1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elm xəbərləri
14.01.2017 / No1

 
 

 

 

 


Yanğınsöndürənləri tapmağa kömək edəcək çanta

NASA təşkilatının yanğınsöndürənlər və xilasedicilər üçün hazırladığı elektromaqnit treker onları uçqun, mağara və başqa əlçatmaz yerlərdə tapmağa kömək edəcək. www.naked-science.ru saytının məlumatında bildirilir ki, texnologiyaların yanğınsöndürmə və başqa xilasetmə xidmətləri üçün insan həyatını xilas etməkdə yardım etməsinə baxmayaraq, bir problem mövcuddur. Mürəkkəb struktura malik yerlərdə xilasetmə xidmətinin üzvünün olduğu yeri necə müəyyənləşdirmək olar? NASA mühəndislərinin bu problemin həlli üçün hazırladığı yeni qurğu yanğınsöndürənlərə və xilasedicilərə ən çətin vəziyyətlərdə kömək edəcək.
“POINTER” adlı qurğu kvazistatik elektromaqnit sahələr generatorudur, halbuki bu sahədə aparılan araşdırmaların əksəriyyəti radiodalğalardan istifadəyə əsaslanır. Kvazistatik sahələr bir sıra üstünlüklərə malikdir və obyektləri ən mürəkkəb yerlərdə axtarmağa imkan verir. Bundan başqa, belə sahələr obyektlərin məkanda oriyentasiyasını müəyyənləşdirməyə kömək edəcək ki, bu da insanın vəziyyətindən xəbərdar olmağa imkan yaradacaq. İstehsalçılar yeni texnologiyanın ABŞ Daxili Təhlükəsizlik Departamentində uğurlu təqdimatından sonra çanta boyda olan qurğunu təkmilləşdirməyi və ölçüsünü kiçiltməyi planlaşdırırlar. Qeyd edək ki, texnologiyanın müəllifləri onun başqa sferalarda da, məsələn mağara və tunellərdə robot, pilotsuz təyyarə və digər obyektlərin izlənilməsində istifadə edilə biləcəyini qeyd edirlər.


Robot-fermer daha 2 funksiya da daşıyacaq

Kənd təsərrüfatının avtomatlaşdırması üçün nəzərdə tutulmuş sistemlər bu gün bir çox ölkələrdə istifadə olunur. ABŞ-ın “FarmBot Inc” şirkəti bir müddət öncə eyniadlı robot-fermerin istehsalı üçün vəsait toplanmasını elan etmişdir.
www.naked-science.ru  saytının məlumatında bildirilir ki, cari ilin aprelində Yaponiyada hər bir fermer təqaüdə çıxdığı zaman onların robotlarla əvəz olunmasını nəzərdə tutan proqram təqdim olunub. Bu məqsədlə ölkədə 20 yeni aparat növünün yaradılması planlaşdırılır.
“Tertill” adlı yeni robot günəş batareyası, akkumulyator, trimmer və yaxınlaşdırma tənzimləyicilərindən ibarət dördtəkərli qurğudur. Alaq otu aşkar edildiyi zaman robot trimmeri işə salır və onu kəsir, qurğu qarşısına çıxan istənilən bitkini alaq otu “hesab edir”. Mütəxəssislərin sözlərinə görə, Tertill-in istehsalı zamanı o, 2 əlavə funksiya da daşıyacaq. Qurğu sahibinin smartfonuna torpaq və əkinin vəziyyəti haqqında məlumatları ötürə biləcək.
Qeyd edək ki, ixtiraçı yeni robotun istehsalı üçün “Franklin Robotics” şirkətinin əsasını qoymuşdur. O, əvvəllər “iRobot” ilə əməkdaşlıq edirdi və Roomba robot-tozsoranını da bu şirkətdə hazırlamışdı.


“WhatsApp”da mesajları redaktə etmək mümkün olacaq

“WhatsApp” istifadəçilərinin əksəriyyəti mesajları tələsik göndərdikdə avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşür. Bəzi messencerlərdə göndərilmiş mesajları silmək mümkün olsa da, bu, böyük tutumlu məlumatlar olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.
www.4pda.ru  saytının məlumatına görə, tezliklə “WhatsApp” messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq. Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Əvvəllər “WhatsApp”da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi. Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər. Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, “WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara “Facebook” sosial şəbəkəsinə satılıb.


10 nanometrlik server prosessoru təqdim edilib

“Qualcomm Datacenter Technologies” şirkəti dünyada ilk 10 nanometrlik server prosessorunu təqdim edib. “Qualcomm Centriq 2400” seriyasının çipsetlərində “FinFET” texnologiyası üzrə 10 nm-lik texnoloji prosesin tətbiqi ilə yaradılmış 48 xüsusi “ARMv8” nüvəsindən istifadə olunub. Bu, məlumatların işlənməsi mərkəzlərində ən geniş yayılmış məsələlərin optimal həlli üçün yüksək məhsuldarlığı və enerji səmərəliyini təmin edir.
www.4pda.ru saytının məlumatına görə, Centriq 2400 seriyasının prosessorları məhsuldar, enerji səmərəli “ARM” serverlər konsepsiyasını reallaşdırmağa imkan verəcək. Ən yeni smartfonlar üçün aşağı enerji sərfiyyatında yüksək məhsuldarlığı təmin edən qabaqcıl inteqral sxem texnologiyaları “Qualcomm” şirkətinin diqqət mərkəzindədir: “Biz mobil qurğular üçün ilk 10 nm-lik prosessor istehsal etmişik və “ARM” prosessorları və birkristallı sistemlərin planlaşdırılmasında öz təcrübəmizdən istifadə edərək indi “Qualcomm Centriq” server prosessorlar xətti ilə məlumatların işlənməsi mərkəzləri üçün ən qabaqcıl həlləri təqdim etməyi planlaşdırırıq”, - deyə “Qualcomm Datacenter Technologies”in baş meneceri və baş vitse-prezidenti Anand Çandrasekxer bildirib.
 


Kainatın erkən dövrlərinin modeli 3D-printerdə çap olunub

ABŞ-ın Bruklin ştatında yerləşən laboratoriyada kainat yarandıqdan təxminən 380 min il sonrakı vəziyyətinin 3D-printer vasitəsilə modeli hazırlanıb.
www.naked-science.ru  saytının məlumatına görə, Nyu-Yorkun Barnard Kollecinin professoru Cenna Levinin rəhbərlik etdiyi qrup Londonun İmperial Kollecindən olan ekspertlər ilə birgə kainatın “yaradılması” üçün hazırladıqları alqoritmdən istifadə ediblər.
“Kosmik heykəl” adlı xüsusi kompüter proqramı “Plank” orbital rəsədxanasında keçirilmiş kosmik mikrodalğalı fon şüasının ölçülərinin köməyilə yaradılmış xəritəyə əsasən hazırlanmışdır.
3D-printerdə çap edilmiş erkən kainatın modeli softbol oyunu üçün olan top ölçüsündə kürəyə bənzəyir. Onun səthində daha isti ərazilər - Böyük partlayışın izləri parlaq rənglərlə qeyd edilib, digər səthlər isə açıq-mavi çalarına malikdir.
 


Dünyada ən kiçik radio hazırlanıb

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu hazırlayıblar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir.
www.4pda.ru  saytının məlumatına görə, dünyanın ən kiçik radiosu almaz kristallarında aşkar edilmiş nasazlıqlar sayəsində yaradılıb. Bu kristalların ətrafındakı maqnit müxtəlif stansiyaların tezliyinin sazlanması üçün istifadə olunur. Sınaqlar zamanı sözügedən radionun 350 selsi dərəcə temperaturda musiqi səsləndirmək qabiliyyətinə malik olduğu müəyyən olunub. “Bu radio kosmosda, hətta insanın bədənində işləyə bilər” - layihənin aparıcı mühəndisi Marko Lonkar deyib.

www.ikt.az  saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴