Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Metodika, yoxsa...” sərlövhəli məqaləyə dair qeydlər
12.01.2018 / No01


 
 

 

 


Əbülfət ZEYNALOĞLU,
Bakı şəhəri, E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

“Azərbaycan müəllimi” qəzetinin 8 dekabr 2017-ci il tarixli sayında dərc olunan məqalədəki mövzu ilə bağlı fikirlərimi həmkarlarımla bölüşməyi vacib sayıram. Sosial şəbəkələrdə əyləncəli dərslərin videogörüntülərinin bəzi mətbuat orqanlarında müzakirə olunması və cəmiyyətimizə hansısa bir yenilik forması kimi təqdim edilməsi, düşünürəm ki, heç də normal hal deyil. Kurikulum islahatı zəminində müəllimlərimiz kifayət edəcək dərəcədə yeni təlim metodlarından istifadə etməyə başladılar və bu proses davam etməkdədir. Əslində, kurikulum təlimi vəsaitlərində göstərilən elə təlim metodları var ki, onlar pedaqoji, metodiki baxımdan ciddi təsir bağışlamır. Pedaqogikanın ümumi tələblərinə əsaslanmayan, cavab verməyən və şagirdlərin psixoloji yaş xüsusiyyətləri nəzərə alınmadan tətbiq olunan təlim formalarından istifadə yolverilməz hal kimi dəyərləndirilməli və onların qarşısı alınmalıdır. Çünki hər müəllimin öz bildiyi, öz istədiyi kimi dərskeçmə cəhdi, üsulları ümumi təhsilimizə ağır zərbə vura bilər.

“İstənilən metod, istənilən üsul həm öyrədici, həm də əyləncəli olmalıdır” fikri yüksək bilik, dərin zəka, məntiqi təfəkkür, tənqidi yanaşma tələb edən elm sahələri üçün tamamilə yanlışdır. Məktəb əyləncə mərkəzi deyil, təlim-tərbiyə ocağıdır və təlim prosesi öz-özlüyündə ciddi münasibət tələb edir. Ciddi münasibət ifadəsi kimsəni təəccübləndirməməlidir və kimsə buna öz istədiyi donu geydirməməlidir. İstənilən fənn üzrə dərsdə müəllim səmimi yumor hissindən, cəlbedici jestlərindən, diqqətçəkən motivasiya elementlərindən istifadə etməklə şagirdlərinin fəal təlim prosesinə qoşulmasına nail ola bilər. Lakin bunların heç biri əyləncə formasına çevrilməməlidir.

Məktəblilərin psixoloji yaş xüsusiyyətlərindən irəli gələn əyləncələrə meyillilik hissləri həmişə olub və bu gün də var. Təcrübə onu da göstərir ki, əyləncə meyilləri oxumağa, öyrənməyə həvəsi olmayan zəif şagirdlərdə fəal şagirdlərə nisbətən ikiqat güclüdür. Məhz onlar dərsi şouya, əyləncəyə, zahirən qaynar diskussiya təəssüratı yaşadan, mahiyyəti isə heç nə kəsb etməyən müzakirəyə çevirməyə cəhd göstərirlər. Bu cür hallara yol verən və onları şişirtmə qiymətlərlə sevindirən müəllimləri də daha çox “sevirlər”.
Qəzetdə dərc olunan “Dərsdə ritmik musiqidən faydalanmaq olar” məqaləni də diqqətlə oxuduq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşinin mövqeyini doğru hesab edirik: “Əslində, dərsin “şou”ya çevrilməsi arzuolunan deyil”. Ancaq bu fikrin “Dərsin “şou”ya çevrilməsi qətiyyən yolverilməzdir” kimi deyilməsi daha düzgün olardı. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunun da metodika və təlim metodları haqqında dəyərli fikirləri təqdirəlayiqdir. Lakin əyləncəli dərslərlə bağlı fikirlərinə münasibət bildirərək qeyd etmək istərdik ki, istifadə olunan mnemoniklər daha çox vizual (görüntü), ya da verbal (söz) ola bilər. Bu da onunla bağlıdır ki, rənglərin, rəsmlərin, simvolların və açar sözlərin vasitəsi ilə öyrənmə metodu öyrənənlərə daha cəlbedici gəlir. Ritmik musiqiylə mnemonik texnikadan istifadə isə əsasən məktəbəqədər yaşda olan körpələr üçündür və əyləncəli formada olur.

Onu da əlavə etmək istərdik ki, təlim şoularını, əyləncələri müzakirə obyektinə çevirən sosial şəbəkələr, bəzi mətbuat orqanlarımız orta məktəblərimizdə təlim prosesinin təkmilləşdirilməsi, dərsliklərimizin səviyyəsi, şagirdlərimizin yazılı nitqinin inkişafı və qiymətləndirmə problemləri haqqında araşdırmalar aparsalar, daha faydalı iş görərək təhsilimizin inkişafına xıdmət göstərmiş olarlar.
 


 

yuxarı ⤴