1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

İngilis dili fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi
12.01.2018 / No01


 

 

 


Şagirdlərin ingilis dilində sərbəst danışıq qabiliyyəti formalaşır

Pərvanə PİRİYEVA,
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Yaşadığımız XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdür. İndi hər hansı bir müəssisə, təşkilat təsəvvür etmək çətindir ki, onun fəaliyyətində İKT mühüm rol oynamasın. Eləcə də İKT bu gün təhsil müəssisələrində geniş tətbiq olunmaqdadır. Artıq İKT hər bir müəllimin, şagirdin, necə deyərlər, əsl dostuna çevrilib. Hazırda məktəbin əsas vəzifəsi hər bir şagirdin qabiliyyət və bacarığını aşkara çıxarıb inkişaf etdirmək, yüksək texnoloji, rəqabətli dünyaya hazır olan şəxsiyyət yetişdirməkdən ibarətdir. İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə yetişməkdə olan nəslin təlim və tərbiyəsi prosesində effektiv pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycan üçün rəqabətli cəmiyyətin qurulması, vətəndaşlarımızın layiqli həyatının təmin olunması kimi strateji cəhətdən mühüm olan məsələlərin həlli istiqamətində mühüm rol oynayır.

Əgər müəllim özü ilə məktəbə yeniliklər, yeni ideyalar gətirərsə, uşaqların inkişafına, vətəndaş kimi formalaşmasına kömək edən təhsil mühitinin yaranmasına təkan vermiş olur. Məlumdur ki, bu gün məktəb məzunlarına verilən tələblər on il bundan əvvəlki tələblərdən əsaslı şəkildə fərqlənir. Artıq müasir informasiya cəmiyyətində ümumi təhsil məkanı formalaşmaqdadır və məktəb təhsilin tək məkanı, müəllim isə yalnız ictimai təcrübənin yayılmasını həyata keçirən şəxs deyildir.

Məhz bunları nəzərə alaraq mən sinifdə canlanma yaratmaq, şagirdlərdə təlim marağını gücləndirmək üçün daim axtarışdayam. Çünki hər dərs şagirdlərin həyatında izini qoymaqla, onların təlim-tərbiyəsinə, dünyagörüşünə öz töhfəsini verir.

Xarici dil fənninin tədrisi zamanı şagirdlərin beynəlxalq layihələrdə iştirak etməsi üçün bütün mövcud vasitələrdən istifadə edirəm. Beynəlxalq təcrübə göstərir ki, əgər biz böyüməkdə olan gənc nəslə uğur, müvəffəqiyyət qazanmaq üçün şans vermək istəyiriksə, şagirdlərin müstəqil həyata, təhsili davam etdirməyə hazır olmaları üçün çox mühüm olan əsas səriştələri dəqiq müəyyənləşdirməliyik. Bu baxımdan mən şagirdlərdə əməkdaşlıq etmək, ünsiyyət qurmaq, öz işini sərbəst, müstəqil şəkildə təşkil etmək, cəmiyyətdə yaşamaq və iştirak etmək, problemləri həll etmək, müxtəlif xalq və millətlərin nümayəndələri və fərqli mədəniyyətə, təfəkkür səviyyəsinə malik olan həmyaşıdları ilə əməkdaşlıq etmək, informasiya texnologiyalarından istifadə etmək bacarıqlarını yaradır və inkişaf etdirirəm.

Təhsil Nazirliyinin ümumtəhsil müəssisələri və müəllimlər, tələbələr arasında innovasiyalı fəaliyyəti təşviq etməsi, bu məqsədlə müxtəlif qrant müsabiqələri keçirməsi, eləcə də məktəbimizin genişmiqyaslı intranet-internet şəbəkəsinə qoşulması ingilis dili müəllimi kimi mənim məqsədimə çatmağımı asanlaşdırır.

Azərbaycan və rus bölmələrində ibtidai siniflərdə ingilis dilini tədris edirəm. Demək olar ki, bütün siniflərdə proqram materiallarının elektron versiyalarını hazırlamışam. Onları tətbiq etməklə şagirdlərin proqram materiallarını tam mənimsəməsinə nail oluram.

İnternet məkanında tərtib etdiyim “Enjoy English” adlı www.ismaillycitysecondaryschool1.blogspot.com bloqumda şagirdlərimlə apardığım araşdırmaları, layihələrin videolarını yerləşdirərək beynəlxalq arenada paylaşıram. Şagirdlərin internet resurslarından səmərəli və faydalı bəhrələnməsinə nail oluram. Bloq mənə və şagirdlərə problemli məsələlərin daha çox əhəmiyyət kəsb edən hissələrinə diqqəti yönəldərək özünəməxsus tədris prosesini təşkil etməyə imkan verir. Mən və şagirdlər fərdi kompüterlərlə işləməklə yeni biliklər əldə edirik, yeni kompüter proqramlarını mənimsəyirik. Bloq və beynəlxalq kommunikasiya vasitəsi olan ingilis dilinin imkanlarından istifadə edərək şagirdlər vətənimizin tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, forumlarda, sosial şəbəkələrdə paylaşırlar. Nəticədə şagirdlərin ingilis dilində sərbəst danışıq qabiliyyəti formalaşır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsil sistemində “Təhsildə keyfiyyət ili” elan etdiyi cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından müəllimlərin qarşısında mühüm vəzifələr qoymuşdur. Əsas diqqəti təlimin keyfiyyətinə yönəltməklə və keyfiyyət amilini başlıca meyar hesab etməklə müəllimlərin yaradıcı iş əzmi və təşəbbüskarlığını xeyli artırmaqdır.

Ümumi orta təhsilin dövlət standartları təhsil prosesinin şagirdlərin meyil və maraqlarına görə qurulmasına geniş imkanlar yaratmış, müasir şəraitdə mükəmməl və keyfiyyətli təhsilə yiyələnməklə, fənlərin inteqrasiyasında, inteqrasiyalı təlimə keçiddə, çoxvariantlı işçi tədris planı və fənn proqramlarının hazırlanmasında əhəmiyyətli rol oynamışdır.

Dərs prosesində müəllimin rolu təkcə fənni tədris etməklə bitmir, o həm də öz fənninə uyğun tərbiyə prosesini həyata keçirir. Tərbiyənin dərsdə məzmunu və texnologiyasının alınması üçün yeni metodlarla tədris əsasdır.

İnkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, çağdaş insan yetişdirmənin ən doğru yolu şagirdi sinifdə təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyönümlü interaktiv təlim metodlarından istifadə etməkdir. Artıq Avropa təhsilində əsas metod kimi interaktiv metod tətbiq edilir. Bu metodda mövzu müəllimlə şagird, eləcə də şagirdlər arasında da müzakirə olunur.

Əlbəttə ki, bütün dərslərdə interaktiv metodun tətbiqi zəruridir. Amma dil dərslərində, xüsusilə ingilis dili dərslərində bu metodun tətbiqi xüsusilə vacibdir. İlk öncə dil dərsləri müzakirəli şəkildə olmalıdır. Həm də təkcə, müəllim deyil, şagirdlər də öz aralarında müzakirələr aparmalıdır. Kompüter vasitəsilə qısametrajlı filmlərə baxılmalı, musiqilər dinlənilməli, praktik olaraq işlər görülməlidir. Ümumiyyətlə, ingilis dili dərslərində şagirdlərin aktiv olmalarını təşkil etmək elə asan iş deyil, bu, müəllimin bacarığından asılıdır. Bəzən görürük ki, bir müəllim bu mövzunu elə keçir ki, şagird razı qalır, amma başqa bir müəllim eyni mövzunu elə tədris edir ki, şagird dərsdə oturmaq istəmir. İndiki gənclərin və yeniyetmələrin əsas tələbatı interaktiv metoddur. Fikrimcə, bütünlüklə tədrisdə interaktiv metoda üstünlük verilsə, daha yaxşı nəticələr əldə etmək mümkündür. Çünki bu metod artıq sınaqdan çıxmış bir metoddur.

Məlum olduğu kimi, Avropa Şurasının təşkil etdiyi “E-twinning” layihəsinə 30-31 ölkə arasında vətənimiz Azərbaycanda da məktəblərin bir neçəsi qoşulub. Bizim müəllimlər “e-twinning” portalına daxil olaraq özləri partnyor layihələr seçirlər. Mən 6, 10 və 11-ci siniflərlə “İngilis dili təəccübləndirir”, “Daha çox texnologiya, daha çox əyləncə”, “Fəzanın dərinliklərində” və “Sülh” layihələrində iştirak edirəm. Şagirdlər Avropa ölkələrinin şagirdləri ilə onlayn, distant, görüntülü əlaqə saxlayırlar. Ortaq dil ingilis dilidir. İnteraktiv dərslər aparırıq. Məsələn, milli və dünyəvi bayramlar ərəfəsində biz öz milli geyimlərimiz, simvollarımız, adətlərimiz barədə partnyor məktəb şagirdlərinə məlumat veririk. Bu layihələrin məqsədi şagirdlərin bir-biri ilə onlayn müstəvidə həyat tərzləri, adət-ənənələrini paylaşmasıdır. Burada məqsəd təkcə dil öyrənmək deyil. Burada hətta digər fənn müəllimləri də iştirak edə bilirlər. Hazırda mən Türkiyə, Rusiya, Ukrayna, Litva, İspaniya, Almaniya və Azərbaycanın birgə qoşulduğu bir neçə layihə çərçivəsində partnyor ölkənin məktəblilərinə göndərmək üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə şagirdlərlə birgə açıqçalar və hədiyyələr hazırladıq. Layihə müddətində uşaqlar ingilis dilində özlərini təqdim edirlər, videoçarxlar çəkilir, layihələrin mövzusuna uyğun müxtəlif və rəngarəng tədbirlər həyata keçirilir.

yuxarı ⤴