1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Məktəb direktorları diaqnostik qiymətləndirmənin nəticələrinə necə yanaşır?
14.01.2017 / No1

 

 


46 bal toplayan müəllimə 9 saat, 26 bal toplayana isə 19 saat dərs yükü verilib

Son illər tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim səriştəliyinin artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən bir sıra təşəbbüslər irəli sürülür, layihələr həyata keçirilir. Atılan belə islahatyönümlü addımlardan biri də müəllimlərin diaqnostik qiymətləndirilməsidir. Nəzərə çatdıraq ki, prosesə ilk dəfə 2014-cü ildə Bakı şəhərində başlanılıb və hazırda mərhələli olaraq regionlarda davam etdirilir. Diaqnostik qiymətləndirmənin keçirilməsində bir sıra məqsədlər var ki, bunlardan biri də diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasıdır. Optimallaşmanın tələbinə görə məktəb rəhbərləri dərs bölgüsü zamanı həftəlik dərs yükünü fənn müəllimlərinin diaqnostik qiymətləndirmədə topladığı ballara uyğun olaraq müəyyən etməlidir. Bu məsələ qanunvericilikdə də xüsusi olaraq öz əksini tapıb. Belə ki, 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda qeyd olunur ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır. Bəs, görəsən mövcud vəziyyət necədir? Qaydalarda qeyd olunduğu kimi, diaqnostik qiymətləndirmənin nəticələri dərs bölgüsü zamanı nəzərə alınırmı? Suallarımıza cavab tapmaq və məsələni yerindəcə araşdırmaq məqsədilə paytaxtın bir sıra orta ümumitəhsil müəssisələrində olduq.
Öncə Nərimanov rayonu ərazisində yerləşən 193 nömrəli tam orta məktəbə baş çəkdik. Araşdırmalarımızdan məlum oldu ki, məktəbin kimya müəllimi Rəna Hüseynova qiymətləndirmədə kifayət qədər yüksək - 52 bal toplamasına baxmayaraq cəmi 6 saat dərs yükü ilə təmin olunub. Onun həmkarı, qiymətləndirmədə 33 bal toplamış Kəmalə Süleymanovanın isə 17 saat dərs yükü var. Bundan başqa, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhəmməd Babayev də bu tədris ocağı üzrə ən yüksək nəticə göstərənlərdəndir. O, 52 bal toplayıb. Lakin onun həftəlik dərs yükü isə nədənsə cəmi 5 saatdır. Halbuki eyni fənni tədris edən və 44 bal toplayan Xanım İsgəndərova M.Babayevdən 3 dəfə çox, yəni - 16 saat dərs yükü ilə təmin olunub. Tarix müəllimlərinin dərs yükü və qiymətləndirmədəki nəticələri ilə tanış olanda da eyni halla rastlaşdıq. Məlum oldu ki, 48 bal toplayan Vahid Nağıyevin 6 saat, 32 bal toplayan Natalya Yakovenkonun isə 16 saat dərs yükü var.
Paytaxtın Sabunçu rayonunda yerləşən 72 nömrəli məktəb-liseydə olarkən də oxşar mənzərə ilə qarşılaşdıq. Məsələn, coğrafiya müəllimi Eldəniz Quliyev diaqnostik qiymətləndirmədə 46 bal toplayıb və hazırda həftəlik dərs yükü 9 saatdır. 26 bal toplayan digər coğrafiya müəllimi Zərifə Rüstəmovaya isə 19 saat dərs yükü verilib. Üstəlik, Zərifə Rüstəmova 10 saat da fakültətiv məşğələ aparır. Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dərs bölgüsündə də ədalət prinsipi, deməli, həm də optimallaşdırmanın tələbləri pozulub. Belə ki, qiymətləndirmədə 53 bal toplayan Gəncəvi Veysəlov 11 saat, ondan 13 bal az, yəni 40 bal toplayan Solmaz Cəfərova isə 20 saat dərs yükü ilə təmin olunub.
Fərqli mənzərə görmək ümidi ilə üzümüzü Xətai rayonunda yerləşən 249 nömrəli tam orta məktəbə tutduq. Məktəb rəhbərliyinə gəlişimizin səbəbin dedikdən sonra mövzu ilə bağlı araşdırmamıza başladıq. İngilis dili müəllimlərinin dərs saatlarına baxarkən məlum oldu ki, diaqnostik qiymətləndirmədə 51 bal nəticə göstərmiş Lalə Yusifkənan 9 saat dərs yükü ilə təmin olunduğu halda ondan iki dəfə az - 25 bal toplamış İlhamə Əliyevanın həftəlik dərs yükü isə 13 saatdır. Məktəbdə digər fənn müəllimlərinə münasibətdə də optimallaşmanın düzgün aparılmadığının şahidi olduq. Məsələn, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Dayıyeva qiymətləndirmədə cəmi 8 bal toplayıb və həftəlik dərs yükü 16 saatdır. Eyni fənni tədris edən Sabirə Əliyevanın isə 53 bal toplamasına baxmayaraq dərs yükü həmkarınınkından az - 12 saatdır.
Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbdə də mövzu ətrafında araşdırma apardıq. Nəzərə çatdıraq ki, burada da vəziyyət ürəkaçan deyildi. Məsələn, ingilis dili müəllimi Vəfa Əsilbəyova qiymətləndirmədə cəmi 11 bal toplayıb. Həftəlik dərs yükü isə 10 saatdır. Lakin 39 bal toplayan Vüsalə Hacıyevanın dərs yükü 6 saatdır. Məktəbdə digər fənn müəllimlərinin arasında aparılan dərs saatları bölgüsü də düz deyil. Məsələn, riyaziyyat müəllimlərindən 52 bal toplamış Yaqut Musayeva 10 saat dərs deyirsə, 48 bal toplayan Ofelya Məmmədova ondan iki dəfə çox-20 saat dərslə təmin olunub.
Nizami rayonu ərazisində yerləşən 214 nömrəli tam orta məktəbə də yollandıq. Məktəbin direktoru və onun tədris işləri üzrə müavini ilə mövzu ilə bağlı araşdırma apardıq. Öncə Azərbaycan dili dərslərini tədris edən müəllimlərin dərs yüklərini və diaqnostik qiymətləndirmədə topladıqları balları müqayisə etdik. Gördük ki, 15 bal toplayan Vüsalə Mirhəsənova 22 saatla təmin olunduğu halda, V.Mirhəsənovadan daha çox-27 bal toplayan Leyli Teymurovaya cəmi 8 saat dərs yükü verilib. Tarix müəllimlərinin müqayisəsi də adıçəkilən qaydalara məktəbdə məhəl qoyulmadığını təsdiq etdi. Belə ki, məktəbin tarix müəllimi İrina Vaçinadze 56 bal topladığı halda 13 saatla təmin olunmuşdursa, onun ixtisas həmkarı Səadət Abıyeva 21 ballıq nəticə ilə 15 saat dərs yükünə sahibdir.
Araşdırmalarımızdan məlum oldu ki, məktəb direktorları dərs bölgüsü zamanı qaydalara əməl etmirlər. Onlar demək olar ki, diaqnostik qiymətləndirmənin nəticələrini nəzərə almırlar. Dərs bölgüsünü öz prinsipləri əsasında, maraqlarına uyğun olaraq bölürlər. Nəzərə çatdıraq ki, analoji hal təkcə adlarını çəkdiyimiz və araşdırdığımız məktəblərdə deyil, demək olar ki, əksər məktəblərdə eynidir.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴