1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Molla Pənah Vaqif - 300
Qarabağ xanlığının baş vəziri
12.01.2018 / No01


 

 

 


Molla Pənah Vaqif dövlət xadimi kimi

İntiqam CƏBRAYILOV,
ARTİ-nin təhsil nəzəriyyəsi şöbəsinin müdiri,pedaqogika üzrə elmlər doktoru, professor

Azərbaycan xalqının dövlətçilik tarixində ayrı-ayrı şəxsiyyətlərin böyük rolu olmuşdur. Tarixi şəxsiyyətlərimiz xalqımızın siyasi, sosial-iqtisadi, mədəni həyatında böyük rol oynamaqla Azərbaycanı daim irəli aparmağa çalışmış, ərazi bütövlüyümüzü, dilimizi, mədəniyyətimizi qorumaq, zənginləşdirmək üçün mübarizə aparmışlar. Belə tarixi şəxsiyyətlərdən biri də Molla Pənah Vaqifdir. M.P.Vaqif (1717-1797) həm şair, müəllim, alim, həm də dövlət xadimi kimi fəaliyyət göstərmiş və onun fəaliyyəti XVIII yüzillik Azərbaycan tarixinin bəzi məqamlarını öyrənmək üçün imkanlar yaradır.

Tarixi mənbələr göstərir ki, XVIII yüzilliyin 50-ci illərində Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində ara çəkişmələri, özbaşınalıqlarla əlaqədar gərginlik yaranmış və sərhəd bölgələrində yaşayan bəzi ailələr doğma yurdlarını tərk edib Gəncə və Qarabağ xanlıqlarının ərazisinə köçməyə məcbur olmuşdular. Qazax mahalının Qıraq Salahlı kəndindən olan M.P.Vaqif də belə bir şəraitdə ailəsi ilə Qarabağa, Cavanşir mahalının Tərtərbasar (1759-cu ildə) kəndinə köçür.

Köçmə barədə məlumat verən tədqiqatçılar, o cümlədən böyük ədəbiyyatşünas alimlər S.Mümtaz, F.Köçərli, Araz Dadaşzadə bu faktı təsdiqləyirlər .

Bir müddətdən sonra M.P.Vaqif Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərinə köçür, şəhərin Saatlı məhəlləsində məktəb açır və tezliklə onun müəllimlik, şairlik, alimlik şöhrəti ətraf bölgələrə də yayılır. Beləliklə, Qarabağ xanı İbrahimxəlil xan onu saraya dəvət edir. Mənbənin məlumatına görə, İbrahimxəlil xan saray nümayəndəsi Mirzə Vəli Baharlının təklifilə əvvəlcə M.P.Vaqiflə şəxsən görüşmüş, onun ay tutulmaları və zəlzələləri qabaqcadan xəbər vermə qabiliyyəti ilə tanış olmuş, dərin biliyini yüksək qiymətləndirərək saraya dəvət etmişdir. M.P.Vaqif xan sarayında tezliklə vəzir, daha sonra baş vəzir vəzifəsinə təyin olunur.

Tədqiqatlar göstərir ki, M.P.Vaqif eyni zamanda xanlığın daxili həyatına aid problemlərlə də məşğul olmuş, Qarabağ xanlığının sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi naminə bilik və bacarığını əsirgəməmişdir. Şuşa şəhərinin abadlaşdırılması, inkişafı üçün M.P.Vaqif xüsusi tədbirlər görmüş, Mirzə Camal, Rzaqulubəy, M.Xəzaninin qeyd etdikləri kimi, məhz M.P.Vaqifin saraya gəlişindən və onun gördüyü tədbirlərdən sonra şəhərdə tikinti işləri, arxların çəkilişi xeyli sürətləndirilmişdir. Tarixi mənbələrdə İbrahim xanın hakimiyyəti illərində (1763-1806) Şuşada yeddi qrup tikilinin salındığı barədə məlumat vardır. Belə ki, həmin dövrdə tikilmiş qalalar, imarətlər, müdafiə bəndləri, hasarlar şəhərin özünəməxsus simasının formalaşmasında və tarixi-memarlıq baxımından fərqlənməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi Araz Dadaşzadə “Vaqifin təcrübəli bir mühəndis kimi tanınması, Şuşadakı Xan sarayının, yaşayış yerlərinin və qala hasarlarının onun tərəfindən tikilməsi” barədə A.Berjenin fikirlərini dəyərləndirməklə haqlı olaraq həm də M.P.Vaqifin Qarabağ xanlığının birinci vəziri kimi böyük nüfuza, hörmətə sahib olduğunu, xanlıq üçün böyük işlər gördüyünü diqqətə çatdırmışdır. M.P.Vaqif daim xanlıq daxilində sabitliyin, əmin-amanlığın qorunub saxlanması, eyni zamanda xanlığın hərbi qüdrətinin artırılması üçün çalışmışdır. Bütün bu xüsusiyyətlər M.P.Vaqifin müdrik dövlət xadimi olduğu fikrini deməyə əsas verir. M.P.Vaqif təmsil etdiyi dövlətin - Qarabağ xanlığının xarici siyasətinin müəyyənləşdirilməsində və beləliklə, onun beynəlxalq aləmdə tanınmasında xüsusi rol oynamışdır.

Kamal, ədəb və elm sahibi bir sima

Qeyd etmək lazımdır ki, XVIII yüzillik Azərbaycan tarixinin mürəkkəb dövrlərindən biridir. Nadir şah imperiyası dağılandan sonra Azərbaycan ərazisində müstəqil dövlətlər- xanlıqlar yarandı. Lakin xanlıqlar arasında mübarizə, böyük dövlətlərin Azərbaycanla bağlı maraqları ölkədə sabitliyin yaradılması üçün çoxlu maneələr törədirdi. Məhz belə bir zamanda xanlığın xarici siyasət sahəsində əsas siması kimi söz sahibi olmaq, mürəkkəb situasiyalardan çıxmaq üçün qətiyyətli addımlar atmaq həqiqətən, uzaqgörənlik, cəsarətlilik, müdriklik tələb edirdi. Tədqiqatlar göstərir ki, Qarabağ xanlığının xarici ölkələrlə, qonşu xanlıqlarla yazışması bilavasitə M.P.Vaqifin rəhbərliyi altında həyata keçirilmişdir. Mirzə Adıgözəlbəy “Qarabağnamə” əsərində M.P.Vaqifi Qarabağ xanı İbrahimxəlil xanın “baş katib və dövlətinin sütunu” olduğunu qeyd edir, onu “kamal, ədəb və elm sahibi bir sima” kimi yüksək dəyərləndirir.

XVIII yüzilliyin 80-90-cı illərində Qarabağ xanlığı daha da güclənmiş, müstəqilliyini xeyli möhkəmləndirmişdir. Belə bir vaxtda digər Azərbaycan xanlıqlarının Qarabağ xanlığının rəhbərliyi altında birləşdirilməsi məsələsi gündəmə gəlirdi. Lakin dövrün mürəkkəb siyasi şəraiti bunun reallaşmasına imkan vermədi. Qarabağ xanlığı qonşu Kartli-Kaxetiya çarlığı (Gürcüstan) ilə dostluq münasibətləri yaratmış və bu münasibətlərin yaranması, möhkəmləndirilməsində M.P.Vaqifin də rolu olmuşdur.
1784-cü ildə Qarabağ xanı İbrahimxəlil xan Tiflisə (o zaman Rusiya Gürcüstanı himayəsinə qəbul etmişdir) gəlmiş və onu M.P.Vaqif müşayiət etmişdir. Mənbələrdə İbrahim xanı müşayiət edən şəxsin - M.P.Vaqifin məşhur Azərbaycan şairi olduğu diqqətə çatdırılmışdır.

Vaqifin yazdığı məktublar Rusiya çarını heyrətləndirir

Qarabağ xanlığı Rusiya ilə də dostluq əlaqələrinin yaradılmasına çalışırdı. Bu əlaqələrin yaradılmasında M.P.Vaqif böyük rol oynamışdır. İbrahimxəlil xanın adından çar II Yekaterinaya yazılan məktublar Rusiya sarayında da böyük marağa səbəb olmuşdu. Təbii ki, bu məktubları M.P.Vaqif yazırdı. II Yekaterina 1784-cü ilin mayında knyaz Q.A.Potyomkinə məktub yazaraq İbrahimxəlil xandan gələn məktubların çox nəzakətlə yazıldığını qeyd edir, bu məktubları digər qonşu dövlətlərdən gələn məktublardan da bəzi cəhətlərinə görə (poetik ruhlu) fərqləndiyini, üstün olduğunu göstərir, eyni zamanda məktubu yazanın şəxsiyyəti ilə (gənc, qoca, güclü, zəif olması ilə) maraqlanmağını tapşırır.

Qeyd edək ki, Qarabağ xanlığı Rusiya ilə əlaqələr yaradarkən ehtiyatlı olmağa çalışır, yenicə əldə etdiyi müstəqilliyə ziyan dəyməməsi üçün yollar axtarırdı. Ümumiyyətlə, Rusiya ilə əlaqələrin yaradılmasında ehtiyatlılıq çarın səmimi, dostluq münasibətlərində ikitərəfli bərabər əməkdaşlığa, xeyirxah məqsədlərə inamın möhkəm olmaması, həm də daxildə bəzi məliklərin mərkəzi xan hakimiyyətinə qarşı çıxmaq təhlükəsi, yarana biləcək intriqalarla bağlı idi.

Qarabağ xanlığının siyasi həyatının ən mürəkkəb dövrü XVIII yüzilliyin sonlarından başlayır. Bu dövrdə qonşu dövlətlər, xüsusilə Rusiya nəinki Qarabağı, bütövlükdə Cənubi Qafqazı ələ keçirmək üçün ciddi planlar hazırlayırlar. 1795-ci ildə A.M.Qacar Tehranı özünə paytaxt edərək Qacarlar dövlətini yaradır. Sonra isə Qarabağa hücum edərək bu ərazini də ələ keçirməyə çalışır. Belə bir tarixi şəraitdə İbrahimxəlil xan A.M.Qacara qarşı birləşmək üçün gürcü (Kartli-Kaxeti) çarı II İrakli, İrəvan hakimi Məhəmməd xan və Lənkəran xanı Mir Mustafa xanla danışıqlar aparır. Bu danışıqlarda Qarabağ xanlığının baş vəziri, xarici siyasi məsələlərdə bacarıqlı diplomat kimi tanınan M.P.Vaqif ilə iştirak edir. Ağa Məhəmməd şah Qacar Qarabağ xanı İbrahimxəlil xana məktub göndərərək Şuşanın təslim edilməsini tələb edir. Müdafiə olunan, inadlı müqavimət göstərən Şuşa isə təslim olmur. A.M.Qacar İbrahimxəlil xanı qorxutmaq üçün Seyid Məhəmməd Şirazi imzası ilə ona bir məktub ünvanlayır. Məktubda yazılmışdı:

Fələyin mancanağından bəla daşları yağır,
Sən isə əbləhcəsinə şüşə içərisində oturmusan.


İbrahimxəlil xan məktubu alan kimi M.P.Vaqifə cavab məktubu yazmağı tapşırır. M.P.Vaqif cavab məktubunu belə misralarla ifadə edir:

Məni qoruyan mənim tanıdığımdırsa
Şüşəni daşın içərisində də salamat saxlayar.


Mir Mehdi Xəzanin “Kitabi-tarixi Qarabağ” əsərində göstərir ki, A.M.Qacar bu kəlamı oxuyan kimi qəzəblənmiş, Şuşanı ələ keçirmək, ona qarşı çıxanları cəzalandırmaq üçün bütün gücünü sərf edəcəyinə and içmişdir.

Şuşa qalasının müdafiəsində

Şuşa qalasının müdafiəsində M.P.Vaqif də bilavasitə iştirak etmiş, özü də silahlanaraq düşmənə qarşı mübarizə aparmış, bütün qala əhalisini, o cümlədən qadınları da döyüşə ruhlandırmışdır. Şuşanın müdafiəsi 33 gün davam etdi. Düşmən şəhəri ala bilmədi və geri çəkilməyə məcbur oldu. Belə bir zamanda Rusiya da Qarabağa hücum etmək üçün tədbirlər hazırlayırdı. Rusiya ordusunun başçısı Valerian Zubov Şamaxıda məskən salmışdı. O, imperatriça II Yekaterinanın adından Qarabağ xanına hədiyyələr, həmçinin birinci vəziri M.P.Vaqifə qiymətli daşlarla bəzədilmiş bir əsa göndərmişdir.

1796-cı ilin noyabırında Rusiya çariçası II Yekaterina vəfat edir. Yeni çar I Pavel (II Yekaterinanın oğlu) rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması barədə əmr verir. Rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması xəbərini eşidən A.M.Qacar yenidən Qarabağa hücuma hazırlaşır. Tarixi mənbələrdəki məlumatlardan aydın olur ki, belə bir şəraitdə İbrahimxəlil xan A.M.Qacara qarşı mübarizə aparmağın mümkün olmayacağı qənaətinə gəlir. Çünki A.M.Qacarın Qarabağa, Şuşaya birinci hücumu zamanı xanlığa çox ziyan dəymişdi. Digər tərəfdən Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində məhsul qıtlığı yaranmış, əhali arasında aclıq başlanmışdı. M.M.Xəzaninin yazdığına görə, əhali hətta at və qatır, eşşək və pişik əti yeyir və meşələrdən palıd yığıb, qurudub dəyirmanda üyüdürdülər. Bir çox adamlar aclıqdan həlak olur. Belə bir şəraitdə İbrahimxəlil xan Qarabağı tərk edir, ailəsi və yaxın adamları ilə birgə Balakənə - qaynı Ümmə xanın yanına gedir. Həmin vaxt M.P.Vaqif Qarabağda deyildi. Bəzi mənbələr onun Tiflisdə, bəziləri isə Gəncədə, yaxud Gülüstan yaylağında olduğu barədə məlumat verir. İbrahimxəlil xan M.P.Vaqifin də öz yanına gətirilməsi üçün tədbirlər görür. Lakin A.M.Qacarın adamları tərəfindən M.P.Vaqif həbs edilir. Şahın əmrilə M.P.Vaqifi səhər edam etmək üçün zindana salırlar. Lakin gecə A.M.Qacarın özü öldürülür. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra onun qoşunları Qarabağı tərk edərək, geri qayıdır. Qarabağ hakimliyi isə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy İbrahimxəlil xanın yaxın adamlarını aradan götürməyi planlaşdırmışdı. M.P.Vaqif onunla yaxınlaşmaq, yaranmış soyuq münasibətləri aradan qaldırmaq istəyirdi.

Vaqif oğlu ilə birlikdə edam edilir

“Qarabağ iki xanındır. Yarısı sənin, yarısı İbrahimxəlil xanın”, - deyən M.P.Vaqif Məhəmməd bəyə “Yenidən bir cavan gəlib ərsəyə” adlı şeir də həsr etmiş, lakin bunların münasibətlərin normallaşmasına təsiri olmamışdı. Özünü Qarabağ xanı elan etmiş Məhəmməd bəy Cavanşir bilirdi ki, M.P.Vaqif İbrahimxəlil xanın tərəfdarıdır, onun siyasətinə sadiqdir və İbrahimxəlil xan geri qayıdanda M.P.Vaqif yenə də öz vəzifəsində qalacaq. Ona görə də M.P.Vaqifi tezliklə sıradan çıxarmağa çalışır. Beləliklə, Məhəmməd bəy Cavanşirin əmri ilə M.P.Vaqif oğlu Əlağa ilə birlikdə 1797-ci ildə edam edildilər. Şuşada şərəflə dəfn edilən M.P.Vaqif xalqın yaddaşında müdrik dövlət xadimi kimi qalmışdır. Onun məzarı xalq tərəfindən həmişə hörmətlə ziyarət olunmuşdur.

Müdrik dövlət xadiminin xatirəsinə ehtiram

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə burada məqbərə kompleksi tikilmiş, məzarı üzərində bu müdrik dövlət xadiminin abidəsi-heykəli ucaldılmış, 1982-ci ildə əzəmətli məqbərə kompleksinin açılışı olmuşdur. Lakin təəssüf ki, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Şuşa ərazisi də düşmən tapdağına çevrilmiş, tarixi abidələrimiz, ziyarətgahlarımız, o cümlədən M.P.Vaqifin məqbərəsi dağıdılmışdır.

Biz inanırıq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq, üçrəngli əzəmətli dövlət bayrağımız itirilmiş bütün torpaqlarımızda, o cümlədən Şuşada dalğalanacaq. O zaman o torpaqlarda yaşamış, o torpaqlar uğrunda canını fəda etmiş soydaşlarımızın ruhu şad olacaqdır.

M.P.Vaqif XVIII yüzillikdə yaşasa da o, bizim üçün həm də müasirdir. Təcrübə göstərir ki, ictimai-humanitar fənlərin, o cümlədən tarix fənninin tədrisində M.P.Vaqiflə bağlı şagirdlərə geniş məlumat vermək imkanları vardır.
Ümummilli liderimiz Heydər Əliyev və ulu öndərimizin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev həmişə tariximizə, mədəniyyətimizə yüksək dəyər vermiş, onun öyrənilməsi, qorunması üçün zəruri tədbirlər görmüşlər. Ulu öndərimiz haqlı olaraq “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” deyirdi.

Tarix dərslərində ayrı-ayrı tarixi şəxsiyyətlərimizin dövlətçilik fəaliyyətindən bəhs edərkən bu sırada M.P.Vaqifin də xüsusi yerini qeyd etmək zəruridir. Bu baxımdan “Azərbaycan XVIII yüzillikdə, Xanlıqlar” mövzusu daha geniş imkanlara malikdir.
Dövlət xadimlərimizin müdrik siyasəti, xalqımızın mənafeyinin, milli maraqlarımızın nəzərə alması mənəvi dəyər nümunəsidir. Mənəvi dəyərlərimizi qorumaq isə hər birimizin borcudur.

yuxarı ⤴