Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Məktəblərimizin tarixi və uğurları” layihəsinə start verilib
12.01.2018 / No01


 
 

 

 


“Məktəblərimizin tarixi və uğurları” layihəsinin icrasına başlanılıb. Layihənin keçirilməsində məqsəd İmişli rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərinin yaranma və inkişaf tarixini işıqlandırmaqdır.

Rayonda ilk məktəb - ibtidai məktəb 1906-cı ildə Qaradonlu kəndində fəaliyyətə başlayıb. Artıq ötən əsrin 20-30-cu illərindən rayon ərazisində 19 ibtidai, 19 yeddiillik və 2 orta məktəb, 1941-ci ilə qədər 42 (20 ibtidai, 18 yeddiillik, 4 orta), 1960-cı ilə qədər 53 (24 ibtidai, 21 yeddiillik, 2 səkkizillik, 6 orta), 1980-ci ilə qədər isə 62 məktəb (8 ibtidai, 26 səkkizillik, 28 orta) mövcud olub.

Bu məktəblərdə çalışan ilk ixtisaslı yerli müəllimlərdən Hidayət Əlizadə (1917-1993), Aslan Eminov (1917-1987), Xəlil Məmmədov (1923-1993), Soltan Qasımov (1904-1986), Əlinağı Əliyev, Əbdülhəsən Talıblı, Xəlil Mayılov, Dəmirxan Əliyevi və başqalarını qeyd etmək olar.

Göründüyü kimi, İmişli rayonunda təhsilin tarixi yüz ildən bir qədər artıqdır və bu müddət ərzində buradan görkəmli alimlər, dövlət xadimləri, adlı-sanlı mütəxəssislər yetişib.

Zəngin tarixi və ənənələri olan məktəblər barədə məlumata Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbi ilə başladıq. Bu təhsil ocağı 1 sentyabr 1953-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. 1957-1958-ci tədris ilində səkkizillik, 1967-1968-ci tədris ilində isə orta məktəb kimi fəaliyyət göstərib. Məktəbə 1963-66-cı illərdə Zeynal Zeynalov, 1967-87-ci illərdə Dadaş Vəliyev, 1988-ci ildən isə əməkdar müəllim Səxavət Tağıyev rəhbərlik edir. Məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə rayon təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılıb. Məktəbin şagirdləri fənn olimpiadaları və bilik yarışlarında, ayrı-ayrı yaradıcılıq müsabiqələrində uğurla iştirak ediblər. Hazırda məktəbdə 244 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 32 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

İmişli təhsil tarixində ilk dəfə olaraq məktəbin məzunu Vüsal Ağazadə (2012-ci ildə) 678 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub və Prezident təqaüdünə layiq görülüb.
Məktəbin yüzlərlə məzunu ölkənin elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrində çalışır. Onlardan görkəmli elm xadimi, Beynəlxalq Kristalloqraflar Cəmiyyətinin üzvü, professor Dayandur Qəmbərov (2012-ci ildə vəfat edib), Rəhim Rzayev (fizika-riyaziyyat elmləri doktoru, professor, ADPU-nun funksiyalar nəzəriyyəsi kafedrasının müdiri), Vahid Fərəcov (fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent), Cahangir Əmirxanlı (fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent), Sakit Əliyev (fəlsəfə doktoru) elm sahəsinə bu məktəbin partası arxasından gəliblər.

Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti, Beynəlxalq Qran-Pri mükafatçısı Simarə İmanova da bu məktəbin yetirməsidir.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri, “Azərbaycan” ədəbi-bədii jurnalında poeziya şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının eksperti Qəşəm Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyi “Aran” bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Yazıçılar Birliyinin üzvləri - Valeh Bahaduroğlu, Sədaqət Vəlioğlu, Əlövsət Murad, RTŞ-nin müdir müavini Vahid Tağıyev, şəhər 3 nömrəli məktəbin direktoru Şahsuvar Əmrahov və Muradxanlı kənd tam orta məktəbin direktoru Həkimxan İmanov da bu məktəbin yetirmələri olublar.

Məktəb öz ənənələrinə sadiq qalaraq uğurlarını bu gün də artırır.
 


 

yuxarı ⤴