1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bölgə xəbərləri
14.01.2017 / No1

 
 

 

 

 


Buraxılış imtahanının yeni qaydaları ilə bağlı müəllimlərlə görüş keçirilib

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi məqsədilə yeni qaydalar əsasında təşkil olunacaq imtahanlarla bağlı Biləsuvar rayon ümumtəhsil məktəblərinin direktorları və buraxılış siniflərində dərs tədris edən müəllimlərlə görüş keçirilib.
İclasda təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov buraxılış imtahanlarındakı dəyişikliklərdən danışıb. Qeyd edilib ki, buraxılış siniflərində tədris vəziyyətinin yaxşılaşdırılması və bu zəmində işlərin artırılması üçün məktəb rəhbərləri, müəllimlər, təhsil şöbəsinin əməkdaşları - bütün pedaqoji kollektiv səfərbər olmalıdır.
Yeni qaydalarla bağlı çıxışlar olub. Təhsil şöbəsinin müdir müavini Əlisəfa Qəmbərov bu barədə geniş danışaraq rayonda ötən tədris ili ərzində yüksək və zəif nəticə göstərmiş məktəblərin nailiyyətlərini iclas iştirakçılarının nəzərinə çatdırıb. Zəif nəticə göstərən məktəblərdə iş strukturuna ciddi nəzarətin artırılmasının vacibliyi bildirilib.
Görüş diskussiya şəklində başa çatıb.

“Gənc nəsil - Yeni intellekt” layihəsi uğurla davam etdirilir

Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi olan “Gənc nəsil - Yeni intellekt” layihəsi çərçivəsində təlimlər və intellektual oyunlar uğurla davam etdirilir. Şamaxı Rayon Təhsil Şöbəsinin bilavasitə köməkliyi ilə icra olunan layihəyə Şamaxı Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı Gənclər Birliyi və “BUTA” Gənclər İctimai Birliyi təşkilati dəstək göstərir. Layihənin rəhbəri və Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin tarix müəllimi Vasif Şıxıyevdir.
Şamaxı rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında icra olunan bu layihə tarix fənn kurikulumu əsasında reallaşan bu tipli ilk intellektual layihədir. Layihənin keçirilməsində əsas məqsəd müxtəlif tipli intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtdırmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgədəki intellektual gəncləri ictimaiyyətə tanıtdırmaq, onların intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.
Üç ay müddətinə keçirilməsi nəzərdə tutulan layihənin icrasına 4 noyabr 2016-cı il tarixində başlanmış və artıq ilk mərhələsi başa çatmışdır. Qrup, yarımfinal və final mərhələlərindən ibarət olan layihədə Şamaxı rayonunun 16 ümumtəhsil məktəbinin komandaları iştirak edir. Noyabr və dekabr ayları ərzində keçirilən intellektual oyunlarda Şamaxı şəhər 2 nömrəli (“Zəka”), 3 nömrəli (“Mübariz”), 9 nömrəli (“Şirvanşah”), 10 nömrəli (“Buta”) tam orta məktəblərinin, Texniki, Humanitar və Təbiət təmayüllü liseyin (“Odlar yurdu”), həmçinin Mədrəsə qəsəbəsi (“Uğur”), Əngəxaran (“Zirvə”) və Çuxuryurd (“Xəmsə”) kənd tam orta məktəblərinin komandaları qalib gələrək layihə üzrə iştiraklarını davam etdirirlər.
“Gənc nəsil - Yeni intellekt” layihəsinin ilk mərhələsində qalib gələn məktəblərin komandaları arasında yarımfinal oyunlarının 2017-ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulub.

Şagirdlər Azərbaycan Dövlət Aqrar Universitetində

Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdirilməsinin əhəmiyyəti olduqca böyükdür.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında universitetə ekskursiyalarının təşkilinə başlanılıb. Şagirdlər universitetin yeni tələbə yataqxanası, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanaları, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq klinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxanası, idman zalları və digər obyektləri ilə yaxından tanış olur, tələbələrin yazılı, şifahi və kompüter vasitəsilə qəbul olunan imtahan proseslərini müşahidə ediblər.

Bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar

Gəncədə keçirilən bölgə məktəblilərinin bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar. Şagirdlər arasında keçirilən 10-cu bilik yarışında Gəncə, Goranboy, Şəmkir, Göygöl, Samux, Daşkəsən və Mingəçevir məktəbliləri iştirak ediblər. Şagirdlərə təqdim olunan suallar məktəblilərin yeni dərslik və aylıq proqramlarını əhatə edib. Yüksək nəticə daha çox 9-10-cu sinif şagirdləri arasında qeydə alınıb.
Sonda komissiyanın qərarı ilə yüksək nəticə göstərən 100 şagird seçilib, hər kateqoriya üzrə ilk 10-luq və hər sinif üzrə ilk 3 yerin sahibi diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Sumqayıtda monitorinqin nəticələri müzakirə olunub

Sumqayıt Şəhər Təhsil Şöbəsi Şurasının bu günlərdə keçirilmiş yığıncağında şəhərin ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üzrə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub. Yığıncağı şəhər təhsil şöbəsinin müdiri Nizami Namazov açaraq iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Sonra şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Abasov müzakirə olunan məsələ barədə geniş məruzə edib. Bildirib ki, 25 dekabr 2016-cı il tarixdə şəhərin ümumtəhsil məktəblərinin IX siniflərində fənlərin tədrisi vəziyyətinin monitorinqi keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bilik keyfiyyətlərinin vəziyyətinin, ayrı-ayrı fənlərin tədrisində mövcud problemlərin aşkara çıxarılması, eləcə də onların aradan qaldırılması yollarının müəyyən edilməsi, buraxılış imtahanına şagirdlərin daha yaxşı hazırlığını təmin etmək olub.
Mərkəzləşdirilmiş qaydada və vahid gündə təşkil edilmiş, monitorinqin keçirilməsi üçün 9 məktəb (3, 12, 13, 16, 22, 25, 27, 28, 29 nömrəli tam orta məktəblər) imtahan mərkəzi seçilib. Adıçəkilən məktəblərin rəhbərləri monitorinqin lazımi səviyyədə təşkili və keçirilməsi üçün bütün zəruri tədbirləri görüb, onun normal aparılmasını təmin ediblər.
Qeyd olunub ki, internat tipli gimnaziyalar istisna edilməklə monitorinqdə 3652 nəfər IX sinif şagirdinin iştirak etməsi nəzərdə tutulsa da onlardan 3542 nəfəri, yəni 97%-i monitorinqə cəlb olunub.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 mərhələdə keçiriləcək buraxılış imtahanlarının II mərhələsinə uyğun olaraq monitorinq zamanı şagirdlərə ana dili və riyaziyyat fənləri üzrə hər birindən 30 qapalı tipli test sualı verilib. Nəticələr məktəblərə təqdim olunub.
Məruzəçi bildirib ki, nəticələrin təhlili şagirdlərin bilik keyfiyyəti və onların buraxılış imtahanına hazırlığının heç də arzuedilən səviyyədə olmadığını göstərir.
İmtahanda iştirak edən şagirdlərin 852 nəfəri ana dilindən, 819 nəfəri isə riyaziyyatdan 7-dən az suala cavab verə bilmişdir.
Sonra məruzə ətrafında geniş müzakirə aparılıb və nəticələri aşağı olan məktəblərin rəhbərlərinə işlərində təcili dönüş yaratmaq üçün konkret tövsiyə və tapşırıqlar verilib.

Mətbuat xidməti

Zərdabda 1 nömrəli məktəb-liseyin binası əsaslı təmir olunur

Zərdab Rayon Təhsil Şöbəsindən redaksiyaya daxil olan məlumata görə, rayon mərkəzindəki H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin binasının əsaslı təmirinə başlanılıb. 1176 şagird yerlik təhsil ocağının əsaslı təmiri Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir.
Təhsil ocağı yeni inventar və avadanlıqlarla təchiz olunacaq. Aparılan əsaslı təmir işləri ilə əlaqədar məktəb-liseyin şagirdləri müvəqqəti olaraq şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə təhsil alırlar.

Kürdəmirdə daha bir məktəb binası tikilir

Kürdəmir Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, rayonun Axtaçı-Qarabucaq kəndində tam orta məktəb üçün yeni bina inşa olunur.
Bina Təhsil Nazirliyinin sifarişi ilə “İnşaat Servis-X” MMC tərəfindən tikilir. Qeyd edək ki, 132 yerlik tədris ocağı ikimərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılacaq. Artıq tədris korpusunun zirzəmi hissəsi tikilib, birinci mərtəbənin monolit dəmir-beton döşəməsi quraşdırılıb. İdman zalının kürsü hissəsində hörgü işləri tamamlanıb. Qazanxana və nasosxana binalarının tikintisi başa çatdırılıb, 10 kilovoltluq hava xətti çəkilib.
Yeni binanın bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴