Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Müəllim gələcəyin uğur yolunu göstərən tərbiyəçidir”
12.01.2018 / No01


 

 

 


Ayaz Əliyev: “Tarix müəllimi olmağı qarşıma məqsəd qoydum və arzuma çatdım”

Ayaz Əliyev 1986-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. 50 bal toplayaraq İmişli rayonunun Kürdmahmudlu kənd tam orta məktəbinə tarix müəllimi təyin olunub. Onunla həmsöhbət olub müəllimlik peşəsi ilə bağlı fikirlərini öyrəndik.

- Pedaqoji fəaliyyətinizə elə Xırdalan şəhərində başlaya bilərdiniz. Amma Kürdmahmudlu kəndini seçdiniz. Buna səbəb nə oldu?

- Müəllimlərin işə qəbulu müsabiqəsində topladığım bal Xırdalan məktəblərində işləmək üçün keçərli olmadığından İmişli rayonunun hazırda çalışdığım kənd məktəbini seçdim. Bu rayonu seçməyimin digər səbəbi onun aranda yerləşməsi oldu. Şəhərdə yaşadığım üçün dağlıq ərazilərdə soyuq iqlim şəraitinə uyğunlaşmaqda çətinlik çəkəcəkdim.

- Bəs nə üçün tarixçi olmaq istədiniz?

- Uşaqlıqdan oxumağa çox həvəsli olmuşam. Tarix elminə marağım daha çox idi. 8-ci sinifdə oxuyarkən müəllim olmaq qərarına gəldim və həm də tarix müəllimi olmağı qarşıma məqsəd qoydum və şükürlər olsun ki, arzuma da çatdım.

- Kürdmahmudlu kənd tam orta məktəbi 1974-cü ildən fəaliyyət göstərir. Məktəb binası əsaslı təmir də olunmayıb. Buradakı mövcud iş şəraiti sizi qane edirmi?

- Təbii ki, məktəbin binası və ya şəraiti günün tələblərinə tamamilə cavab vermir. Rayon mərkəzindən uzaq kənd məktəbində şəraitin çətin ola biləcəyini əvvəlcədən təxmin etmişdim. İşlədiyim kollektivdən çox razıyam. Məktəbdə internet yoxdur, İKT-dən istifadədə müəyyən məhdudiyyətlər var. Bu kimi çatışmazlıqlar aradan qaldırılsa, müəyyən uğurları olan bu məktəbdə daha böyük uğurlar əldə etmək olar.

- Məktəbdəki fəaliyyətiniz istər şagirdlər, istərsə də pedaqoji kollektiv arasında necə qarşılanıb?

- Hələlik onu deyə bilərəm ki, məktəbdə şagirdlərin müxtəlif testləri həll etmə bacarıqları artıb. Həmkarlarımı və şagirdləri asudə vaxtlarımızda futbol oynamağa həvəsləndirmişəm. Bu, özü də şagirdlərin idmana və sağlam həyata maraqlarını artırır.
- Deyirlər ki, kənddə oxuyan uşaqlar dərsə həvəslə yanaşmırlar. Sizcə, bu fikir nə dərəcədə doğrudur?

- Bu fikirlə qismən razılaşmaq olar. Şagirdlərin dünyagörüşündə, bilik səviyyələrində bu gün elə də fərq yoxdur.

- Şəhər məktəbi ilə kənd məktəbi arasında hansı fərqlilikləri görürsünüz?

- Əsas fərq şəraitlə bağlıdır. Digər fərq isə kənd uşaqları şəhər uşaqlarına nisbətən daha çox sözəbaxan olurlar. Onlar kənardan, yəni başqa yerdən gəlib onlara dərs deyən, kəndlərində yaşayan müəllimlərə xüsusi hörmətlə yanaşırlar. Bu da bir özəllikdir. Belə hallar gənc müəllimləri evdən kənarda darıxmağa qoymur və bizə əlavə stimul verir.

- Fikrinizcə, bu gün əsl müəllim kimdir?

- Bu gün müəllim təkcə uşaqlara bilik verən, bacarıq aşılayan şəxs deyil. O, şagirdin dostu, onu həyata hazırlayan, gələcəyin uğur yolunu göstərən tərbiyəçidir.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴