1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək
12.01.2018 / No01


 

 


Prezident İlham Əliyev:  “Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılıb”

Yusif ƏLİYEV

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib. Prezident qeyd edib ki, dərin iqtisadi islahatlar ili olan 2017-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

Ölkə iqtisadiyyatının 2017-ci ildə artdığını çox müsbət göstərici kimi dəyərləndirən Prezident bu artımı ifadə edən bəzi rəqəmləri diqqətə çatdırıb. “Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilib. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb və hazırda təxminən 42 milyard dollar təşkil edir.

Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur”.

Ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı da çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. “Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun” - deyən Prezident buna şübhə etmədiyini, müsbət meyillərin 2018-ci ildə daha da güclənəcəyinə əminliyini ifadə edib.

Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. “Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.

Yekun nitqində bu il müstəqilliyimizin yüz illiyinin qeyd ediləcəyini xatırladan Prezident bunu nəzərə alaraq 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəyini deyib.

İclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. Bu vəsait çərçivəsində ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür.

Diqqətə çatdırılıb ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başladığı 2011-ci il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf edib. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur.

Eyni zamanda, “Azərkosmos” Milli Aviasiya Akademiyası ilə nano peyklərin hazırlanması sahəsində tərəfdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Akademiyanın tələbələrinin hər il NASA tərəfindən keçirilən beynəlxalq “CanSat” tələbə peyki müsabiqəsində iştirakına dəstək verilib, tələbələrin hazırladığı model peyklər uğurla səmaya buraxılıb. Bu ildən isə Təhsil Nazirliyi ilə birlikdə universitetlərarası analoji müsabiqənin keçirilməsinə start verilib.

Qeyd olunub ki, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini - 40 faizini təşkil edən və “minilliyin gəncliyi” adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərilərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. “Azerspace” və “Azersky” kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, ölkədən “beyin axınının” qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır. Bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir. Bu gün “Azərkosmos” da daxil olmaqla, Prezidentin fərman və sərəncamları ilə yaradılmış texnoloji şirkətlərdə çalışan potensiallı gənclərin bir qrupunun yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcəyinə inam ifadə olunub.


 

yuxarı ⤴