Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Hər zaman uğurlarına sevinək
12.01.2018 / No01


 

 

 


Fəxrlə “Gənc istedadlar”dan olduğumuzu söyləyək, doğma liseyimiz

Cabir MƏMMƏDOV,
“Gənc istedadlar” liseyinin VIII b sinif şagirdi

Məktəb hər bir insanın layiqli vətəndaş və əsl insan kimi yetişməsində mühüm rol oynayan müqəddəs məkan, mənəvi beşikdir. Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrənmirik. Məktəbdə, həmçinin necə yaşamağın, faydalı olmağın yollarını mənimsəyirik. Vətənə sevgi, gələcəyə hazırlıq, vətənpərvərlik hissləri də məktəb həyatı boyu təkmilləşir və inkişaf edir...

Bu baxımdan bizim məktəbimiz xüsusilə fərqlənir. Həm bizə elmi bilikləri layiqli səviyyədə aşılayır, həm də hərtərəfli şəkildə formalaşmağımıza zəmin yaradır. Sabahın hər bir yüksək peşə sahibini hazırlayan “Gənc istedadlar” liseyi (GİL) belə məktəblərdəndir...

Azərbaycanın ən qabaqcıl və nüfuzlu ümumi təhsil məktəblərindən biri olan “Gənc istedadlar” liseyinə qəbul olmaq bir çox məktəblilər kimi, mənim də arzum idi. Buna görə də mən ibtidai sinifdə oxuyarkən GİL-ə qəbul olmaq üçün hazırlaşdım. Və mən imtahanda yaxşı nəticə göstərib GİL-ə qəbul olmağın sevincini yaşadım.

Bu yerdə təhsil aldığım bu doğma ocağa ilk gəlişimi, liseyə qəbul müsabiqəsinin həyəcanlı günlərini xatırlamaya bilmirəm... Liseyə ilk dərs günü qədəm qoyanda, Bilik Günü ilə bağlı keçirilən tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bizi təbrik etdi və uğurlar arzuladı. Açığı, nə baş verdiyini tam anlamırdım... Televiziya ekranlarından tanıdığımız, tanınmış ziyalı bizi təbrik edir və növbəti dərs ilində məktəbimizə xeyir-dua verirdi. Sonrakı dərs illərinin ilk günündə də bu mənzərənin təkrarlanması bizə olan diqqət və qayğının miqyasından xəbər verirdi...

İlk vaxtlarda məndə liseyimizin digər təhsil ocaqlarından elə də fərqlənmədiyi təəssüratı yaranmışdı. Amma müəyyən müddət sonra mən bu fikrimin yanlış olduduğunu anladım. GİL-də təhsil ab-havası çox fərqlidir. Şagirdlər arasında çox güclü və sağlam rəqabətin olması hər birimizin ümumi nailiyyətlərində çox mühüm amillərdir.

Dərsə başladığımız ilk vaxtlarda sinfimizlə birlikdə Bakı Dövlət Universitetinə (BDU) ekskursiyamız oldu. Bu hadisə bütün uşaqların qəlbində xoş xatirə kimi bu gün də yaşayır. BDU ilə tanışlıq mən və sinif yoldaşlarımda gözəl təəssüratlar oyatdı. Deyərdim ki, gələcək ixtisasımızla bağlı ilk düşüncələrimiz də məhz həmin gün yarandı.

2007-ci ildə yaradılan liseyin əsas məqsədi ölkəmizdə təhsilin inkişafı və istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Liseyimizdə olan güclü və səmimi müəllim heyəti sayəsində GİL bütün sahələr üzrə birinciliyini qoruyub saxlayır. Təsadüfi deyil ki, 2012-2013-cü illərdə GİL ölkə üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. ABŞ-da keçirilən “Sabahın alimləri” beynəlxalq müsabiqəsində respublikamızı təmsil edən şagirdlər arasında GİL-in yetirmələri də var.
GİL-in bir sıra məzunları ABŞ, Kanada, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrin nüfuzlu universitetlərində ali təhsil alır. Onların böyük əksəriyyətinin yüksək səviyyəli mütəxəssis kimi ölkəmizdə və dünyada özlərini təsdiq eləməsi bizi də ruhlandırır.

Bütün bu uğurlarda GİL-in direktoru, professor Qasım Hüseynov başda olmaqla bütün pedaqoji heyətin müstəsna əməyi və böyük zəhməti var. Lisey müəllimlərinin bizə olan qayğısı hər birimizi daha da ruhlandırır, onların etimadını doğrultmağa, daha yaxşı oxumağa sövq edir.

Sinif rəhbərimiz Könül Şahbazovanın və digər sevimli müəllimlərimizin də üzərimizdə olan haqqı danılmazdır. Onların qayğısını və tələbkarlığını obrazlı şəkildə dəmiri polada çevirən odla suyun vəhdətinə bənzətmək olar... Yəqin ki, bu qədər əmək qarşısında nəticələrimiz də ilbəil yaxşılaşacaq, müəllimlərimizin təbəssümü ilə mükafatlandırılacağıq.

Liseydə şagirdlərin hərtərəfli vətəndaş kimi yetişməsi, dünyagörüşünün inkişafı da daim diqqət mərkəzində saxlanılır. Vaxtaşırı tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunur, məzmunlu və yaddaqalan tədbirlər təşkil edilir. Bu imkanlardan yararlanan şagirdlər asudə vaxtlarını daha səmərəli keçirməyə nail olurlar.

Hazırda 10 yaşını qeyd edən liseyimizin daha böyük uğurlarının qarşıda olduğunu düşünürəm. İnanıram ki, bizlər də parlaq uğurlarımızla müəllimlərimizi sevindirəcək, lisey tarixinə şanlı səhifələr yazacağıq...

Hər zaman uğurlarına sevinək, fəxrlə “Gənc istedadlar”dan olduğumuzu söyləyək, doğma liseyimiz!

yuxarı ⤴