəaliyyəti ilə də tanış olublar.
“Açıq qapı” günündə 30-a yaxın valideyn iştirak edib. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlərdən Vidadi Mehdiyev, Vaqif Süleymanov, Osman İsgəndərov, Elmir Əliyev, Namiq Pənahov, Ətrabə Məmmədova, Sədaqət Abbasova, Sabirə Bayramova və başqaları imtahanın təşkilindən razı qaldıqlarını diqqətə çatdırıblar. Universitetdə təhsil alan övladlarının biliklərinin obyektiv, şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə rektor, professor Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti

Azərbaycan Memarlıq və İnşaat Universitetində

Azərbaycan Memarlıq və İnşaat Universitetində cari tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Təhsil nazirinin müvafiq əmrinin universitetin bütün strukturlarında, o cümlədən İnşaat kollecində elan və icrası üçün rəhbər tutulması, eyni zamanda imtahan sessiyasının keçirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmrlər imzalayıb. Əmrə əsasən, imtahan sessiyası yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirilir. Yazılı imtahan işlərinin şifrələnməsi, qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət işləri üzrə rektorun əmriylə universitetin əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət Qərargah yaradılıb. Rektorun özünün sədrliyi ilə yaradılmış münaqişə komissiyasında imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.
Eyni zamanda imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılıb.
Məlumat üçün qeyd edək ki, AzMİU-da imtahanlar insan amili olmadan kompüterlərdə test üsulu ilə aparılır. Bu məqsədlə 2 zal ayrılıb, 170 kompüter tələbələrin ixtiyarına verilib. Gün ərzində 1500-ə yaxın tələbənin imtahan verməsi mümkündür. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.
Universitetin SABAH qruplarının imtahanına yanvarın 6-dan start verilib.

Mətbuat xidməti

Azərbaycan Texniki Universitetində

Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələri iştirak edib.
Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: “Bu ildən başlayaraq I kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlər yazılı imtahan verirdi”. Rektor əvəzi qeyd edib ki, universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.
Xalıq Yahudov diqqətə çatdırıb ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: “Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir”.
İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri “Açıq qapı” günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.
Tur zamanı universitetin İnnovativ Təhsil və İKT departamenti ilə də tanışlıq olub. Tur iştirakçıları burada aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıb.
Mediaturdan sonra universitetin İctimai Şurasının iclası keçirilib. İclasda şuranın sədri və katibi müəyyənləşdirilib. Sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.
Sonda qərara alınıb ki, mütəmadi olaraq Şuranın iclasları keçirilsin və universitet Elmi Şurasında İctimai Şuranın üzvlərinin iştirakı təmin olunsun.

Mətbuat xidməti

Lənkəran Dövlət Universitetində

Lənkəran Dövlət Universitetinin əyani və qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV, magistratura səviyyəsinin isə I-II tədris ili qruplarında 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanmışdır.
İlk imtahanda 11 ixtisas üzrə 493 tələbə iştirak etmişdir. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri görmək məqsədilə universitet üzrə əmr verilmiş, universitet rektorunun vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimovun rəhbərliyi ilə operativ qərargah yaradılmışdır.
Bütün ixtisas qruplarında olan imtahanlarda tələbələrin yazılı cavabları müvafiq komissiyalar tərəfindən kodlaşdırıldıqdan sonra fənn müəllimləri tərəfindən yoxlanılır və qiymətləndirilir. Sessiyanın gedişində imtahanlarda yaranan narazılıqlar və şikayətlər apelyasiya komissiyalarında baxılır.
İmtahanların gedişi kafedra iclaslarında və fakültə elmi şurasında, rektorluq yanında müzakirə olunur.
Sessiya dövründə universitet Elmi kitabxanası uzadılmış iş rejiminə keçmişdir. İstirahət günlərində də kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılmışdır.
İmtahanların yanvarın 31-dək başa çatdırılması nəzərdə tutulmuşdur. Həmin dövrədək imtahanlarda 21 ixtisas üzrə 2588 tələbə iştirak edəcək.

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat xidmətinin rəhbəri
yuxarı ⤴