Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Xarici mətbuatdan
12.01.2018 / No01


 
 

 

 


“Alibaba”dan böyük dəstək



Çinli milyarder müəllimlərə 45 milyon dollar verəcək

Oruc MUSTAFAYEV

Çinin “Alibaba” kompaniyasının təsisçisi Cek Manın rəhbərlik etdiyi Fond yaxın 10 il ərzində pedaqoji məktəblərin məzunlarına 45 milyon dollar ayıracağını vəd edib. “Sinxua” agentliyinin məlumatına əsasən, vəsait gənc mütəxəssislərə - kənd yerlərində fəaliyyət göstərən məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinə xərclənəcək. “Kəndlərdə keyfiyyətli ümumi təhsil sisteminin inkişafına vəsait qoymaqla gənc mütəxəssislər öz tarixi töhfələrini vermək üçün şans əldə edirlər”, - deyə biznesmen bildirib. Qeyd olunur ki, bu, “Alibaba” qurucusunun təhsil sahəsində ilk layihəsi deyil. 2015-ci ildə elektron ticarətin nəhəngi olan “Alibaba” 10 milyon yuan (təxminən 1,5 milyon dollar) məbləğində xeyriyyəçilik fondunu yaradıb. Bu vəsait ölkənin kənd yerlərində dərs deyən 100 ən yaxşı müəllimə təqaüd kimi verilib.



AK ekspert qrupu yaradıb



Məktəblilərə yalan məlumatları üzə çıxarmaq öyrədilir

Avropa Komissiyası internetdə yalan və dezinformasiya xarakterli xəbərlərlə mübarizə üzrə ekspert qrupu yaradıb. Qrupa alimlər, onlayn-platformaların, KİV-in və ictimai təşkilatların nümayəndələri daxildir.
Layihə çərçivəsində vətəndaşlara etibarlı və yoxlanmış informasiyanın təyini üçün effektiv alətlər verilməsi nəzərdə tutulub. Artıq İtaliya hökuməti məktəblilərin rəqəmsal savadlılığını inkişaf etdirmək üçün “Facebook” və “Google” ilə əməkdaşlığa başlayıb. Layihəyə ölkənin 8000 orta məktəbindən yuxarı sinif şagirdləri qoşulub. “Facebook” və “Google”-nin dəstəyi ilə hazırlanmış tədris proqramları məktəblilərə internetdə informasiya mənbələrini təhlil və feyk (yalan) xəbərləri aşkar etməyi öyrədəcək.

Xarici materiallar əsasında

yuxarı ⤴