1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Azərbaycan müəllimi” qəzetinin əməkdaşları UNEC-də imtahan sessiyasının gedişini izləyiblər
14.01.2017 / No1

 

 

 


Yanvarın 11-də “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru və bir qrup əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və onun nəzdindəki Maliyyə-İqtisad Kollecində cari tədris ilinin payız semestrinin imtahan sessiyasında iştirak ediblər.
Öncə qəzetin əməkdaşları imtahan sessiyasının obyektiv və şəffaf təşkilini təmin etmək məqsədilə yaradılan “İmtahan qərargahı”na baş çəkərək onun iş prinsipi ilə yaxından tanış olub, “Qaynar xətt” xidmətinin fəaliyyəti ilə maraqlanıblar. İmtahanların obyektiv və şəffaf keçirilməsi üçün bütün tədris binalarında yaradılan şəraitlə tanış olan, tələbələrlə söhbətləşən jurnalistlər onlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Sonra jurnalistlər imtahan sessiyasının təşkili ilə bağlı geniş məlumatlandırılıb. Bildirilib ki, ötən il dekabrın 29-da start götürən sessiyada yazılı və test üsulu ilə keçirilən imtahanlarda ümumilikdə 12086 tələbə iştirak edir. Onlardan 2986 nəfəri I, 2839-u II, 2878-i III, 3126-sı IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir. İlk dəfə olaraq UNEC-in Zaqatala və Dərbənd filialları, eyni zamanda universitetin nəzdində Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçirilir. İmtahan sessiyası üçün 598 fəndən test tapşırıqları hazırlanıb. İmtahanda cavablandırması üçün hər tələbəyə 50 sual təqdim olunur. İmtahanların keçirilməsi üçün ali təhsil müəssisəsinin üç tədris korpusunda 5 zal hazırlanıb və vahid şəbəkəyə birləşdirilmiş 430 kompüter quraşdırılıb. Gün ərzində 7 növbədə 3010 tələbə imtahan verir.
Verilən geniş məlumatdan sonra media nümayəndələri UNEC-in prorektorları Şahin Bayramov və Şaiq Əsgərov, iqtisadiyyat fakültəsinin dekanı Asiman Quliyevin, imtahanlara cavabdeh digər şəxslərin müşayiəti ilə imtahan prosesini müşahidə ediblər. İqtisadiyyat fakültəsinin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrinin imtahanında iştirak edən jurnalistlərin diqqətini çəkən ən müsbət nüanslardan biri bu gənclərin kifayət qədər hazırlıqlı olmaları və kompüterin imkanlarından asanlıqla istifadə edərək sualları dərhal cavablandırmaları idi. Verilən cavabın nə dərəcədə düzgün olması isə kompüterin monitorunda əks olunurdu ki, bu da tələbənin məsuliyyətini, eyni zamanda onun fənlə bağlı hazırlıq səviyyəsini göstərirdi.
Daha sonra texnologiya və dizayn fakültəsində təhsil alanların dizayn ixtisasından yazılı imtahanını izləyən KİV nümayəndələri UNEC tələbələrinin istedad və bacarıqlarının bir arada cəmlənməsini xüsusi vurğulayıblar. İmtahan öncəsi tələbələrlə fikir mübadiləsi aparan “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə onların hazırlıq səviyyəsinin yüksək olduğunu bildirib. UNEC-də istər imtahan sessiyasına hazırlıq işlərinin təşkilinin, istərsə də imtahan prosesinin olduqca şəffaf və obyektiv keçirilməsinin bir daha əyani şahidi olduqlarını deyən baş redaktor bunu yüksək qiymətləndirib, ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun universitetin müsbət imicinin formalaşmasındakı rolunu xüsusi qeyd edib.
Daha sonra qəzetin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecində olublar. Orta ixtisas təhsili müəssisəsinin dərs otaqları və kitabxanası, iclas zalı ilə, müəllimlər üçün yaradılan şəraitlə tanış olan jurnalistlər kollecin direktoru Həmzə Ziyadov, UNEC-in rektorunun innovasiya və strateji inkişaf məsələləri üzrə məsləhətçisi Nuru Mikayılov, kollecin direktor müavini Oruc Məmmədovun iştirakı ilə imtahan sessiyasının gedişini də izləyiblər. Kollecin direktoru bildirib ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə burada imtahanlar ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilir.
Jurnalistlər daha sonra Apelyasiya, İşçi-nəzarət komissiyalarının və “İmtahan qərargahı”nın fəaliyyəti ilə də yaxından maraqlanıblar. Baş redaktor B.Hüseynzadə müraciətlərin operativ araşdırılaraq, tələbə məmnuniyyətinin təmin edilməsini müsbət hal kimi dəyərləndirib. Maliyyə-İqtisad Kollecində UNEC-in kiçik modelini müşahidə etdiklərini söyləyərək kollecdə də eyni ilə UNEC-də olduğu kimi, tələbə mərkəzli tədris prosesinin həyata keçirildiyini xüsusi vurğulayıb.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴