1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ATU ilə UNEC arasında əməkdaşlıq əlaqələri genişləndirilir
14.01.2017 / No1

 

 


Bir müddət əvvəl Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən iki ali təhsil müəssisəsinin müxtəlif istiqamətlərdə əlaqələri genişləndirilir. Bu qəbildən olan tədbirlər çərçivəsində UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun ATU-nun professor-müəllim heyəti ilə görüşü keçirilib. “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” mövzusunda çıxış edən qonağın səsləndirdiyi mülahizələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çıxışına universitet sisteminin tarixi inkişafı haqqında məlumat verməklə başlayan professor Zahid Məmmədov klassik və çağdaş ali təhsil ocaqlarının elm və təhsilə yanaşmasında ortaya çıxan əsas prinsip fərqlərindən danışıb. O qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biri elmi-tədqiqat istiqamətinə geniş yer verməkdir. Çünki məhz bu halda universitetlərdə tədris və elmi-tədqiqat fəaliyyətinin inteqrasiyası, tədqiqat mədəniyyətinin inkişafı, milli elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsi və əldə edilən uğurların beynəlxalq ictimaiyyətə tanıdılması mümkün olur.
Azərbaycanlı tədqiqatçı alimlərin məqalələrinin beynəlxalq elmi nəşrlərdə dərc edilməsinin əhəmiyyəti haqqında da danışan Zahid Məmmədov bu sahə üzrə ən nüfuzlu mənbələrlə iş qurmağın yolu və faydaları haqqında fikirlərini bölüşüb.
Professor Zahid Məmmədov daha sonra UNEC-də professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsində tətbiqinə başlanan diferensial hesablama sistemi haqqında məlumat verib, yeni üsulun effektivliyini və digər universitetlərdə də tətbiqinin faydalı olacağını diqqətə çatdırıb. Səsləndirilən mülahizələr ətrafında qonaq məruzəçi və ATU-nun professor-müəllim heyətinin üzvləri arasında fikir mübadiləsi aparılıb.

Rasim ƏLİYEV,
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

yuxarı ⤴