Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Elm xəbərləri
12.01.2018 / No01


 
 

 

 


“Ağıllı” iynə cərrahlara kömək edəcək



Yusif ƏLİYEV

Minimal invaziv əməliyyatlar üçün yeni alət - sensorlarla təchiz edilmiş cərrahlıq iynəsi hazırlanıb. O, cərraha əməliyyat zamanı orqanların yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir.

Pasiyentlər və həkimlər minimal invaziv əməliyyatlara üstünlük verirlər. Çünki bu kimi əməliyyatlar bədəndə kəsiklər qoymur, bərpa üçün daha az vaxt tələb edir və daha az infeksiya riski daşıyır. Lakin bu əməliyyatlar mükəmməl deyil. Xüsusilə, onların keçirilməsi üçün lazım olan daxili orqanların keyfiyyətli təsvirlərini əldə etmək çətindir. Buna görə də, adətən, cərrahlar əməliyyata qədər ultrasəs müayinəsi və maqnit rezonans tomoqrafiyanın köməyilə əldə olunmuş təsvirlərlə kifayətlənməli olurlar.

www.nanonewsnet.ru  saytının məlumatına görə, optik ultrasəs iynəsi əməliyyatların keçirilməsinə yanaşmanı dəyişdirəcək. Onun sayəsində cərrah əməliyyat zamanı yumşaq toxumaların təsvirlərini əldə edə biləcək.

Qurğu daxilində iki optik lif olan 1 mm qalınlığında iynədən ibarətdir. Optik liflərdən biri qısa işartılar yaradır, digəri isə bədən toxumalarının əks etdirdiyi işığı “oxuyur”. Nəticədə, cərrah real vaxt rejimində yüksək keyfiyyətli təsvirə baxır.


Yeni sistem insanı səsinə görə tanıyır



Çinin “SpeakIn” startapının yaradıcıları insanı səsinə görə tanıyan sistem üzərində işləyirlər. Texnologiya insanın səsinin unikal xarakteristikalarını müəyyən edir və onları səslərin məlumat bazası ilə qarşılaşdırır. Sistemə insanı müəyyən etmək üçün cəmi bir neçə saniyə kifayət edir.

www.hightech.fm  saytının məlumatına görə, “səs izləri” tamamilə fərdiləşdirilib və əlavə bioloji identifikator kimi xidmət edə bilər. Texnologiya ilk növbədə təhlükəsizlik sistemlərinin yaradılması üçün faydalı olacaq. Məsələn, o, cinayətkarları tanıya və izləyə biləcək. Hazırda “SpeakIn” səslərin məlumat bazasının yaradılması üçün Çin polisi ilə sıx əməkdaşlıq edir.

Bildirilib ki, şirkət tərəfindən yaradılmış texnologiyanın dəqiqliyi 98 faiz təşkil edir. Polis və hökumət tərəfindən istifadə ilə yanaşı, sistem “ağıllı” ev proqramlarında, həmçinin avtomobillərin işə salınması və ya istifadəçilərin avtorizasiyası üçün tətbiq edilə bilər. Hazırda bir çox qurğular səs komandalarına reaksiya verir, lakin onlarla kimin danışdığını müəyyən edə bilmir. “Səs izləri”ni tətbiq etməklə, onlara bunu öyrətmək olar. Nəticədə, məsələn, uşaq valideynin icazəsi olmadan avtomobili səs komandası ilə işə salmaq istəyərsə, sistem onu səsinə görə tanıyacaq və əməliyyatın qarşısını alacaq.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴