1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

“Mənim məktəbim”
Məktəb idarəetməsinin və tədrisin düzgün təşkili uğurun açarıdır
12.01.2018 / No01


 

 


Müəllim-şagird-valideyn əlaqələrinin səmərəli qurulması nailiyyətlərə yol açır

Nazir ƏLİYEV,
Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymağa da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

Dövrün tələblərinə uyğun məktəb formalaşdırmaq, müasir düşüncəli, savadlı və vətənpərvər şagird yetişdirmək üçün ümumi təhsil müəssisələrində, ilk növbədə, idarəetmənin və tədrisin düzgün təşkil olunması vacibdir. Məhz bu amillərə peşəkar şəkildə yanaşmaqla, təhsildə keyfiyyəti artırmaq, yeni texnologiyalardan yararlanmaq və nəticə olaraq yüksək nailiyyətlər əldə etmək mümkündür. Ümumi təhsil müəssisələrində idarəetmənin və tədrisin düzgün təşkili isə birbaşa məktəb direktorunun pedaqoji heyət, şagird və valideynlərlə, həmçinin, onların bir-birləri ilə əlaqələrinin səmərəli qurulmasından asılıdır.

Müəllim peşəkarlığının rolu

Hesab edirəm ki, məktəbdə uğurun qazanılmasında müəllimlərin müstəsna rolu var. Bu baxımdan məktəb direktoru hər bir müəllimin işinə, peşəkarlığına bələd olmalı, onların bacarıqlarını ortaya qoymasına şərait yaratmalıdır. Həm də məktəb rəhbəri ilə kollektiv arasında qarşılıqlı inam və etibar olmalıdır. Çünki bu amilləri əsas tutmadan inkişaf və nailiyyətlərdən danışmağa dəyməz.

Qeyd edilənləri nəzərə alaraq, 2015-ci ildə 314 nömrəli tam orta məktəbə direktor təyin olunanda ilk növbədə məktəbin iş rejimi, fəaliyyət planının icra vəziyyəti, müəllimlər, onların dərs yükü kimi məsələlərlə maraqlandım. Məktəbin ümumi işində müəyyən dəyişikliklər etdim.

Məktəb kollektivi ilə keçirilən görüşlər zamanı direktor müavinləri və müəllimlərin işə münasibəti, peşəkarlığı haqqında məndə müəyyən təəssürat yarandı. Gündəlik iş prosesində həvəsləndirmək üçün onlara güvəndiyimi, işlərini bəyəndiyimi hiss etdirdim, lazım gəldikdə məsləhət verərək özlərinə və mənə qarşı inam hissi yaratdım. Eyni zamanda, pedaqoji heyət arasında sorğu keçirərək məktəbdə hansı yenilikləri tətbiq etmək istədiklərinə dair fikirlərini öyrənərək təhlillər apardım.

Aparılan təhlil və sorğular əsasında hazırlanan “Məktəbin fənn metodbirləşmə Əsasnaməsi”, “Açıq dərslər haqqında Əsasnamə” və “Müəllimin pedaqoji fəaliyyət xəritəsi”ndən hazırda məktəbimizdə istifadə olunur.

“Məktəbin fənn metodbirləşmə Əsasnaməsi” müəllimlərin öz peşəsindən məqsədyönlü, sistemli şəkildə istifadəsinə, məktəbdə təlim-tərbiyə prosesini idarə etməyə imkan yaradır.

“Açıq dərslər haqqında Əsasnamə”nin əsas məqsədi nümunəvi dərsləri məqsədyönlü və səmərəli təşkil etməkdir. “Müəllimin pedaqoji fəaliyyət xəritəsi” isə 3 tədris ili ərzində hər bir müəllimin ümumi pedaqoji fəaliyyətini, o cümlədən fənnin tədrisi keyfiyyətini izləməyə imkan verir. Bu mexanizm müəllimi hərəkətə gətirmək, onun yeniliklərə imza atması üçün stimul yaratmaq baxımından da əhəmiyyətlidir. “Müəllimin pedaqoji fəaliyyət xəritəsi”nə əsasən, müəllimlər hər il yanvar və iyun aylarında hesabat verirlər. Bu zaman onlar gördükləri işi göstərməklə yanaşı, reallaşdırmaq istədikləri məsələləri bildirirlər. “Müəllimin pedaqoji fəaliyyət xəritəsi”ndə qarşılıqlı dərs dinləmələri və “açıq dərs”lərin keçirilməsi də xüsusi yer tutur. Bundan başqa, şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər də əksini tapır. Bu işlərin ən əsası isə məktəbdaxili monitorinqlərdir. Məktəbdaxili monitorinqlərin aparılması üçün zəngin “test bankı”nın yaradılması və onun vaxtaşırı yenilənməsi istiqamətində məktəbimizdə hər bir müəllimin fəallıq göstərməsinə xüsusi diqqət yetiririk. Müəllimlərimiz “test bankı” üçün qapalı və açıq suallardan ibarət testlər hazırlayaraq təqdim edirlər. Məqsədimiz onların peşəkarlığının hərtərəfli inkişafına nail olmaqdır. Məktəbimizdə müəllimlərin peşəkarlığını artırmaq üçün təlim-seminarlar təşkil edirik. İbtidai təhsilin şagirdin taleyində mühüm rol oynadığı nəzərə alınaraq, bu siniflərdə dərs deyən müəllimlərin təlimlərə cəlb edilməsinə xüsusi fikir veririk. Müəllimlərin yeni texnologiyaları mənimsəməsi də qarşımızda duran əsas məsələlərdəndir.

Məktəblinin istəyi və real tədbirlər

Öyrədənlərin istiqamətləndirilməsi, işinin dəyərləndirilməsi ilə yanaşı, öyrənənlərin də məktəbin və müəllimin fəaliyyətini qiymətləndirməsini vacib hesab edirəm. Buna görə də məktəbimizdə şagirdlər arasında anonim monitorinq-sorğular keçiririk. Monitorinq-sorğular zamanı bir çox maraqlı məqamlar ortaya çıxır. Məlum olur ki, məsələn, 1 müəllim məktəblilərlə kobud davranır, digəri kiçik summativ qiymətləndirmələrdə şişirtmə qiymət yazır, yaxud şagirdlər ekskursiyalara üstünlük verilməsini istəyirlər və s. Şübhəsiz ki, belə tədbirlər işimizi daha səmərəli qurmağa, problemləri aradan qaldırmağa kömək göstərir.

Məktəbdə təlim-tərbiyə işinin düzgün təşkil edilməsi də keyfiyyətli tədris prosesinə nail olmağın əsas amillərindən biridir. Bilirik ki, bəzən şagirdlər tərbiyəvi söhbətlərə biganə yanaşırlar. Bu baxımdan məktəbimizdə fərqli üsullardan istifadə edirik. Məsələn, şagirdlərin tənəffüs zamanı səs-küy salmasının qarşısını almaq məqsədilə üzərində müxtəlif rənglərlə “Məktəb evimdir, evim Vətənimdir!” yazılmış vərəqlər hazırlayaraq bütün sinif otaqlarının qapılarının yanında asdıq. Bu məsələ ilə əlaqədar siniflərdə müzakirələr təşkil etdik, məktəblilər arasında sual-cavab tədbirləri keçirdik. Həmçinin, üzərində tərbiyəvi əhəmiyyətə malik kiçik həcmli hekayələrin yazıldığı vərəqləri məktəbin dəhlizlərində asdıq. Nəticə isə gözlədiyimiz kimi oldu. Artıq hər kəs məktəbi öz evi hesab edir.

Məktəbimizdə şagirdlərin oxu bacarıqlarının artırılmasına da ciddi fikir veririk. İbtidai siniflərdə təşkilat saatlarının mövzusu barədə müəllimin apardığı söhbətdən əlavə sinifdənxaric oxunun təşkilini sistemli şəkildə həyata keçiririk. IV-XI siniflər üzrə şagirdlərə ayda 2 dəfə olmaqla, oxuduqları bədii əsərin məzmunu ilə bağlı inşa yazdırılır. Belə tədbirlər həm şagirdlərdə ayda azı 2 kitab oxumaq vərdişi yaradır, həm də onların yazı bacarıqlarını artırır.

Məktəbimizdə şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində də məqsədyönlü işlər aparırıq. Bununla əlaqədar olaraq, “Şagird elmi cəmiyyəti” və “Dram dərnəyi” yaradılıb. Bundan başqa məktəbin bazasında 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şahmat, rəsm və bədii qiraət dərnəklərinə 100-dən artıq şagird cəlb edilib. “Azərbaycanı tanıyaq və tanıdaq” layihəsini də reallaşdırırıq. Layihə çərçivəsində muzey, istehsal müəssisələri və tarixi yerlərə ekskursiyalar təşkil edir, inşa və rəsm müsabiqələri keçiririk. Artıq 102 və 144 nömrəli tam orta məktəblər də bu layihəyə qoşulub.

Problemlərin birgə həlli və nəticə

Məktəbimizdə ayrı-ayrılıqda müəllim və şagirdlərlə bağlı tədbirlərin həyata keçirilməsi ilə paralel olaraq, valideynlərlə işin düzgün qurulmasına da ciddi fikir veririk. Mütəmadi şəkildə müəllim, şagird və valideynlərin iştirakı ilə görüşlər təşkil edirik. Məktəb-şagird-valideyn əməkdaşlığına dair düşüncələrimizi bölüşür, müzakirələr aparırıq. Həmçinin, valideynlər arasında maarifləndirmə işləri təşkil edirik ki, onlar məktəblə əməkdaşlıqda maraqlı olsunlar. Çünki qarşılıqlı əlaqə şəraitində məktəblilər daha yüksək nəticə göstərirlər.

Valideynlərlə sıx əlaqələrin qurulmasının üstünlüklərindən biri də odur ki, bəzən müəyyən çatışmayan cəhətlərimizi onlardan eşidirik. Valideynlərlə birgə həmin çatışmazlıqları aradan qaldırırıq. Bu isə onların bizə inamını daha da artırır. Bütün bunların nəticəsində şagirdlərin nailiyyətləri artır.

Sonda qeyd edim ki, bu məqalədə əsasən müəllim, şagird və valideynlərlə işin düzgün qurulmasından bəhs etdim. Bu, səbəbsiz deyil. Çünki məktəblərdə normal tədris prosesinin aparılması üçün bütün lazımi şərait yaradılıb. Məktəb direktoru olaraq bizim üzərimizə düşən əsas vəzifə mövcud imkanlardan yararlanaraq idarəetməni və tədris prosesini düzgün qurmaqdır. Məktəblərdə həyata keçirilən bütün tədbirlər isə şagirdlərin nailiyyətlərinin daha da artmasına xidmət etməlidir. Bununla bağlı hər bir məktəbin konkret fəaliyyət planı olmalıdır.

Bir sözlə, tədris prosesinin təşkili ürək-ağıl, onun idarə edilməsi isə ağıl-ürək müstəvisində qurulmalıdır. Əgər belə olarsa, daha yüksək nəticələr əldə edə bilərik.

yuxarı ⤴