1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Buraxılış imtahanlarına həsr olunan mətbuat konfransı
20.01.2017 / No2

 
 

 

 


Yanvarın 18-də “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, təhsil ekspertlərinin iştirakı ilə Azərbaycanın orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarında tətbiq olunacaq yeni qaydalara həsr olunan mətbuat konfransı keçirilib.
Yeni qaydalar barədə məlumat verən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva IX sinifdə buraxılış imtahanının iki mərhələdə təşkil olunacağını qeyd edib. Bildirilib ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalı tipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə isə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək. Birinci mərhələdə imtahana 2 saat, inşanın yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilmədiyini söyləyən A.Batıyeva onu da nəzərə çatdırıb ki, hər iki səviyyə üzrə keçiriləcək buraxılış imtahanları Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov şagirdlərin bilik və bacarığının qiymətləndirilməsində tətbiq olunacaq yeni qaydalarla əlaqədar görülən tədbirlərdən danışıb.
Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Şöbə müdiri şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müəyyən məsələlərə toxunub, diqqət yetirilməsi vacib olan bəzi məqamları qeyd edib.
Təhsil eksperti, BDU-nun professoru Şahlar Əsgərov və digər çıxış edənlər qiymətləndirmə ilə əlaqədar fikir və mülahizələrini söyləyiblər.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴