1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

ADPU-da kitab təqdimatı keçirilib
12.01.2018 / No01


 

 


“Türkmənşəli sözlər lüğəti”ndə 44 mindən çox söz yer alıb

Şakir CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl Məmmədli, Ənvər Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu “Türkmənşəli sözlər lüğəti” kitabının təqdimatı keçirilib. Kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.

Tədbiri ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq yeni lüğətin tədris sistemindəki yerindən və əhəmiyyətindən danışıb və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov kitabın XXI əsr lüğətşünaslığı üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu gün sizə təqdim etdiyimiz “Türkmənşəli sözlər lüğəti” bütün normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığından xəbər verir. Yaşadığımız əsrdə müxtəlif növ lüğətlərə tələbat artır. Dilimizin lüğət tərkibinə hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma sözlərin 44 minə yaxını türkmənşəlidir. Bütün bu sözlər dilimizin tərkibinə daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqvistik və ensiklopedik lüğətlərə istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub”.

Millət vəkili Aydın Mirzəzadə lüğət haqqında fikirlərini bölüşüb: “Bu kitab söz ehtiyatına görə olduqca faydalıdır. Burada 50-dən çox lüğət növünə daxil olan və olmayan bir sıra yeni sözlər var. Kitabın quruluşu, adı, izahı olduqca uğurlu seçilib. İlk baxışda insana güvən aşılayır. Fikrimcə, bu lüğət Azərbaycan dilçiliyində əsrlərlə qalacaq və istinad ediləcək bir kitabdır”.

Müəlliflərdən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Ənvər Abbasov lüğətə əlavə edilən yeni sözlərdən danışıb: “Bu gün orta məktəb şagirdlərinin ən böyük problemi söz bazalarının azlığı, ifadələrdən yerində istifadə edə bilməmələridir. Eyni zamanda bu kitab şagirdlərdə dilə böyük məhəbbət, maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi üçün bu kimi mənbələrin sayının artırılması önəmlidir”.

Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı “Divani lüğəti-it-türk” əsəri ilə müqayisə edib: “Bu günə qədər sonsuz sayda lüğətlər hazırlanıb. Bu elə də asan məsələ deyil. Bu lüğətin hazırlanması son dərəcə önəmlidir. Türklər tərkibində 613 min söz olan lüğət hazırlayıb. Ümumi türk xalqlarının dillərini əhatə edəcək 1 milyona yaxın söz var. Bura altayların, başqırların və digərlərinin sözləri daxildir”.

Digər müəllif, professor İsmayıl Məmmədli isə bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz bu kimi təşəbbüslərə tez-tez yer verməlidirlər: “Dilçilər arasında kimsə bu təşəbbüsü etməli idi və düşündüm ki, bunu biz edək. Mən bu kitabı əməkdaşlarımızla birlikdə hazırlamışam. Çox geniş araşdırmalar aparmışıq. Məsələn, uzun illər bizim bildiyimiz “tüfəng”, “pələng” kimi sözlər fars sözləri kimi bilinir. Əslində isə bunun dərinliyində çox məqamlar var. Təəssüf ki, bu gün Azərbaycanın etimoloji lüğəti çap olunmayıb. Türklər çoxsaylı lüğətlər çap etdirir və hər birində yeni sözlər tapmaq olar. Bu kitabın ardınca Cəfər Cabbarlının lüğətini hazırlamışıq. Ümumilikdə Azərbaycan dili çox zəngin tərkibə malikdir. Sadəcə, əsrlər keçir və bəzi sözlər unudulur. Bu sözlərin unudulmaması üçün gərək biz özümüz çalışaq. Həmin sözlərin mənalarını yeni nəsil bilməyə bilər. Buna görə, gələcək nəsillərin də hazırkı sözləri unutmamaları üçün biz müəllimlər, pedaqoqlar öz dilimizi mükəmməl bilməliyik”.

ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev çıxış edərək “Türkmənşəli sözlər lüğəti” kitabını yüksək qiymətləndiriblər.

yuxarı ⤴