1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Milli təhsil tariximizdə izi qalan tədris ocaqları
14.01.2017 / No1

 

 

 


Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında

Məşhur rus pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında yaradılmış Qori və İrəvan seminariyalarının, çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olmuşdur. Bu seminariyaları bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmiş, xalq kütlələri arasında savad yayaraq onları cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışmışlar. Tarixdən məlumdur ki, çar Rusiyasında müsəlmanlara ilk vaxtlarda müəllim seminariyalarında təhsil almaq hüququ verilmirdi. Bu hüququn əldə edilməsi heç də asanlıqla başa gəlməmişdir. Xalqımızın mütərəqqi ziyalıları milli ayrı-seçkiliyə qarşı və müsəlmanlara seminariyalarda təhsil almaq hüququnun verilməsi uğrunda mübarizə aparmışlar.

Qeyd edək ki, çar hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq “özgə” xalqların təhsil və maarif işlərinə demək olar ki, qayğı göstərmirdi. Çar hakimiyyəti xalqların savadlandırılmasını onların milli oyanışında, özünü dərk və azadlıq yolunda əsas şərtlərdən biri hesab etdiyinə görə məzlum xalqların, o cümlədən müsəlman xalqların dünyəvi təhsil almasına imkan yaratmaq istəmirdi. Çar hakimiyyətinin ucqarlardakı, o cümlədən Azərbaycandakı təhsil sistemi çarizmin imperiya ərazisində yürütdüyü müstəmləkəçilik və hakim millətçilik siyasətinin bariz təzahürü idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları mövcud vəziyyətlə barışmır, millətin gələcək taleyini düşünür, vətən övladlarının dünyəvi məktəblərdə təhsil almaq hüququ uğrunda mübarızəyə başlayaraq “biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyirik” deyə təhsil sistemində müsəlmanlara qarşı həyata keçirilən milli ayrı-seçkilik siyasətinə qarşı etiraz səslərini ucaldırdılar.
XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oyanması və formalaşmasında, maarifçilik hərəkatının təşəkkülündə H.Zərdabi və onun ”Əkinçi” qəzetinin böyük xidmətləri olmuşdur. Köhnə həyat tərzinin dəyişdirilməsi yolunda xalqın maariflənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini yaxşı dərk etmiş H.Zərdabi və digər mütərəqqi maarifpərvər ziyalılarımız bu yolda yorulmadan çalışmışlar.
XIX əsrin sonlarında Azərbaycanda kapitalist münasibətləri sürətlə inkişaf etməyə başlamışdı. Kapitalizm münasibətlərinin inkişafı cəmiyyətin sosial strukturunda müəyyən dəyişikliklərə gətirib çıxartmış və yeni sinif olan çoxmillətli burjuaziya və proletariat formalaşırdı. Həmin dövrdə Azərbaycanda müsəlman müəllim kadrlarına böyük ehtiyac duyulurdu. Lakin bu tələbatın ödənilməsi üçün təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün Cənubi Qafqazda pedaqoji kadrlar hazırlayan xüsusi bir tədris müəssisəsi yox idi. Qafqaz bölgəsində dövlət məktəbləri üçün müəllim kadrlarını hazırlayan ilk təhsil ocağı Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən 1866-cı ildə Tiflis şəhərində yaradıldı. Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbində şəhər məktəbləri üçün müəllim kadrlar hazırlanırdı. 1872-ci ildə həmin məktəb Aleksandrovski Müəllimlər İnstitutuna çevrildi. Lakin müsəlmanlar bu instituta qəbul edilmirdi. Qeyd edək ki, 1872-ci ilin əsasnaməsinə görə müsəlmanlara ali-ibtidai və şəhər məktəblərində ştatlı müəllim vəzifəsini tutmaq hüququ da verilmirdi. Çar hakimiyyətinin yürütdüyü hakim millətçilik və milli ayrı-seçkilik siyasətinin nəticəsi idi ki, təhsildən uzaqlaşdırılan azərbaycanlıların nəinki müəllimlər institutunu bitirmiş, hətta adi ibtidai məktəblərdə belə dərs keçən müəllim kadrları demək olar ki, yox idi. 1875-ci ildə təsdiq edilmiş və 1917-ci ilə qədər qüvvədə olmuş “Xalq maarif nazirliyinin müəllim seminariyaları üçün təlimat”ına əsasən müəllimlər seminariyasına pravoslav dininə məxsus bütün təbəqələrdən olan, tərbiyəli davranışı haqqında rəy təqdim etmiş, 5-6 il ibtidai məktəbdə oxumuş və ikisinifli ali-ibtidai məktəbin proqramı üzrə qəbul imtahanlarını müvəffəqiyyətlə vermiş 16 yaşa çatmış şəxslər qəbul edilirdi.
Yalnız zamanın tələbi ilə Qafqaz Tədris İdarəsinin rəhbərliyi tərəfindən ali-ibtidai məktəblərdə dərs deyə biləcək müsəlman müəllimlərin sayını artırmaqdan ötrü müəllim seminariyalarını bitirmiş müsəlmanlar üçün qısamüddətli kurslar açıldı. Müsəlmanlara da ali-ibtidai məktəblərdə ştatlı müəllim yerlərinin verilməsinə başlandı. Onlara Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmaq hüququ verildi.
XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya İmperiyasının bir sıra bölgələrində, o cümlədən Cənubi Qafqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan seminariyalar meydana gəldi. Əsasən zemstvalar tərəfindən yaradılan seminariyalar öz işlərini dahi rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinski tərəfindən işlənib hazırlanmış “Müəllimlər seminariyasının layihəsi” əsasında qururdular. Mütləqiyyət seminariyaların yaradılması prosesini öz nəzarəti altına almaqdan ötrü 1870-ci ildə “Müəllimlər seminariyası haqqında Əsasnamə”ni təsdiq etdi. Həmin əsasnaməyə görə müəllimlər seminariyaları zemstvalar tərəfindən deyil, hökumət tərəfindən yaradılmalı idi.
Zaqafqaziya Müəllimlər Seminariyası Rusiya İmperatoru II Aleksandrın 8 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edildi. Qori şəhərində bütün Cənubi Qafqaz üzrə təşkil edilmiş Zaqafqaziya Müəllimlər Seminariyası dövrün qabaqcıl seminariyalarından biri sayılırdı. Həmin seminariya haqqında əsasnamənin 1-ci bəndində göstərilirdi ki, “Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi - özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir”. Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində yazılmışdı ki, “Müsəlmanlar üçün xüsusi məktəb açılanadək, müsəlmanlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir.” Lakin Zaqafqaziya Müəllimlər Seminariyasında və onun nəzdində yaradılmış üç ibtidai - rus, gürcü, erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin, demək olar ki, olmaması azərbaycanlı gənclərin bu məktəblərə cəlb olunması işini ləngidirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan kəndlərində mövcud olan və açılması nəzərdə tutulan məktəblərin müsəlman azərbaycanlı müəllim kadrlarla təmin edilməsinə böyük tələbat var idi. Zamanın tələbi, eləcə də müsəlmanlara qarşı edilən milli ayrı-seçkiliyə qarşı mütərəqqi ziyalılarımızın yüksələn etiraz səsləri çar hökumətini “Müəllimlər seminariyaları haqqında təlimat”ın tələblərindən kənara çıxmağa məcbur etdi. Beləliklə, seminariyalarda təkcə pravoslavların deyil, müsəlmanların da təhsil almasına icazə verildi.
Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər və xalqımızın mütərəqqi ziyalılarının maarif - təhsil işi uğrunda mübarizəsinin nəticəsi olaraq Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan - R.S.) bölməsinin yaradılmasına Qafqaz canişini tərəfindən razılıq verildi.
Zəmanənin tələbi ilə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində ayrıca yaradılmış tatar şöbəsi 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar şöbəsinin fəaliyyəti Dövlət Şurasının 13 may 1880-cı il tarixli qərarı ilə rəsmiləşdirildi. Azərbaycanlı müsəlman müəllim kadrların hazırlanması kimi tarixi missiya bu şöbənin üzərinə düşdü. Azərbaycan şöbəsinin 1880-ci il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə bu şöbənin məqsədi Cənubi Qafqazın Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və bacarıqlı müəllimlər hazırlamaqdan ibarət idi. Seminariyanı 1881-ci ildə bitirmiş məzunlardan yalnız üç nəfəri - Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görüldülər. Azərbaycan şöbəsinin inspektoru A.Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxladı. T.Bayraməlibəyov Lənkəranda rus məktəbində dərs deməyə başladı. O, həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan və mütərəqqi ziyalılarımızın tribunasına çevrilmiş “Kaspi” qəzetində Lənkəran bölgə müxbiri kimi fəaliyyət göstərmişdi. Həmin dövrdə “Kaspi” qəzetində Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi və digərləri ilə yanaşı T.Bayraməlibəyov da tez-tez müxtəlif məsələlərlə bağlı çıxış etmişdir.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk buraxılışı 1882-ci ilə təsadüf edilir. Şöbənin kursunu ilk olaraq bitirmiş 10 nəfər müsəlman gənc Azərbaycanın məktəb tarixində azərbaycanlı müəllimlərin ilkin dəstəsi olaraq fəaliyyətə başlamışdır. İlk məzunların sıralarında Haşim bəy Nərimanbəyov, Rəşid bəy Əfəndiyev, Məmməd bəy Əfəndiyev və başqaları var idi. Məzunların sayca az olmasına baxmayaraq, onlar Zaqafqaziyanın Azərbaycan kəndlərində dünyəvi məktəblərin açılmasında və fəaliyyət göstərməsində mühüm rol oynamışlar.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin təşkili ana dilində sövti üsullu ilk dərsliyin meydana gəlməsinə şərait yaratdı. 1882-ci ildə ilk dəfə nəşr edilən A.O.Çernyayevskinin “Vətən dili”(I hissə) və S. Vəlibəyovla birlikdə hazırlanaraq 1888-ci ildə çap olunan həmin dərsliyin II hissəsinin işıq üzü görməsi feodalizm dövründən qalmış doqmatik və sxolastika ilə bağlı olan və uzun müddət davam edən höccələmə (əbcəd-çərəkə) üsuluna ilk və böyük zərbə idi. Həmin seminariyanın məzunu ədəbiyyatşünas alim, pedaqoq və maarifçi F.Köçərlinin sözləri ilə desək, bütöv islam aləmində, türk-tatar dilli xalqlar içərisində sövti üsulla dərs demək və dərslik tərtib etmək təşəbbüsü ilk dəfə Azərbaycanda ortaya çıxmış və Azərbaycan məktəblərində tətbiq olunmuşdur. Bu Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Sonrakı illərdə dəfələrlə çap edilən “Vətən dili” uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş və inqilabdan əvvəlki Azərbaycan ziyalılarının bütöv bir nəsli “Vətən dili” kitabından faydalanmışdır. Ən başlıcası isə bu dərslik Azərbaycan dilinin gələcək inkişafına, ana dilində yeni-yeni dərsliklərin tərtib edilməsinə güclü təkan vermişdir. R.Əfəndiyevin “ Uşaq bağçası” və “Bəsirət- ül-ətfal”, N.Nərimanovun “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, Ü.Hacıbəyovun “Hesab məsələləri” və “Lüğəti”, M.Mahmudbəyovun “Türk əlifbası və ilk qiraət”i, başqa müəllimlərlə birlikdə “İkinci il”, “Üçüncü il”, “İmlamız”dan başlamış, Ə.Y.Seyidovla H.K.Sanılının “Əlifba”sı da daxil olmaqla, ana dilində yazılan dərslik və dərs vəsaitləri “Vətən dili”nin layiqli davamçıları olmuşdur.
Azərbaycan xalqının azadlıq hərəkatının yekunu kimi 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul etdi. Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirdi. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə xalq maarifi işini uzun illər məhdud çərçivədə saxlamış, zorla ruslaşdırma siyasəti yeritmiş, təhsil əsasən rus dilində aparılmış, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmişdir ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdı. Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Qori Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrılır. Azərbaycan bölməsi müstəqil seminariyaya çevrilərək Qazaxa köçürülür və burada fəaliyyətini davam etdirir. Xalq maarif naziri N.B.Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 №-li əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firudun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilmişdir. Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər həmin gündən etibarən başlamışdır.
Qori seminariyası mövcüd olduğu 40 il müddətində Azərbaycan məktəbi üçün 250-yə yaxın müəllim hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışlar.
Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil müəssisələrindən biri də İrəvan Müəllimlər Seminariyası olmuşdur. İrəvan Müəllimlər Seminariyası “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılmışdır.
İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olmuşdur. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənni və şəriət dərslərinin tədris edilməsi üçün seminariyanın ştat cədvəlində müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İrəvan Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsinin yaradılması haqqında tarixi mənbələrdə hər hansı bir məlumat aşkar edilməmişdir. Tarixi mənbələrdə seminariyanın ştat cədvəlində müsəlman dini üzrə şəriət dərsləri və Azərbaycan dili fənninin tədris edilməsi üçün müvafiq ştat vahidinin ayrıldığı barədə məlumatlar vardır. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində çap edilmiş “Kavkazskiy Kalendarı”-da dərc olunmuş məlumatlara görə Axund Məmməd Bağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir.
Qeyd edək ki, Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən Kubanda və Kutaisi quberniyasında açılmış seminariyalardan fərqli olaraq, İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dilinin və şəriətin tədris edilməsi heç də təsadüfi deyildi. Çünki, bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı müsəlman gənclər ilk pedaqoji təhsillərini seminariyada aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud olan ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak etmişlər.
İrəvan Seminariyasının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynamışdır.
1881-ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermiş, İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdır. Qori Müəllimlər Seminariyasının məzunu F.Köçərli 1885-ci ilin iyun ayında İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. O, bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirmişdir. Qori Müəllimlər Seminariyasının digər məzunu Cəlil Məmmədquluzadə 1887-ci ildə İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib və ilk dərsini həmin məktəbdə demişdir.
Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılmasında İrəvan Müəllimlər Seminariyasını bitirmiş məzunlar da yaxından iştirak etmişdilər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan Müəllimlər Seminariyasında almışlar.
Milli təhsil tariximizdə Qori və İrəvan müəllimlər seminariyalarının olduqca əhəmiyyətli rolu danılmazdır. 1898-ci ildən 1902-ci ilədək İrəvan Müəllimlər Seminariyasının direktoru vəzifəsini tutmuş Mixail Alekseyeviç Miropiyev 1903-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına yeni direktor təyin edilərkən dekabr ayında Qori şəhərinə gələrək seminariyanın şəxsi heyəti və yetirmələri qarşısında çıxış etmişdir. O, çıxışında Zaqafqaziya Müəllimlər Seminariyasının fəaliyyətinə yüksək qiymət vermiş, seminariyanın 1900-cü ildə Parisdə keçirilən müəllimlər seminariyasının ümumdünya sərgisində layiqincə iştirak etdiyini, seminariyaların Qafqaz yubiley sərgisində isə yüksək mükafata layiq görüldüyünü bildirərək seminariyaya İrəvan Müəllimlər Seminariyasından təbriklər gətirdiyini qeyd etmişdir.
Qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər əsasən Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdılar. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905-1907-ci illərdə Azərbaycan dili müəllimlərinin hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda; Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin kurslarında; Yelizavetpol mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi.
Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini Qori və İrəvan müəllimlər seminariyasında almışdılar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyalarının məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dili dərsliklərin hazırlanmasında vaxtilə Qori və İrəvan seminariyalarını bitirmiş məzunlar yaxından iştirak etmiş, Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan çalışmışdılar.
Azərbaycanda xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı akademik Hüseyn Əhmədov qeyd edir ki,: “M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişdilərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün həmin xidmətləri göstərmişlər”.
Qori və İrəvan seminariyalarının məzunlarının xalqımız qarşısındakı tarixi xidmətləri unudulmamışdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir.

Rafiq SƏFƏROV,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin baş məsləhətçisi, “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqəsinin qalibi

yuxarı ⤴