Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Fəal idrak fəaliyyəti və birgə əməkdaşlıq
12.01.2018 / No01


 

 

 


Metodların düzgün seçilməsi ədəbiyyat fənninin tədrisində mühüm tələb kimi

Elnur ƏLİYEV,
Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin müəllimi

Müasir təlim texnologiyalarından məqsədyönlü istifadə, fəal/interaktiv metodların düzgün seçilməsi və tətbiqi ədəbiyyat fənninin tədrisində mühüm tələb kimi qarşıya qoyulur. Fəal/interaktiv təlim şagirdlərin biliyi hazır şəkildə deyil, müstəqil, yaradıcı, tədqiqatçılıq fəaliyyəti nəticəsində əldə etməsinə əsaslanır. Bu təlim şagirdlərin fəal idrak fəaliyyəti zəminində və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Fəal/interaktiv təlimə məxsus metodların seçilməsi ədəbiyyat fənninin mahiyyətinin, özünəməxsusluğunun nəzərə alınması zəminində reallaşdırılır. Metodların tətbiqi o vaxt uğurlu olur ki, təlim materialının həcmi, mürəkkəbliyi və çətinlik səviyyəsi kimi xüsusiyyətləri, şagirdlərin onlarla tanışlığı nəzərə alınmış olsun. Deməli, bu gün pedaqoji araşdırmalarda adıçəkilən metodların hamısından ədəbiyyat fənninin tədrisi zamanı istifadə etməyin mümkün olduğunu düşünmək düzgün olmazdı.

Fəal/interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu məsələdə iki cəhətə önəm verilir. Birincisi, idrak fəallığının yaradılması, ikincisi, onun davamlılığına nail olunmasıdır. Şagirddə idrak fəallığının yaradılması hələ işin bir tərəfidir. Yaradılmış fəallığın şagirdin təlimi fəaliyyətinin və dərsin bütün mərhələlərində, məqamlarında saxlanması, davamlı olması da zəruridir. Buna nail olmaq üçün “problemli vəziyyətin yaradılması”, “dialoq və əməkdaşlığın zəruriliyi”, “şagird-tədqiqatçı, müəllim-bələdçi”, “psixoloji dəstək: hörmət və etibar” tələblərinin - mexanizmlərinin gözlənilməsi vacibdir.

Ədəbiyyat fənninin tədrisində müəllim-şagird, şagird-şagird əməkdaşlığına nail olmaq, öyrənməyi öyrətmək üçün fəal/interaktiv təlimin müxtəlif iş formalarının - fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə (böyük qrupda) işin uzlaşdırılması daha səmərəli və məqsədəuyğundur.

Məktəb təcrübəsində kiçik qruplarda iş geniş tətbiq edilsə də digər iş formalarından istifadə əsla unudulmamalıdır. Bu iş formalarının qarşılıqlı əlaqədə tətbiqi daha səmərəli nəticənin əldə edilməsinə səbəb olur.

Ədəbiyyat fənninin tədrisi zamanı rəqəmləri və meyvə adları saymaqla, həndəsi və rəngli fiqurları paylamaqla şagirdləri 3-6 nəfərdən ibarət kiçik qruplara bölmə üsullarından istifadə etmək mümkündür.

Ədəbiyyat fənninin tədrisində onun üçün səciyyəvi olan fasilələrlə və proqnozlaşdırılmış oxu, ikihissəli gündəlik, müzakirə (diskussiya), əqli hücum (beyin həmləsi), söz assosiasiyaları, insert (interaktiv qeydetmə sistemi), müqayisə cədvəli (konseptual cədvəl), Venn diaqramı, BİBÖ, debat, şaxələndirmə (klaster), rollu oyun (rollu dialoq), ziqzaq (zəncirvari oxu), problemin həlli, layihələr üzrə iş, qərarlar ağacı, karusel, auksion, müzakirə xəritəsi və “akvarium” kimi metodların tətbiq imkanları genişdir.

Ədəbiyyat fənninin tədrisi zamanı təqdimat mühüm əhəmiyyət kəsb edir. Məktəblilər tədqiq etdikləri məsələ barədə əldə olunan nəticələri sinif qarşısında müxtəlif formalarda və çıxış, məruzə, yazı işi (inşa, esse), cədvəl, sxem, səhnələşdirmə, rollu oyun, layihə şəklində təqdim edirlər.

Təqdimat zamanı şagird problemin mahiyyəti ilə bağlı fikirlərini aydın, ardıcıl şəkildə çatdırmalıdır. Mövzu, problem dəqiq şərh edilməli, informasiya-kommunikasiya vasitələri, illüstrasiyalar, fotoşəkillərdən istifadə olunmalıdır.

Bununla yanaşı, ədəbiyyat fənninin tədrisində özünü doğrultmuş, uzun illərin sınağından uğurla çıxmış ənənəvi metodlardan da yeri gəldikcə istifadə oluna bilər; məsələn: müasir ədəbiyyat dərslərini ənənəvi yaradıcı oxu metodunun tərkib hissəsi olan, kurikulumda alt-standart kimi qeyd edilən ifadəli oxusuz təsəvvür etmək qeyri-mümkündür.

Yaxud izahlı oxudan istifadə həmişə faydalı olacaqdır. Şagirdlərin müstəqil izah etməkdə çətinlik çəkdikləri mətləblərin, mətnaltı mənaların izahlı oxu ilə aydınlaşdırılmasına ədəbiyyat fənninin tədrisi zamanı tez-tez ehtiyac yaranır.

Təcrübə göstərir ki, şagirdlərin yaradıcı fəallığının təmin edilməsi baxımından əhəmiyyətli olan ənənəvi təlim metodlarından fəal/interaktiv təlim metodları ilə əlaqəli istifadə müsbət nəticə verir.

Ədəbiyyat fənninin tədrisində müasir təlim texnologiyalarından istifadə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və fənn kurikulumunun tələblərinə uyğun olaraq tətbiq edilən mühüm yenilikdir.

 


 

yuxarı ⤴