1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Paytaxt təhsilində yeniliklər
14.01.2017 / No1

 

 

 


Bakıda ilin ilk qəbulu keçirilib

Yanvarın 6-da Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 49 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin işıqlandırma sisteminin gücləndirilməsi, müəllimlərin yerdəyişməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Məktəb psixoloqları üçün təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə start verilib.
Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir.
Layihə çərçivəsində ilk olaraq ümumi təhsil məktəblərinə “Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib. Sorğuda 241 nəfər məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub. Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, 1 internat və 1 məcburi köçkün məktəbinin psixoloqları iştirak edib.
Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.
Qeyd edək ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevral ayına qədər davam etməsi nəzərdə tutulub.

“Ekoloji aylıqlar” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsinə start verilib. Layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Layihə çərçivəsində hər təqvim ayı məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunacaq. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırma aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aylıq mövzunun reallaşdırılmasında təhsil müəssisələrinə sərbəstlik verilib. Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Ayın mədəniyyət və tarix məktəbi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”, “Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcəkdir.
Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ekoloji aylıqlar” layihəsidir.

Dil təkmilləşdirmə təlimləri başlayıb

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində dil təkmilləşdirmə təlimlərinə start verilib. Dil təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.
“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən 12 inzibati rayon üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.
Qeyd edək ki, dil təkmilləşdirmə təlimini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb olunacaqlar.

www.baku.edu.gov.az
yuxarı ⤴