1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Birinci tədris ilini yüksək qiymətlərlə bitirmişəm”
14.01.2017 / No1

 

 

 


Avstraliya Milli Universitetinin tələbəsi İlkin Əliyevlə söhbət

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”

İlkin Əliyev 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 26 nömrəli tam orta məktəbdə oxuyub. 2010- 2015-ci illərdə Qafqaz Universitetində beynəlxalq münasibətlər (ingilis dilində) ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə magistr təhsili alır. Azərbaycanlı gənc həm də Avstraliyada elmi jurnalın baş redaktoru seçilib. Qeyd edək ki, İlkin Əliyev Dövlət Proqramı çərçivəsində antropologiya ixtisası üzrə xaricdə təhsil alan ilk və yeganə azərbaycanlı tələbədir.

- Orta məktəb və universitet illərində əsas uğurlarınız nədən ibarət olub?
- Əgər həm orta məktəb, həm də universitet illərini ümumiləşdirsəm, deyə bilərəm ki, hər iki təhsil müddəti daha çox aktiv fəaliyyətlə yadda qalıb. Orta məktəbdə, əsasən sosial fənlərə daha çox diqqət ayırsam da, demək olar ki, bütün digər fənləri də eyni səviyyədə yaxşı oxumuşam. IX sinfi fərqlənmə şəhadətnaməsi, XI sinfi isə fərqlənmə attestatı ilə bitirdim. Ancaq mənim üçün həyatımın hər dövründə şəxsi inkişaf və sosial fəaliyyətlər də ən azı təhsil qədər əhəmiyyətli olub. Birincisi onu deyim ki, əldə etdiyim bütün uğurlara görə valideynlərimə borcluyam. Ali təhsillərinin olmamasına baxmayaraq, elə indinin özündə də mənim bir nömrəli məsləhətçim, motivatorumdu onlar.
Bir neçə ay əvvəl atam dünyasını dəyişib, buna baxmayaraq, yenə tam motivasiya ilə təhsilə və yeni uğurlara davam edirəm. Çünki təhsil həm onlar, həm də mənim üçün həmişə əvəzsiz olub və birinci yerdədir. Başlanğıcını valideynlərimdən götürən güc elə orta məktəbdən özünü müxtəlif uğurlarla göstərdi. Müxtəlif elm və fənn olimpiadaları, inşa müsabiqələri üzrə şəhər və respublika qalibi olmuşam. Eyni zamanda yeniyetmə və gənclərlə bağlı çoxsaylı respublika və beynəlxalq tədbirlərin aparıcısı olmağım da sosiallaşmağım və özünə inamımın artması baxımından mənim üçün əhəmiyyətlidir. Bütün bunlar bakalavr təhsili illərində yeni uğurlarla əvəzləndi. Postsovet ölkələri və ümumiyyətlə, Avropa və Asiya regionunda, müxtəlif xarici ölkələrin qurumları və fərqli beynəlxalq təşkilatlardan qazandığım təqaüdlər hesabına 10-dan çox ölkədə müxtəlif beynəlxalq tədbirlər - sammit və elmi konfransların, təcrübə və mübadilə proqramlarının iştirakçısı oldum. Müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkilində ölkə təmsilçisi və ya təşkilatçı kimi yer aldım. Araşdırma, təcrübə, staj və mübadilə proqramları çərçivəsində Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində, Türkiyə Orta Şərq Araşdırmaları Mərkəzində (Ankara, Türkiyə) çalışdım. Və bütün bunlarla bərabər, təbii ki, təhsil yenə də birinci yerdə olduğu üçün bakalavr təhsilimi də yüksək qiymətlərlə bitirdim.
- Antropologiya bir qədər fərqli sahədir. İxtisasınıza olan maraq nə vaxtdan yarandı?
- “Antropologiya nədir” sualına cavab olaraq bir çox alimlərin verdiyi tərifləri sadalamaq olar. Ancaq daha lakonik və anlaşıqlı olanı və mənim də ən çox xoşuma gələn tərif belədir: “Antropologiya bütün zamanlarda və bütün yerlərdə insan varlığının öyrənilməsidir”. Yəqin elə bu tərif antropologiyanın nə qədər geniş və çoxsahəli bir elm olduğunu göstərməyə kifayət edir. Siyasi, iqtisadi, ailə, cəmiyyət strukturları və digər əlaqədar mövzuları araşdıran sosial antropologiya, mədəni antropologiya, primatlar, insan inkişafı, genetikanı araşdıran tibbi antropologiya, arxeologiya, linqvistika və bunlarla əlaqəli çox fərqli alt fənlərdir. Yəni, antropologiya özü elə həyat deməkdir. Bir də, hər birimizin həyata fərqli baxış paradiqması (pəncərəsi) var, antropologiya isə həmin fərqli pəncərələri bir araya gətirir və mənzərəni tam görməyimiz üçün kömək edir. Elə uşaqlıqdan özümüzü və ətrafımızı, hadisə və səbəbləri özlüyümüzdə kəşf eləməyə çalışırıq. Demək istəyirəm ki, bu sahə ilə məşğul olan elmin adını bilmədən əslində həyat boyu hamımız elə antropologiyanı öyrənirik. Antropologiya adlı elm sahəsinin olmasını isə mən çoxdan bilirdim və bu ixtisasın ilk dəfə Dövlət Proqramında prioritet elan olunması ilə də seçimim qətiləşdi.
- Dövlət Proqramına qəbul olunmanız xəbərini ailəniz necə qarşıladı?
- Təbii olaraq həm mən, həm də ailəm xəbəri böyük sevinclə qarşıladıq. Azərbaycanda potensiallı gənclər olduqca çoxdur, ancaq xaricdə yaşayış, təhsil xərcləri və digər maliyyə çətinlikləri gənclərin xarici ölkələrdə olan imkanlardan tam yararlanmasına çətinliklər yaradır. Dövlət Proqramı isə bu çətinlikləri aradan qaldırmaq üçün potensial gənclərə əvəzsiz imkanlar verir. Mənim kimi Dövlət Proqramı təqaüdü ilə təhsil alan gənclər də maliyyə çətinlikləri, əlavə günlük iş axtarmaq kimi problemləri fikirləşmək əvəzinə, təhsilə, staj və araşdırma proqramlarına daha çox vaxt ayırır. Bu isə bizim üçün yeni imkanlar və uğur deməkdir. Təhsil Nazirliyi tərəfindən nəşr edilən, tələbələrin uğurlarını əks etdirən rüblük icmalı müntəzəm izləyirəm. Avstraliyada təhsil aldığım üçün digər azərbaycanlı tələbələrin orada qazandığı uğurlar haqqında daha çox məlumatım var. Rüblük icmalın bir buraxılışına baxmaq kifayət edər ki, Azərbaycan gəncinin uyğun imkanlar yaradıldığı halda nə qədər böyük potensialının olduğunu və Dövlət Proqramının da bu potensialın inkişafında olan rolunu başa düşək. Bu baxımdan da gənclərə göstərilən bu diqqət və qayğının tezliklə öz bəhrəsini verəcəyini, təhsil, iş və elmi araşdırma ilə bağlı beynəlxalq tələb və göstəricilərə cavab verən insan kapitalının formalaşmasında əhəmiyyətli ola biləcəyini düşünürəm.
- Ölkəmizdə təhsil və elmin inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Ali təhsil və elmi araşdırmanın beynəlmiləlləşdirilməsi baxımından, ölkəmizdə olan son irəliləyişlər və inkişaf diqqətəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Gənclər Fondu, Elmin İnkişafı Fondu innovativ biliklərin tətbiqi, elmi araşdırma layihələrinin həyata keçirilməsi və xarici ölkələrdə Azərbaycan vətəndaşlarının elmi ezamiyyə proqramlarında iştirakını təşviq edir və dəstək olur. Bütün bu proqramları təhsilə və elmə ayrılmış ən uğurlu investisiya kimi görürəm. Təhsilə, gəncliyə və elmə olan uğurlu investisiya modeli kimi, əlbəttə ki, bu proqramlar da özlüyündə qısa və uzun- müddətli müsbət nəticələrini göstərəcək.
- Tələbə həyatınız, asudə vaxtınız necə keçir?
- Asudə vaxtımı daha çox istirahətə həsr edirəm. Fikirləşirəm ki, istirahətə ayrılan vaxt da ən azı təhsilə ayrılan vaxt qədər vacibdir. Düşünürəm ki, bütün vaxtı təhsil və karyera yüksəlişinə ayıraraq keçirmək olmaz. İnsan sosiumun bir parçasıdır. Buna görə də, ailə, dostlar və karyera, təhsilə ayrılan vaxtımı balanslaşdırmaq mənim üçün olduqca əsasdır. Elə asudə vaxtlarımı da Avstraliya Milli Universitetində təhsil alan azərbaycanlı və xarici tələbələrlə keçirirəm, yeni, xüsusilə sənədli filmlərə baxıram. Bundan əlavə, tərcüməçi olaraq, arabir müxtəlif sənədlərin tərcüməsi ilə də məşğul oluram. Elə bu yaxınlarda Nizami Kino Mərkəzində tərcümə etdiyim kiçik bir sənədli filmin təqdimat mərasimi keçirildi. Ailəmə əlavə yük olmasın deyə, gördüyüm işlərin qarşılığında qazandığım məvacibləri də toplayıb, yenə də təhsilimə investisiya olaraq yatırıram. Belə ki, hazırda oxuduğum universitet təhsilindən əlavə, Oksford Universiteti Davamlı Təhsil Departamentindən də ixtisasımla əlaqəli uzunmüddətli kurs götürmüşəm.
- Yaşadığınız şəhər, oranın insanları barədə nə deyə bilərsiniz? Əcnəbi tələbələrə münasibət necədir?
- Avstraliya, ümumiyyətlə, Namibiya və Monqolustandan sonra dünyada 3-cü ən az əhali sıxlığı olan ölkədir. Hazırda yaşadığım və təhsil aldığım universitetin yerləşdiyi Kanberra şəhəri isə digər daha məşhur və böyük şəhərlərlə müqayisədə daha kiçikdir, əhali daha azdır. Avstraliyaya gəldiyim ilk ayda məni ən çox elə bu təəccübləndirmişdi. Təsəvvür edin ki, axşamüstü bayıra gəzməyə çıxırsan və küçədə, heç də Bakıda alışdığımız qədər çox adam yoxdur. Hətta miqrantların məskunlaşmasına görə paytaxt şəhər Kanberrada miqrant sayı əhalinin təqribən 26 % -ni təşkil etməklə sadəcə Hobartdan daha yuxarı yerdə dayanır, digər şəhərlərdən isə geridə qalır. Əhalinin bir hissəsini elə xaricdən gələn tələbələr təşkil edir, əsasən də Avstraliya Milli Universitetinin əcnəbi tələbələri son 15 ildə 5 dəfə artıb. Xarici tələbələrin cəlb olunması ilə təhsil sahəsi ölkə iqtisadiyyatına 20 milyard Avstraliya dolları xeyir verir və 3-cü yerdə dayanır. Qısası, dünyada əsas təhsil mərkəzlərindən biri olaraq əcnəbi tələbələrə qarşı formalaşmış təhsil mədəniyyətinə görə bizlərə qarşı olan münasibət də olduqca dostcasınadır.
- Niyə Avropanın yox, Avstraliyanın ali məktəbini seçdiniz? Bu ölkənin təhsil sisteminin üstünlükləri barədə nə deyə bilərsiniz?
- Avstraliya həmişə mənim üçün digər ölkələrdən daha fərqli olub. Xaricdə təhsil almaq qərarına gəldikdə isə əsasən Avstraliyada olan universitetləri dəyərləndirməyə və onlar arasında seçim etməyə üstünlük verdim. Müraciət etdiyim 3 universitetin 3-dən də qəbul aldım. Bunlardan ikisi Avstraliyanın Sidney və Avstraliya Milli universitetləri, digəri isə Şotlandiyada yerləşən Edinburq Universiteti idi. Avstraliya Milli Universiteti üzərində dayanmağıma səbəb isə bu ali məktəbin QS Dünya Universitetləri reytinqi sıralamasında sosial fənlər üzrə ilk 10-luqda, Avstraliya universitetləri arasında isə birinci yerdə olmasıdır. Dünyada əsas antropoloji tədqiqat mərkəzlərindən birinə sahib, dünya universitetləri reytinq sıralamasında isə antropologiya üzrə 7-ci sırada olması da bu sahədə aparılan elmi-tədqiqat işlərinin keyfiyyətindən xəbər verir. Eyni zamanda universitet ölkə miqyasında ən böyük tədqiqat qrantı alan ali məktəbdir. Elə 1946-cı ildə universitetin Avstraliya Milli Parlamenti tərəfindən yaradılmasına səbəb də ölkədə tədqiqat əsaslı universitetə ehtiyac duyulması olub. Məhz bütün qeyd etdiyim göstəricilər də bu ixtisası və universiteti seçməyimə köməklik göstərdi.
- Universitetdə imtahan sessiyası, mühazirələr necə təşkil olunur?
- Oxuduğum antropologiya ixtisası, kurs əsaslı olmasına baxmayaraq, dərsin qiymətləndirilməsi demək olar ki, tədqiqat əsaslı dərəcələrdə olduğu kimi ancaq məqalələr, araşdırma yazıları və bəzi ev tapşırıqları əsasında aparılır və buna görə də heç bir xüsusi formal imtahanda iştirak etmirəm. Birinci tədris ilini yüksək fərqlənmə qiymət göstəriciləri ilə bitirmişəm.
- İndoneziyada baş tutan tədqiqat səfərinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- Qoşulmuş olduğum elmi-tədqiqat proqramı Avstraliya hökumətinin İndoneziyaya göstərdiyi elmi-araşdırma yardımı çərçivəsində həyata keçirilmişdi. Ümumilikdə 4 aya yaxın davam edən proqram müddətində professor-tələbə heyətindən ibarət qrupla birgə İndoneziyanın Bali və Sumba adasında olduq. Tədqiqat müddətində yerli əhali arasında elmi-sosial sorğular təşkil etdik, bu sorğular əsasında insanların əsas problemlərinin sağlamlıq, yerli təhlükəsizlik, işıq və su ilə əlaqəli olduğunu müəyyənləşdirdik. Mövcud olan problemlər, iqtisadi çətinliklər professor-tələbə qrupu ilə birgə müəyyənləşdirilərək hesabat şəklində əlaqəli dövlət qurumlarına çatdırıldı. Proqramın sonunda tədqiqat işi müddətində topladığım məlumatlara, sorğulara əsasən elmi məqalə hazırladım (Su təchizatı, sanitariya və səhiyyənin təşviqi: Malinjak kəndi, Mərkəzi Sumba, İndoneziya).
- Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi təbliğ edə bilirsinizmi?
- Qeyd edim ki, Azərbaycan səfirliyi Kanberra şəhərində yerləşir və burada təhsil alan azərbaycanlı tələbələrin sayı az olduğuna görə təşkilatlanmaq o qədər də çətin deyil. Məsələn, ötən ilin aprel ayında baş verən məlum hadisələrlə bağlı digər həmyerlilərimizin yardımı və təşəbbüsü ilə Ermənistanın intensivləşən təxribatçı hərəkətlərinə qarşı Avstraliya Parlamentinin qarşısında etiraz aksiyası təşkil etdik. Eyni zamanda ermənilərin Azərbaycan səfirliyi önündə təşkil etdiyi etiraz aksiyasına cavab olaraq səfirliyin qarşısında dövlətimizə dəstəyimizi nümayiş etdirdik.
Bundan başqa, universitetimizdə keçirilən multikultural festivalda Azərbaycanı da təmsil etdik. Belə ki, festival iştirakçılarına mətbəximizin və Azərbaycan mədəniyyətinin nümunələri təqdim olundu. Ümid edirəm ki, bu fəaliyyəti növbəti illərdə də davam etdirəcəyik.
- Avstraliya Milli Universitetinin elmi jurnalına baş redaktor seçilmək təklifini necə qarşıladınız? Jurnalın fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Universitetin elmi jurnalının əsas redaksiya heyətinin müəyyən olunması üçün magistratura və doktorantura tələbələri arasında vakansiya elan olundu. Mən də müraciət etdim və ərizə müraciət formasının qiymətləndirilməsindən başqa müxtəlif göstəriciləri nəzərə alaraq əsas redaktor təyin olundum. “The Toad” Avstraliya Milli Universitetinin çoxsahəli akademik jurnalıdır. Jurnalın davamlı olaraq nəşr olunması nəzərdə tutulur. Müxtəlif cildlərdə nəşr ediləcək jurnal həm Avstraliya Milli Kitabxanasında, həm də Avstraliya Milli Universiteti Kitabxanasında saxlanılacaq. Ümumilikdə 180 səhifədən ibarət olacaq jurnalda magistr və doktorantların, eyni zamanda digər əlaqəli şəxslərin yalnız xüsusi tələblərə cavab verən çoxsahəli akademik məqalələri yer alacaq. Jurnalın gələcək saylarında müəyyən formada Azərbaycan gerçəklikləri və Qarabağ reallıqları haqqında elmi yazıların yerləşdirilməsinə də xüsusi önəm verəcəyəm.
- Gələcək planlarınız?
- Qarşıdakı əsas hədəfim sosial antropologiya ixtisası üzrə doktorantura təhsili almaqdır. Bununla bağlı hətta tədqiqat işi aparacağım ölkəni və dissertasiya mövzusunu da müəyyənləşdirmişəm.
Fürsətdən istifadə edərək göstərdiyiniz diqqətə görə “Azərbaycan müəllimi” qəzetinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
 

yuxarı ⤴