Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Məktəb illəri”
“Müəllimim bu gün də mənim idealımdır”
12.01.2018 / No01


 
 
 
 
 

 

 


Kamran MUSAYEV: “İnsanlara faydalı ola bilmək adama zövq verməlidir”

Jalə MÜTƏLLİMOVA

Haqqında ən müxtəlif fikirlər eşitdiyim insanlardan biridir o. Bir az eqoludur, bir az soyuq adamdır, gülüb-danışmaqla arası yoxdur, ya da var, büruzə vermir, qaşqabaqlıdır və sair... Hərdən belə adamlarla həmsöhbət olmağa çəkinir adam. Düşünürsən oxucuya nə təqdim edəcəksən belə qaş-qabaq sahibi ilə söhbətdən?!.. Amma gedib söhbət edəndən sonra anlayırsan ki, əslində, ilk təəssüratda sənə xoş gəlməyən insanı da sonradan maraqlı edən azı bir keyfiyyəti var. O ki qaldı qalaq-qalaq kitab oxuyan, dünyanın yarıdan çoxunu dolaşan biri ola qarşında. Bir sözlə, özümüzə ürək-dirək verib, Mərkəzi Klinik Xəstəxanaya gəldik. O məkana ki, orada təkcə xəstəxanaya dair məsələlər yox, həm də elə ürək məsələləri, yəni xəstəlikləri, əməliyyatları ondan sorulur, xəstəxananın baş həkimi, tibb elmləri doktoru, Azərbaycanın əməkdar həkimi Kamran Musayevdən...

- Kamran Musayevdən əvvəl Amasiyada, Göllüdə balaca bir oğlan vardı eyni adda. Siz bir az o Kamrandan danışın...

- Bəzən onu axtarıram. Qəribədir, yaşım artdıqca kənddəki Kamrana daha çox meyilli oluram. Bir şey etiraf edim sizə, əvvəl uşaqlıq şəkillərimə baxanda mənim üçün çox şey ifadə etmirdi. Amma indi o ağ-qara şəkillərə baxanda mənə çox şeydən mənalı görünürlər. O şəkillərdə ailəmizlə, özümlə bağlı o qədər xatirələr var ki... Darıxıram düzü, o illər, uşaqlıq, bir də kəndimiz üçün...

- Məktəbiniz yadınızdadırmı?

- Səkkizinci sinfə qədər Göllü kənd məktəbində oxudum. Sonra Bakıda davam elədim təhsilimi. Kimya-biologiya təmayüllü liseyi bitirdim. Göllü dəniz səviyyəsindən iki min metrdən çox yüksəklikdədir. Sərt iqlimi var oraların. İlin yarıdan çoxunu bizdə hava soyuq olurdu. Fərq etməzdə humanitar ya texniki fənlər, hamısını oxuyurdum. Həmişə təriflənən şagird olmuşam. Dərslərimi oxuyandan sonra başqa kitablar oxuyurdum. Ümumiyyətlə, kitab sevən adamam. Göllüdəki evimizin böyük aynəbəndi vardı, divarları kitab şkafı idi. Qədərini bilmirəm, atamın orda çoxlu sayda kitabı var idi. Mütaliəni sevən adam idi atam. Ən sevdiyi Nizami Gəncəvinin “Xəmsə”si idi. “Xəmsə”ni əzbər bilirdi. Məşhur beşliyə daxil kitablardan biri həmişə başının üstündə olurdu. Atamın kitabxanasındakı bütün kitabları oxumuşam. Bir sevgidən bəhs edənlər xaric...

- Onları niyə oxumurdunuz?

- Yaşım düşmürdü axı, uşaq idim. Atamın kitabxanasında yaşıma uyğun kitabları bitirəndən sonra kəndimizin Mədəniyyət Klubunun kitabxanasına keçdim. Dünya klassiklərini oxuyurdum. Yay tətillərində, dərsdən sonrakı boş vaxtımda kitablar həm istirahətim idi, həm də məşğuliyyətim.

- Bayaq atanızdan danışdınız, unutdum soruşum kim idi valideynləriniz?

- Atam mühasib idi, anam evdar xanım. İkisi də vəfat edib. Atamın ixtisasına yaxın olmasa da, mütaliəyə, ədəbiyyata son dərəcə maraqlı biri idi. Təkcə bədii kitab oxumurdu, həm də tarixi kitabları mütaliə edirdi. Onun mütaliə xəttinə düşüb davam edirdim. Tarixi kitabları da oxuyurdum. O kitabların həyatımda böyük rolu olub. Böyük bacı-qardaşlarım da mütaliəyə meyilli idilər. Çoxuşaqlı ailə idik. Məndən böyük bacı-qardaşlarım sonradan ali təhsillərini fizika-riyaziyyat yönümlü davam etdirsələr də, mütaliədə kimsədən geridə qalmırdılar.

- Ailədə neçə uşaq olmusunuz?

- Səkkiz bacı-qardaşıq. Sonbeşik olsam da, onlardan geri qalmaq istəmirdim. Altı, ya yeddinci sinfin yay tətilindən dönəndə otuzdan çox kitab oxuduğumu xatırlayıram. Yəqin siz də xatırlayarsınız, bizim illərdə sentyabrın birində ədəbiyyatdan belə bir inşa yazırdıq - “Mən yay tətilində nə etdim?”. Çox böyük həvəslə otuzdan çox kitab oxumağımdan yazmışdım. Həmin inşada fərqli kitabların adını yazırdım, müəllimlərim də, sinif yoldaşlarım da təəccüblənirdilər. Bu da mənə bir ayrı cür sevinc gətirirdi.

- Riyaziyyatçı, fizik, mühasib ailəsində böyüyən uşağın tibbə olan marağı kimdən gəlirdi?

- Əmimdən. Ümumi terapevt idi. Lap kiçik yaşlarımdan yadımdadır, atam bəzən deyirdi müəllim olma, həkim ol. Ancaq daha ciddi təsir edən başqa məqam vardı. Bu, əmimdən gəlirdi. Onun həkim olmağı qəribə duyğu yaratmışdı. Elə bilirdim vəziyyəti ən ağır olan adama da əmimin əli dəysə, o yaşayacaq, sağalacaq. Əmimi çox sevirdim. Uşaq vaxtı ona baxa-baxa həkimlik xəyalım formalaşmışdı. Artıq 5-6-cı sinifdə bütün uşaqlara verilən sualdır bu: sən kim olacaqsan? Mən əminliklə təkcə həkim olacağam yox, həm də həkim-cərrah olacağam deyirdim.

- Xəyalı həkim-cərrah olan uşağın oyuncağı nə idi bəs?

- İndiki uşaqlar qədər şanslı uşaqlığım olmayıb. Yəni onlar qədər oyuncaq alınmayıb mənə. Oynatdığım oyuncaqların əksəriyyətini özüm taxtadan, ya da hansısa başqa materiallardan hazırlayırdım. Təkcə mən yox, o illərdə bütün uşaqlar belə idi. Yadımdadır, daha çox kiçik arabalar düzəldirdik. Mənə iki dəfə velosiped alınıb. Orta məktəbdə bilərəkdən məktəbə getmədiyim bircə gün var, o da velosiped alınan gün idi. Səhərdən axçamacan kənddə velosiped sürüb, məktəbə getməmişdim.

- Məktəb dediniz, müəllimlərinizi xatırlayırsınızmı?

- Bilmirəm bu nədəndir, müəllim peşəsi mənim üçün son dərəcə əzizdir. Ola bilər, ailəmizdə çoxlu müəllimlər olub, ondandır. Qaldı xatırladığım müəllimlərimə, ibtidai sinif müəllimim Mərdan müəllimi çox yaxşı xatırlayıram. Onun mənim və başqa uşaqların üstündə əməyini, xidmətini unuda bilmərəm. Adbaad çəksəm, kimisə unuda bilərəm. Amma bu gün də müəllimlərimin böyük əksəriyyəti həyatdadır və hamısı ilə də gözəl münasibətlərim var. Kimya-biologiya təmayüllü liseydə bir neçə müəllimin həyatıma ciddi təsiri olub. Zivər müəllimi, Tamara müəllimi, Həcər müəllimi çox yaxşı xatırlayıram. Riyaziyyatı tədris edən Mirzə müəllim isə xüsusi yadımdadır. O, bu gün də idealımdır. Kişi, insan, xarakter olaraq oxşamaq istədiyim adamdır. Bizim illərdə xatirə dəftəri tutardıq, hərə ora öz xatirələrini yazardı, yadigar qalsın deyə. “Kimə oxşamaq istəyərsən?” sualı var idi orda. Mən hamıya cavab yazmışdım ki, həkim-cərrah kimi Mustafa Topçubaşova, insan kimi Mirzə Mirzəyevə oxşamaq istəyirəm.

- Hansı məsləhətini prinsip olaraq götürmüsünüz Mirzə müəllimin?

- Təkcə məsləhət yox, o adam sima, xarakter olaraq maraqlı, fərqlidir. Yerişim, duruşum, gülüşüm... bəlkə hər şeydə ona bənzəmək istəyirəm. Yaxşı ki, Mirzə müəllim bu gün də həyatdadır. Sizə onunla bağlı maraqlı bir şey də danışım. 2001-ci ildə Mərkəzi Klinikada işləməyə başladım. Bir gün iş otağımın qapısı döyüldü. Gələn Mirzə müəllim idi. Durdum qarşısına yeriyib, görüşdüm. Amma dönüb yerimdə oturmadım. Dedim siz keçin orda oturun, mən bu tərəfdə oturacağam. Onun qarşısında oturmaq məni illər öncəyə apardı. Elə bildim bu kabinet sinif otağıdır, mən şagird. Bu, adama qəribə hüzur və xoşbəxtlik gətirir özüylə. Mirzə müəllim ilk insandır ki, kreslomu ona vermişdim. Harada oluramsa-olum, Mirzə müəllim bu gün də müəllimimdir, mən də şagirdiyəm. Bir neçə il bundan əvvəl isə onun ürəyini əməliyyat etmişəm. Şükür olsun, indi yaxşıdır. O, həyatım boyu unuda bilməyəcəyim insanların birincisidir.

- Bildiyim qədəri ilə Azərbaycanda Tibb Universitetinə qəbul olunsanız da, iki il oxuyub İstanbula yollanmısınız. Niyə İstanbul?

- Kimya-biologiya təmayüllü məktəbi Bakıda qızıl medalla bitirəndən sonra ATU-ya qəbul oldum. Bizim lisey o zamanlar həm də Tibb Universitetinin tələbə bazası sayılırdı. Yəni oranı bitirənlərin əksəriyyəti ATU-ya üz tuturdu. Əslində, qəbul olduğum fakültə müalicə-profilaktika fakültəsi idi. Bu həm də o zamanlar idi ki, Azərbaycan müstəqilliyini yeni qazanmışdı. Türkiyə ilə müxtəlif sahədə əməkdaşlıq üçün rəsmi sənədlər imzalanırdı. Onlardan biri də təhsillə bağlı idi. İstanbul Tibb Universitetindən bir komissiya gəldi. 40 əlaçı tələbə arasından Türkiyədə oxumaq üçün 10 nəfər seçildi. Onlardan biri mən idim. Ora yolçuluğum belə başladı. Onu da deyim ki, həmin on nəfərin demək olar hamısı oxuyub ölkəyə döndü. İndi öz sahələrində tanınmış və yüksək səviyyədə peşəkarlardırlar.

- Təhsil alıb geri döndüyünüz illər Azərbaycanda xüsusilə tibb sahəsində vəziyyətin o qədər də yaxşı olmadığı sirr deyil. Akademik təhsil alan biri Türkiyə yox, hətta istənilən Avropa ölkəsinə gedə, karyera qura bilərdi. Niyə döndünüz?

- 1996-cı ildə Türkiyədə təhsili başa vurub rezidenturaya başlayanda çox istəyirdim ki, cərrah olum. İki sahə arasında seçim etməkdə əziyyət çəkirdim. Uzun müddət düşündüm, ürək, yoxsa beyin cərrahı olum? Ürək cərrahlığını seçdim. Bakıdakı yaxınlarımdan buna görə çox irad eşidirdim. Deyirdilər yaxşı edib ürək cərrahiyyəsini seçmisən, amma qayıdıb Azərbaycanda nə edəcəksən, harada işləyəcəksən? Bütün bunlara baxmayaraq, nəsə məni itələyirdi ki, sən oxu, o müddətə Azərbaycanda da mütləq nəsə olacaq. Artıq rezidenturanı bitirəndə ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi ilə Mərkəzi Klinik Xəstəxana quruldu və fəaliyyətə başladı.

- Xatırlayıram, o zamanlar belə bir söz deyilirdi ki, dövlət xətti ilə Türkiyədə təhsil alan gənc həkimlərin Azərbaycanda olmayan sahələr üzrə işləməsi məqsədilə qurulub bu xəstəxana...

- Bəli, belə bir fikir də var idi. O illərdə bizim oxuyub öyrəndiyimiz reallıqda Azərbaycanda yox idi. Ola bilər Mərkəzi Klinik Xəstəxananı elə bu məqsədlə qurdular ki, olmayan avadanlıqları ölkəyə gətirsinlər. Bir çox əməliyyat artıq özümüzdə edilsin. Çünki təkcə mənim yox, mənimlə birgə bitirən o biri həmkarlarımın da Azərbaycana dönəndə işləyəcəyi yer yox idi. Yəni oxuyub öyrəndiyimiz cihazlar burda mövcud deyildi. Bu mənada Mərkəzi Klinik Xəstəxananı qurmaq gözəl nümunə, təşəbbüs idi. Mən bu xəstəxananın açılışında iştirak etmişdim. Bir il sonra işləməyə dəvət etdilər. O zamandan burada çalışıram.

- Gəlməklə bağlı heçmi tərəddüdünüz olmadı?

- Heç olmadı. Türkiyədə onlarla ürək-damar cərrahı var. Amma Azərbaycanda bu belə deyildi. Yəni daha uğurlu karyera qurmaq baxımından da Azərbaycana dönmək yaxşı fikir idi. Üstəlik, burada öz insanlarımıza xidmət etmək məsələsi də var. Bir də düzünü deyim, Azərbaycana dönməkdə daha çox xanımım israr etdi. Baxmayaraq ki, o, əslən türkiyəlidir, israr etdi ki, ölkənə dönəcəksən və orada anlayacaqsan ki, daha çox lazımsan.

- Kamran həkim, uğurlu ailə başçısı, cərrah oldunuz. Bütün bunlar həm də təcrübə toplayaraq baş verir. Bəs təcrübə toplaya-toplaya necə olur insan? Yəni təcrübə insana nə verir?

- Təcrübə vacib məsələdir. Hətta sizin peşənizdə, jurnalistikada da. 16 ildir ürək cərrahı kimi işləyirəm. İndiyə qədər irili-xırdalı 13 min ürək əməliyyatı etmişəm. Təbii ki, mən 16 il əvvəlki cərrah, Kamran deyiləm. Bunu gündəlik praktikada hiss edirəm. Cərrahın təcrübəsi artdıqca onun işi daha çox zərgər dəqiqliyi ilə görülür. Bunu əllərimdə hiss edirəm. Düzdür, ötən illərin hər birində də əlimdən gələnin ən yaxşısını edirdim. Amma bu, həmin illərin standartı idi. Təcrübə cərrahın əlini dəqiqliyə və zərifliyə alışdırır. Yaxşı cərrahın işi yaxşı zərgər işinə bərabərdir. Sizə bir söz deyim. Təcrübə heç də insanın düşünüb, şüurlu surətdə etdiyi bir iş deyil. Bu həm də vərdişdir.

- Bir az mənəvi mənada adam bir ürəyə toxunanda günlərlə özünə gəlmir. Maraqlıdır, fiziki olaraq, əllə 13 min ürəyə toxunmaq nə deməkdir?

- Ürək əməliyyatlarında əvvəlcə ürəyi dayandırırıq. Təsəvvür edin, insan ürəyi əlinizdə döyünmədən durur. Onun üzərində əməliyyatı edib, yenidən əlinizdə çalışdırırsınız. Az əvvəl dayandırdığınız ürək yenidən əlinizdə döyünməyə başlayır. Bu o qədər ülvü bir hissdir, ifadə etməkdə çətinlik çəkir adam. Sizə deyim ki, o toxunuşlar məni getdikcə daha çox yumşaldır. O ürəkləri əlimdə saxlamaq mənim yumşalmağımda, kamilləşməyimdə böyük rol oynayır.

- Siz o ürəklərə toxuna bilirsiniz ki, onun sahibinin, ya da yaxınlarının buna həm də maddi imkanları çatır. Ehtiyacı olan, amma toxuna bilmədiyiniz ürəklər haqda düşünürsünüzmü?

- Bunu düşünməmək olmaz. Hətta ürək xəstəlikləri yox, digər səbəbdən itirilən xəstə olanda özünü peşəkar sayan həkimin ağlından mütləq bu fikir keçir, kaş o xəstəyə kömək edə biləydik. Təbii ki, bacardığımız qədər o ürəklərə də toxunmağa çalışırıq ki, onlar maddi olaraq bunu etmək imkanında deyillər. Sadəcə, bu məsələləri geniş danışmayaq. Çünki bu həm də bir insanlıq halıdır. Ümumi bir şey deyim, mənim üçün insanın sosial statusu heç zaman önəmli olmayıb. Müraciət edən hər kəsə əlimdən gələn qədər kömək etməyə həmişə hazır olmuşam.

- Öz ürəyinizdə durum nədir? Yola gedirmi sizinlə? Sözünüzə nədə qulaq asır, nədə asmır?

- Hələlik yola gedirik, sözümə qulaq asır. Həkimlər sağlamlıq barədə insanlara nümunə olmalıdırlar. Məsələn, stolunun üstündə külqabı, cibində siqaret olan həkimin siqaretin zərəri barədə xəstəyə məsləhət verməsini düzgün hesab etmirəm. Özümdən götürsək, mənəvi də, fiziki mənada da hələlik yola gedirik. Buna görə həm də sağlam həyat tərzin olmalıdır. Bacardıqca bu tərzdə yaşamağa çalışıram.

- Belə bir söz var, deyirlər ağlınla düşün, amma qəlbin deyəni et. Nə dərəcədə həqiqətdir bu?

- Məncə, həmişə düzgün yönəltmir adamı. Hərdən ağlı da dinləmək lazımdır.

- Tanınmış cərrah, baş həkim, müəllim kimi auditoriya qarşısına çıxmaq, bir də bloggerlik fəaliyyəti. Necə yetirirsiniz?

- Vaxtı düzgün böləndə hər şeyə yetişir adam. Dövrümüz internet dövrüdür, bunsuz alınmır. Bəyənilsə də, bəyənilməsə də, bu, həyatımızın tərkib hissəsidir. Bu həm də mənim üçün bir hobbidir. Orada da peşə fəaliyyətimlə bağlı suallar son dərəcə çox olur. Vaxtaşırı hər kəsə cavab verməyə çalışıram. Bloggerlik fəaliyyətimlə bağlı müşahidə etdiyiniz, rastınıza çıxan hər şeyi özüm edirəm. Haqqımda məlumatları verirəm, öz həyat tərzimdən danışıram. Videomaterialların toplanması, yazıların yazılması, redaktəsi, səhifəyə yerləşdirilməsi, bunların hamısını özüm edirəm. Bilirsinizmi, insanlara faydalı ola bilmək adama zövq verməlidir. Bu zövqü almasam, yaşamaq çətin olar. Bu iş mənə çox maraqlı gəlir. İnsanların səhhəti baxımından deyə bilmədiyim məsələlər olur, onu yazı vasitəsi ilə çatdırıram. Ya da tələbələrim üçün vacib ola biləcək bir məsələnin geniş izahını yazıram ki, dəfələrlə eyni şey haqda danışmalı olmayaq. Bloggerlik fəaliyyətimi sırf ürək-damar cərrahiyyəsi, ürək xəstəliklərindən qorunmağa dair məsləhətlər istiqamətində qurmuşam və deyəsən, bu maarifləndirmə işi də alınır. Əslində, yazıb dediyini, danışdığını bircə adam görüb əməl edirsə, bunun özü belə böyük xidmətdir.

- İnsanın ən müxtəlif yaş dövründə gələcək planları həmişə olur. Ölümə qədər tükənmir insan. Yəni Göllüdəki Kamranın xəyalı cərrah olmaq idi, oldu. Cərrah Kamran Musayevin xəyalında indi nələr var?

- Yaxşı insan olmaq.

- Uğurlarınız var, bunu inkar etmək mümkün deyil. Amma bir şey maraqlıdır, bu, böyük zəhmətin nəticəsidir, yoxsa həm də alın yazısı, verilən dəstəyin?

- Alın yazısına o qədər də inanmıram. Uğurun qazanılmasında mütləq zəhmət var. Zəhmət olmadan heç bir uğurdan söbət gedə bilməz. O dediklərinizin kiminsə həyatında hansısa təsiri ola bilər. Amma qalıcı yox, keçicidir. Uğur üçün şərt çalışmaqdır. Çalışmadan əldə olunan hər şey müvəqqətidir, bir gün ya bitəcək, ya geri alınacaq. Yəni səndə dəqiq qalmayacaq. Zəhmətlə qazandığın hər nədirsə, o, ömürlük sənindir.

- Hansı keyfiyyətiniz var ki, bəyənmirsiniz?

- Soyuq insanam. Qohumlar, dostlar üçün o qədər istiqanlı biri deyiləm. Bu mənim mənfi cəhətimdir, heç bəyənmirəm. Amma buna baxmayaraq, məni ən yaxınlarım elə olduğum kimi sevir.

- Sohbətimizin əvvəlində dediniz ki, kənddəki Kamran üçün darıxıram. Ondan özünüzdə nəyi qoyurub saxlaya bilmisiniz?

- Uşaqlıq insanın ən məsum formasıdır. Bir on il əvvəl düşünürdüm ki, mənim içimdəki o uşaq ölüb, yoxdur artıq. Amma indi hiss etdiyim bir başqa şeydir. O uşaq sağdır. Mən onu təkcə qorumuram, artıq böyütməyə də çalışıram. Hiss edirəm, o məni insanlara qarşı daha xoşniyyətli, humanist, yumşaq edir. Deyim ki, belə olanda özümü də yaxşı hiss edirəm. Məncə, hər kəs içindəki uşaqlığından muğayat olsun...

Söhbətdən sonra: Onunla bağlı ağlımda bir detal qaldı. Nə söhbət boyu, nə də söhbət bitəndə kamera və diktofon söndürüləndən sonra ondan bunu soruşmadım. İndi yazmağımın da səbəbi budur ki, düşünmədiyimi düşünməsin. Azərbaycanın nüfuzlu həkimlərdən olan Kamran Musayevdə qəribə bir kompleks idi duyduğum. Nəyisə daha açıq demək, daha dəqiqliyinə enmək istəmirdi. Olsun, bəlkə insanları maraqlı edən məhz bu keyfiyyətlərdir. Bir elementi açıb deməmək, özündə saxlamaq, özünə saxlamaq. Buna insanın ruh özəli də demək olar. Yəni özündən başqa kimsə ilə bölüşmək istəmədiyi bir şey... Elə bu cür qalın Kamran həkim, sizi maraqlı, istedadlı təkcə peşəniz etməsin, həm də keyfiyyətləriniz etsin. Bir də içinizdəki o uşaqdan, özünüz demiş, balaca Kamrandan muğayat olun. Çünki adamı insan edən məhz odur, içimizdəki uşaq...

yuxarı ⤴