1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Arzuolunan müəllim”dən uğura aparan gözləntilər
14.01.2017 / No1

 
 

 

 

 


Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Ulu öndərimiz Heydər Əliyevin “Müəllim millətin xilaskarıdır. Müəllim olmaq həm şərəfli, həm də çətin bir vəzifədir” kəlamından ilhamlanan bu fədakar insanlar əsl müəllimə dəyər verildiyinin fərqindədirlər. İdeal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı gündən-günə artır.
Əsl müəllim necə olmalıdır? Fikrimcə, əsl müəllimin pedaqoji fəaliyyəti prosesində uğur və nailiyyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli, tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim işini ilk növbədə özünümotivasiyadan başlamalıdır. “Mən kiməm?”, “Mənim biliyim, peşəkarlığım, öyrənmək və öyrətmək həvəsim hansı səviyyədədir?”, “Mən əsl müəllim kimi dövlətimin, cəmiyyətin, qloballaşan dünyanın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisinə tələb olunan səviyyədə bilik almağın yollarını öyrədə bilirəmmi?”, “Onlara bacarıq və vərdişlər aşılamağa yararlıyammı?”, “Əgər mən arzuolunan müəllim olmaq istəyirəmsə, hansı keyfiyyətlərə sahib olmalıyam?”.
Bundan sonra bu suallardakı məqsədə çatmaq uğrunda müəllim həvəslə və səbirlə səy göstərməlidir. “İntizar gülzarına səbir buludundan su verilərsə, qönçə çiçəklənib muradına çatar” söyləyib M.Füzuli. Müəllim məktəbə sadəcə maddi qazanc yeri kimi baxmamalıdır. Müəllimlik peşəsi tamamilə fərqli dəyərlərə köklənir. Müəllim-pedaqoq,unudulmaz musiqiçi Üzeyir Hacıbəyli müəllimi “millət xeyri üçün iş görən şəxs” kimi dəyərləndirir. “Hər adam bu işin öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır”, “Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar” deyirdi. Dahi bəstəkar müəllimlik sənətini özü üçün əzablı iş hesab edənlərə məsləhət görürdü ki, bu peşədən uzaqlaşsınlar və gənc nəslin tərbiyəsi üçün cavabdehlikdən kənar olsunlar.
Müəllim öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Biz şagirdin idrak proseslərinə; duyğular, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıyıq, bunun üçün dəlil və faktlardan yeri gəldikcə istifadə edilməlidir. Şagirdin fərdi-psixoloji vəziyyətlərini, onun maraq və tələblərini, nailiyyət səviyyəsinə təsir edən mənfi amilləri aradan götürməkdə usta olmalıyıq. Şagird müəllimə inanmalıdır, daha dəqiq, müəllim inandırıcı olmalıdır. Əgər biz bu gün müəyyən şagirdlərdə çatışmazlıqlar görürüksə, eyni zamanda onları ideal görmək arzusundayıqsa, yəni şagirdlərin müəllimə, təhsilə, ümumilikdə ətrafa reaksiyasının dəyişməsini istəyiriksə, ilk növbədə, onlardakı boşluqları görməyi bacarmalıyıq. Bu, öyrənmə boşluğu, ya da yaşadığı hadisələrdən qaynaqlanan mənəvi-psixoloji boşluqlar ola bilər. “Keçid dövrü”, “çətin dövr”, “böhran dövrü” kimi adlandırılan yaş dövründə bu halla daha çox rastlaşa bilərik. Belə vəziyyətlərdə dialoqa üstünlük verməli, bu halın başvermə səbəbini, hansı nəticələrə apara biləcəyini proqnozlaşdırmalıyıq. Müəllim-valideyin əks-əlaqəsini yaradaraq bu cür situasiyalarda qarşılıqlı fəaliyyətin daha çox səmərə verə biləcəyini onlara izah etməliyik. Davranışlarında xətalara yol verən və öyrənməyə marağı olmayan şagirdlərə yanaşma tərzi dəyişməlidir. Şagird hansı tərbiyədə olursa-olsun o, qınaq obyekti olmamalıdır. Müəyyən səbəblərdən istisnalar ola bilər. Ümumilikdə 20-25 nəfərlik sinfə nəzər saldıqda onların fərqli ailələrdən gəldiklərini nəzərə alsaq, şagirdlərin düşüncələri, hər hansı hadisəyə yanaşma tərzində fərqlilik açıq şəkildə gözə çarpır, yəni valideyn tərbiyəsinin, ailə mühitinin, genetik xüsusiyyətlərin rolu danılmazdır. Səriştəsi, peşəkarlığı aşağı səviyyədə olan müəllim üçün, əlbəttə, sinfi ələ almaq çətin olacaq. Bu mənada müəllimin özünün dəyişməsi zamanın tələbidir desək, doğru yanaşma olardı. Müəllim yalnız özünü inkişaf etdirdikdən, təkmilləşdirdikdən sonra müasir dünyanın insanını formalaşdırmağı özü-özünə etibar edə bilər. Bu vaxt aparan bir proses ola bilər, lakin sondakı nailiyyət gözəldir.
Çətin şagirdlərlə iş prosesinə gəldikdə, təsəvvür edək ki, quraqlıq ərazidə bir bitkiyə rast gəlirik. Budaqları əyilmiş, susuzluqdan yarpaqları cırlaşmış, bar verə bilməyən, suya tələbatı olan bir bitki. Bu bitkiyə lazımi qayğılar göstərildikdə formasını dəyişir, hətta bar da verir. Şagirdin çatışmayan tərəflərini bitkinin susuz qalması ilə müqayisə edək. Bu yaranan xoşagəlməz problemlərdəki oxşarlıq bitkinin su, şagirdin isə mənəvi tələbatlarının ödənməməsindədir və bu əskikliklər, əlbəttə ki, şagirdin davranışında, təhsilə münasibətində, yəni ümumilikdə düşüncə tərzində özünü büruzə verəcək. Bu elə bir haldır ki, tənbeh etmək, yaxud şagirdə vəzifə və borclarını xatırlatmaqla aradan qaldırıla bilməz. Əgər hər hansı intizamsız şagird elə düşünə bilsəydi ki, onun etdikləri doğru deyil, yanlış qəbul ediləni etməzdi. Səriştəli, tədbirli müəllimin yeniliklər etməsi, yeni üsul və vasitələr, interaktiv təlim metodları müəyyənləşdirərək dərsləri effektli, müasir üsullarla tədris etməsi və ünsiyyət formasını dəyişməsi, pedaqoji taktikanı və davranış modellərini düzgün seçməsi müəllim-şagird əməkdaşlığını möhkəmləndirər, bu əlaqədə vacib olan uzlaşmanı bərpa edər. Müəllimin şagirdə subyekt kimi yanaşması, ona fikirlərini söyləməkdə müstəqillik verməsi, fərdi və yaş xüsusiyyətlərini nəzərə alması, yaxşı cəhətlərini görməsi onda müəllimə inam və etimad yaradar. Diferensial təlimdə düzgün seçilən üsul və metodların vasitəsilə şagird-şagird, müəllim-şagird əməkdaşlığını müşahidə edirik. Müəllim olaraq biz düzgün münasibət yaradılmasına görə məsuliyyət daşıyırıq. Biz şagirdlərin qarşısına hər hansı məqsəd qoyarkən onlara inandığımızı hiss etdirməliyik. Şagirdlərimiz özlərinin qəbul olunduğunu və obyektiv qiymətləndirildiklərini hiss edəndə yeni nailiyyətlərə həvəslənirlər. Onların fərdi-psixoloji xüsusiyyətləri bilik, bacarıq, vərdişlərin qazanılması prosesində aydın görünür və düzgün yanaşma tərzi şagirdin təlim nəticələrinə müsbət təsirini göstərir. Səmərəli, münbit öyrənmə mühitinin yaradılması öyrənmə prosesini asanlaşdırır və bu da təlimdə uğura səbəb olur. Biz şagirdlərə öyrənməyin əziyyətli, lakin şərəfli olduğunu aşılamalı, onları əməyə alışdırmalı və zəhməti sevməyi öyrətməli, qarşılıqlı fəaliyyəti həyatla əlaqələndirməliyik. Yalnız məqbul təlim-tərbiyədən sonra hərtərəfli inkişaf etmiş insan-şəxsiyyət yetişmiş olar.
Öyrədənlə öyrənən arasında əks-əlaqə prosesində təlim mədəniyyəti yaratmaq xüsusi qabiliyyətlər tələb edir. Bunun üçün müəllimdə didaktik, kommunikativ, təşkilatçılıq və s. qabiliyyətlərin olması mütləqdir. Pedaqoji fəaliyyətin, pedaqoji ünsiyyətin və müəllim şəxsiyyətinin tərbiyəedici və təsiredici xüsusiyyətlərinin olması vacibdir. Biz dözümlülük, hisslərə hakim olmaq, pedaqoji mərifət nümayiş etdirməklə, səs, verbal və qeyri-verbal kommunikasiya vasitələrindən istifadə edərkən ünsiyyət formasını düzgün seçməklə şagirdlərə örnək, şəxsi nümunə olmalıyıq. Millilik prinsipinin əsas olduğunu daim nəzərdə saxlamaqla nəslin gələcək nümayəndələrini elə formalaşdırmalıyıq ki, onlar dünyanın hər hansı məkanına açılan pəncərədən rahatlıqla daxil ola bilsinlər, onlara multikulturalizm və tolerantlığın mahiyyətini başa salmalıyıq.
Reallıqları səmimiyyətlə etiraf etməli və belə bir həqiqəti qəbul etməliyik ki, müasir dövrün kiçik məktəbliləri və yeniyetmələr əvvəlki dövrlərlə müqayisədə fərqli müəllim görmək istəyirlər. Bu istək məktəblinin daxili tələbatından irəli gəlir və onun zövqünü formalaşdırır. Dünya ölkələrindəki yeniliklər, sərhədlərin açılması, dünya xalqlarının bir-birinə yaxınlaşması, ölkəmizdə gedən inkişaf, texnologiyanın sürətli inkişafı baş verən bir zamanda özünü müasir məktəbliyə qəbul etdirmək o qədər də asan məsələ deyil. Məktəblini öyrənməyə həvəsləndirən, onun daxili tələbatlarını ödəməyi bacarmaq istəyən Azərbaycan müəllimi işini sıfırdan qurmağı qarşıya məqsəd qoyur, yenilikçi, yaradıcı, mükəmməl olmağın yolunu “bütün ömür üçün deyil, bütün ömür boyu öyrənmək”də görür.

Esmira RZAYEVA,
Bakı şəhəri M.İbrahimov adına153 nömrəli tam orta məktəbin fizika müəllimi

yuxarı ⤴