|
Mikayıl Müşfiqin xatirəsi anılıb
“Cahan ki, solmayan bir bağça-bağdır, ...”. Bu ölməz misralar ürəklərdə
əbədi məskən salan, unudulmaz söz sərrafı Mikayıl Müşfiqə məxsusdur.
Vəfatından 80 il keçməsinə baxmayaraq xalq sevimli şairinin xatirəsini bu
gün də yaşadır.
AZƏRTAC xəbər verir ki, Müşfiqin xatirəsinə həsr olunan silsilə tədbirlərdən
biri də Bakıda şairin büstü önündə “Cabir Novruz” Mədəniyyət Fondunun
təşkilatçılığı ilə keçirilib.
Böyük söz ustasının xatirəsini əziz tutan pərəstişkarları büstü önünə gül
dəstələri düzərək, şair haqqında ürək sözlərini bölüşüblər. Fondun rəhbəri
Cavanşir Qurbanov, professor Məmməd Əliyev, şairlər Oqtay Rza, Ofeliya
Babayeva, Musa Ələkbərli, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin
şöbə müdiri Sənan Talıbov, yazıçı-publisist Müşfiq Cabiroğlu, əməkdar
jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə
Dəyanətqızı və başqaları çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin
həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət
açıblar.
Bildirilib ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli mənlik şüurunun
inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin
tərbiyəsində əvəzsiz xəzinədir.
Şairin xatirəsinə həsr olunan silsilə tədbirlərdə şairin şeirlərindən
parçalar səsləndirilib, xalq şairi Cabir Novruzun “Müşfiq ağıları” əsasında
hazırlanmış kompozisiya təqdim olunub.
|