1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Şagirdlərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsi təcrübəsindən
14.01.2017 / No1

 

 

 

 


Məktəbdə aparılan tərbiyə işlərinin mühüm bir qolunu vətənpərvərlik tərbiyəsi təşkil edir. Bütün tərbiyə istiqamətlərində olduğu kimi gənc nəslin vətənpərvərlik tərbiyəsində, onlara milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasında da görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə tanışlıq böyük təsir gücünə malikdir. Bu baxımdan, xalqımızın böyük oğlu, dahi siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycanımızın memarı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ideya-siyasi irsi gənclərimiz üçün əsl örnək mənbəyidir. Mən dərs dediyim ibtidai siniflərdə apardığım tərbiyə işlərində bu mənbədən geniş istifadə edirəm.
Müxtəlif mövzuların tədrisi zamanı, tərbiyə mövzusunda söhbətlərdə və sinif saatlarında öncə şagirdlərə ümummilli liderimizin, nəsillərə örnək həyat və fəaliyyəti, xalqımız qarşısında tarixi xidmətləri, onun ölkəmizə 30 ildən çox rəhbərlik etdiyi dövrdə gördüyü nəhəng işlər haqqında sadə, kiçikyaşlı məktəblilərin başa düşəcəyi bir dildə məlumat verirəm. Sonra ulu öndərin ideya-mənəvi irsini, müəllifi olduğu azərbaycançılıq məfkurəsinin formalaşmasında milli-mənəvi dəyərlərin rolunu və ümummilli liderin dəyərlərimizə, adət-ənənələrimizə verdiyi böyük qiyməti onların diqqətinə çatdırıram. Qeyd edirəm ki, azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin olduqca böyük əhəmiyyəti vardır. Ulu öndər milli-mənəvi dəyərləri milli ideologiyamızın əsas hissəsi kimi qiymətləndirərək deyirdi: “Milli ideologiyamızın ikinci hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsasən böyük xalqımızın həyatında, yaşayışında formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Müasir dövrdə milli-mənəvi dəyərlərimizin zənginləşməsi və müasirləşməsi onun bəşəri ideyalarla qovuşması sayəsində mümkündür. Milli-mənəvi dəyərlərimiz hər birimizin şüuruna müxtəlif istiqamətlərdə təsir göstərərək bizi etik, əxlaqi cəhətdən, həmçinin bəşəri ideyaların mənimsənilməsi baxımından kamilləşdirir. Şagirdlərə çatdırıram ki, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbəşəri ideyalara inteqrasiyası barədə danışarkən deyirdi: “Bizim milli ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən bir çox illərdir, əsrlərdir ki, qavranılıbdır. Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq”.
Şagirdlərə milli-mənəvi dəyərlərdən danışarkən ana dilimiz və onun inkişafında Heydər Əliyevin rolu üzərində xüsusi dayanıram. Şagirdlərə başa salıram ki, biz daim ana dilimizin saflığı uğrunda mübarizə aparan böyük mütəfəkkirlərimizdən öyrənməliyik. Ana dili hər bir xalqın, millətin varlığını təyin edən ən mühüm atributlardan biridir. Azərbaycan dili xalqın qədim dövrlərdən başlayaraq yaratdığı milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Azərbaycan xalqının dünyagörüşündə, elmi-intellektual və bədii təfəkküründə yaradılan nə varsa gələcək nəsillərə ana dili vasitəsilə ötürülür. Ona görə də xalqın mənəvi varlığı kimi ana dilini, Azərbaycan dilini sevmək, onun qayğısına qalmaq, dilin normalarına riayət etmək hər bir vətəndaşın borcudur.
Ana dilinin qorunması, tətbiqi və onun təkmilləşdirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin fəaliyyətini xüsusi qeyd edirəm. Uşaqlara məlumat verirəm ki, hakimiyyətdə olduğu müddət ərzində Heydər Əliyev Azərbaycan dilini milli mənliyin əsas məsələsi kimi daim ön plana çəkirdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Heydər Əliyevin böyük cəsarəti sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. 1995-ci ildə qəbul edilmiş müstəqil ölkəmizin ilk Əsas Qanununda Azərbaycan dili dövlət dili kimi təsbit olunub. 2001-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda dilimizin tarixi inkişafı ərzində əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları açıqlanmışdır. Dövlət başçısının 2001-ci ildə imzaladığı fərmana əsasən Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilib. O vaxtdan bəri neçə ildir ki, ölkəmizdə avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Şagirdlərin diqqətinə çatdırıram ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dünyanın ən nüfuzlu rəsmi məclislərində səslənməsinə nail olmuşdur.
Milli-mənəvi dəyərlərin digər bir amili dini təəssübkeşlikdir. Azərbaycanda ictimai şüurun formalaşmasında, xüsusilə əxlaqi-etik normaların zənginləşməsində dinin böyük rolu olmuşdur. Heydər Əliyev milli ideologiya problemlərindən danışarkən dinlə əlaqədar fikirlərini belə ifadə etmişdir: “Biz müstəqillik əldə edəndən sonra islam dinini özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa oldu. Şübhəsiz ki, müqəddəs kitabımızda “Qurani-şərif”-də böyük əxlaqi normalar əks olunublar. Onlardan səmərəli istifadə etmək lazımdır”. Bu fikirlərlə də yeri gəldikcə şagirdləri tanış edirəm.
Milli-mənəvi dəyərlərimizə hörmət tərbiyəsində əxlaqi və etik normaların da rolu az deyil. Azərbaycan cəmiyyəti üçün əsas olan əxlaqi və etik normalar azərbaycanlı milli şüurunun tarixən formalaşmış tərkib hissəsindən ibarətdir. Hər bir xalqın əxlaqi və etik normalarında özünəməxsus millilik ruhu vardır.
Bu məsələ ilə əlaqədar Heydər Əliyevin fikirləri ilə şagirdləri tanış edirəm. Ulu öndər deyirdi ki, “Hər xalqın öz mentaliteti, əxlaqi qaydaları vardır. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var. İndi onları nəyəsə başqa şeylərə qurban vermək olmaz. Məsələn, bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik”.
Milli-mənəvi dəyərlərimizin əsaslarından biri də adət və ənənələrimizdir. Ulu öndər həmişə qeyd edirdi ki, Azərbaycan xalqı əsrlər boyu əziyyət çəkməsinə, yadelli işğalçılara qarşı mübarizə etməsinə baxmayaraq öz ənənələrini qorumağı bacarmışdır. Ulu öndərin aşağıdakı fikrini şagirdlərin diqqətinə çatdırıram: “Azərbaycan xalqı tarix boyu nə qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, dinini də, adət-ənənələrini də, öz mənəvi-əxlaqi mentalitetini də saxlayıbdır”.
Sadə dildə uşaqlara çatdırıram ki, Azərbaycançılıq milli şüuru xalqın ən qədim dövrlərdən bəri gələn adət və ənənələrində qabarıq şəkildə əks olunur. Öz milli adət və ənənələrini qoruyub saxlamaq və təbliğ etmək hər bir xalq üçün özünün milli mənliyini təsdiq etməsidir.
Azərbaycan xalqının qədim mədəniyyətinə məxsus adət-ənənələrin əksəriyyəti keçmiş dövrlərdən bu günümüzə gəlib çatmışdır. Bəzi adətlər isə unudulub, lakin onların əvəzinə başqa adətlər meydana gələrək ənənə şəklinə düşmüşdür. Buna misal olaraq qonaqpərvərlik, dostluq, müəyyən ailə mərasimlərinin davam etdirilməsi, bayramlarla bağlı mərasimlərin keçirilməsi və s. bu gün də yaşayır və məişətdə özünə geniş yer tapmışdır.
Təcrübə göstərir ki, bu istiqamətdə aparılan tərbiyə işi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirir.

Sədaqət MƏMMƏDOVA,
Sumqayıt şəhər Humanitar, Təbiət-Riyaziyyat təmayüllü “İstedad” liseyinin ibtidai sinif müəllimi

yuxarı ⤴