1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Faciə qurbanlarının xatirəsi təhsil müəssisələrində anılıb
20.01.2017 / No2

 
 

 

 


Bakı Dövlət Universitetində

BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül qoyaraq, şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.
Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi haqqında məlumat verib, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.
Bu hadisənin Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və Sovet İttifaqına ciddi zərbə vurduğunu deyən rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rektor çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib.
Daha sonra çıxış edən akademik Vasim Məmmədəliyev, professor İzzət Rüstəmov 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd ediblər. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Mətbuat xidməti


Azərbaycan Dövlət İqtisad Universitetində



Yanvarın 19-da UNEC-də 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilən tədbir keçirilib.
UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidənin önündə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti ilə birlikdə şəhid ailələri də iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov, universitet kollektivi və şəhid ailələri “Qanlı yanvar UNEC tələbələrinin gözü ilə” adlı rəsm və fotosərgiyə baxış keçiriblər. Tədbir iştirakçıları Memorial Abidənin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvar faciəsinin başvermə səbəblərindən söz açaraq, 27 il əvvəl törədilən qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığını vurğulayıb. “Şəhid tələbələr hər zaman bizim qürur mənbəyimiz olub” deyən rektor UNEC-də onların adının daim hörmət və ehtiramla xatırlandığını bildirib.
Rektor qeyd edib ki, 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Ulu öndər həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.
UNEC-in şəhid tələbəsi Habil Əzizovun qardaşı Etimad Əzizov qardaşı ilə bağlı xatirələrini bölüşüb. Tədbirə qatılan digər şəhid yaxınları - İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov və Məhəmməd Umudovun atası Eldar Umudov şəhid ailələrinə olan dövlət dəstəyindən söz açıblar.
20 Yanvar şəhidi Aslan Ağaverdiyevin nəvəsi, UNEC-in tələbəsi Aslan Əzimzadə adını daşıdığı babasının şəhidlik zirvəsinə ucalmasından söz açıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Yanvarın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyətinin iştirak etdiyi tədbir universitetin şəhid olmuş 3 tələbəsinin - Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri önündə başlanıb. Onların vaxtı ilə oxuduqları fakültələrin önündə qoyulan barelyefləri önünə qərənfillər düzülüb, şəhidlərin xatirəsi yad edilib.
Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor M.Babanlı 27 il əvvəl baş verən hadisələrdən danışıb. ADNSU-nun şəhid olan tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti qeyd edən və ali məktəbin onların qəhrəmanlığını daim qürurla xatırladığını vurğulayan rektor M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən şəhid yaxınları da öz ürək sözlərini deyib, onların doğmalarına göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları 20 Yanvar hadisələrini və həmin gün şəhid olan qəhrəman oğulları bir daha yad edib, bu təqvim gününün Azərbaycanın tarixində matəm izi ilə yanaşı, həm də şanlı bir iz qoyduğunu qeyd ediblər. Onlar faciə günü yaşadılqarı anları xatırlayıb və torpaqlarımızın düşməndən azad olunacağı, şəhidlərin qanının yerdə qalmayacağı günün gələcəyinə inandıqlarını bildiriblər.

Mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
Kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Samir Həmidov çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O vurğulayıb ki, 20 Yanvar faciəsini digər faciələrdən fərqləndirən əsas cəhət Azərbaycanın dinc əhalisinin dünyanın ən böyük və güclü dövlətlərindən birinə qarşı silahsız və əliyalın savaşması olub. Bu qanlı olayın azadlıq hərəkatının mühüm bir hissəsi olduğunu diqqətə çatdıran S.Həmidov qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində milli kimliyimizi qazanmışıq.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu belə bir günün fəxrlə anıldığını bildirib. Professor qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyib.
Sonra beynəlxalq münasibətlər kafedrasının əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğu bildirilib, həmçinin 20 Yanvar hadisələrinə ilk siyasi-tarixi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.

İnformasiya Departamenti

Sumqayıt Dövlət Universitetində

Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən universitetin foyesində 20 Yanvar faciəsini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.
Sonra professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olan məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzərək onları bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib.
Rektor 20 Yanvar hadisələrindən sonra ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Xocalı dəhşətlərini, Qarabağ faciələrini, qaçqın və məcburi köçkünlərin kədərini, Şuşa niskilini yaşasa da milli istiqlala qovuşduğunu qeyd edib. Bildirilib ki, 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdandan sonra 20 Yanvar hadisələrinə, ümumiyyətlə, soyqırımlar tarixinə siyasi qiymət verən, şəhidlərin adını əbədiləşdirən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
Tədbirdə Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Karyera mərkəzinin müdiri Zahid Bünyadov 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqın əsrlərlə rus rejimindən, müstəmləkə siyasətindən azad olmaq uğrunda mübarizəsindən danışıblar. Çıxışlarda 27 il əvvəlki hadisələrin yalnız faciə deyil, həm də xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.
Şəhid ailələri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tələbələrdən Əliyar Rəfiyev, Anarə Rzayeva, Könül İbrahimova, İbrahim Qanıyev vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.

Mətbuat xidməti

Azərbaycan Dövlət Pedaqoji Universitetində

Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Mərasimdə öncə 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimini giriş sözü ilə açaraq bildirib ki, bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi.
Anım mərasimində Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova “Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü” mövzusunda məruzə edib.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev çıxış edərək həmin faciəli gün şahid olduqları hadisələrdən danışıblar.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə 20 Yanvar faciəsinin səbəb və nəticələrini, mahiyyətini dərindən öyrətməyi tövsiyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Texniki Universitetində

Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iqtidarında olan, güclü iqtisadiyyata sahib bir ölkədir.
Daha sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Məmmədaslan Quliyev çıxış ediblər.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filmlər, slaydlar nümayiş olunub və tələbələrin ədəbi-bədii kompozisiyası təqdim edilib.

Mətbuat xidməti

Azərbaycan Dillər Universitetində

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
Kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Samir Həmidov çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O vurğulayıb ki, 20 Yanvar faciəsini digər faciələrdən fərqləndirən əsas cəhət Azərbaycanın dinc əhalisinin dünyanın ən böyük və güclü dövlətlərindən birinə qarşı silahsız və əliyalın savaşması olub. Bu qanlı olayın azadlıq hərəkatının mühüm bir hissəsi olduğunu diqqətə çatdıran S.Həmidov qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində milli kimliyimizi qazanmışıq.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu belə bir günün fəxrlə anıldığını bildirib. Professor qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyib.
Sonra beynəlxalq münasibətlər kafedrasının əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğu bildirilib, həmçinin 20 Yanvar hadisələrinə ilk siyasi-tarixi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.

İnformasiya Departamenti

“Naxçıvan” Universitetində

“Naxçıvan” Universitetində “20 Yanvar-milli müstəqilliyimizə gedən yol” mövzusunda elmi konfrans keçirilib.
Konfrans başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə çıxış edərək xalqımızın tarixinə 20 Yanvar kimi daxil olmuş bu faciənin tarixindən, başvermə səbəblərindən danışıb. Qeyd olunub ki, həmin gecə milli-azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı divan tutulmuş, kütləvi terror nəticəsində yüzlərlə günahsız gənc, körpə, yaşlı amansızlıqla qətlə yetirilmiş və yaralanmışdı. Bütün bunlar isə totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonra universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir”, idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında çıxış ediblər.
Daha sonra “Azərbaycan dili və ədəbiyyat”kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin poeziyamızdakı yeri haqqında konfrans iştirakçılarına məlumat verib.
Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət edib və 20 Yanvar faciəsini əks etdirən slayd nümayiş etdirilib.

Nuray ƏSGƏROVA

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakıdakı 20 nömrəli məktəb-liseydə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Yaqut Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının törətdiyi qanlı faciədən danışıb.
Aparıcılar Türkan, Ceyran və Rəsul tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq bu faciəni törədənlər barədə və Azərbaycanın müstəqilliyi uğrunda canını qurban verən vətən oğullarının qəhrəmanlıqlarından söz açıblar. Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyyam Fərəcov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Nağıyev və digər qonaqlar çıxışlarında 20 Yanvar faciəsindən danışaraq şagirdlərə tariximizi yaxşı bilməyi, həmişə vətənpərvər və mübariz olmağı, yaxşı təhsil alaraq Vətənimizə, dövlətimizə layiq vətəndaş olmağı arzulayıblar.
Məktəbin fəal şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər. Sonda Qanlı Yanvar hadisələrini özündə əks etdirən videoslayd nümayiş olunub.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

Bakı şəhəri 108 nömrəli tam orta məktəbdə

Bakının Sabunçu rayonundakı C.Nurməmmədov adına108 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə günahsız 20 Yanvar şəhidlərinin, soyqırım qurbanlarının, o cümlədən məktəbin torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən məzunlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Narınc Mehdiyeva tədbiri açaraq 20 Yanvar hadisələrini Azərbaycan tarixinin hüzn və şərəf səhifəsi kimi qiymətləndirdi.
Məktəbin VI “A” sinfinin rəhbəri Əzizə Sadıqova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Dadaşovanın hazırladığı “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Bildirildi ki, faciə qurbanları arasında məktəblilər -13 yaşlı Larisa və 14 yaşlı İlqar da var idi.
VI “A” sinif şagirdi Əsgər Əsgərov Azərbaycan Dillər Universitetinin tələbəsi, şəhid Ülvi Bünyadzadənin ölümündən 4 ay 10 gün əvvəl yazdığı “And”ını söylədi. Şagirdlərdən Ruqiyyə Qurbanova, Aysel Nuriyeva, Səkinəxanım Hadıyeva, Emin Novruzov və başqaları 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər. Safura Ələkbərli isə “Sarı gəlin” mahnısını ifa etdi.
O müdhiş gecədə şəhid olmuş Maştağa qəsəbə sakinləri Baloğlan Bağırov və Kamal Məmmədovun yaxınları tədbirdə iştirak edirdilər. Şəhidlərin yaxınları adından çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Salar Məmmədov Kamal haqqında xatirələrini söylədi.

Qabil YUSİFOĞLU

Bakı Qida Sənayesi Kollecində

Yanvarın 18-də Bakı Qida Sənayesi Kollecində ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, fotosərgiyə və stendlərə baxış keçirilib.
Kollecin kitabxanaçısı Firuzə Xəlilova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qırğından danışıb, faciədə şəhid olan, yaralanan və itkin düşən insanlar barədəki statistikanı diqqətə çatdırıb, bu faciəni törədənlərin səriştəsiz siyasətləri nəticəsində xalqı uçuruma apardıqlarını qeyd edib.
Müəllim Firidun Oruc çıxışında tariximizə qara hərflərlə yazılmış hadisədən 27 il ötdüyünü vurğulamaqla şəhidlərin xatirəsinə həsr etdiyi “Şəhidlər günü” şeirini söyləyib.

Akif KƏRİMLİ

Lerik rayon Piran kənd tam orta məktəbində

Lerik rayon Piran kənd tam orta məktəbində faciənin ildönümü ilə bağlı “20 Yanvar milli iftixar günümüzdür” adlı tədbir keçirildi. Müəllim və şagirdlərlə bərabər kənd sakinlərinin, ağsaqqalların, veteranların qatıldığı tədbirin iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisinə, məktəbin foyesində düzəldilən fotostendə baxdılar. Məktəbin direktoru Rövşən Məmmədovun giriş sözündən sonra şəhidlərin xatirəsi böyük ehtiramla yad olundu. Direktor çıxışında faciənin tarixi haqqında geniş məlumat verərək bu qanlı hadisəyə layiqli hüquqi-siyasi qiymət verilməsində, eləcə də cinayətkarların adının xalqa bəyan edilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini faktlarla xatırlatdı.
Məktəbin müəllimləri Tehran Höccətov, Arzuman Səfərov, kənd fəalları Aydın Şükürov, Məhərrəm Aslanov, Habil Əliyev 20 Yanvarda vətən yolunda şəhid olanların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını söylədilər. Sonra məktəbin bir qrup şagirdinin ifasında “Vətən şəhidləri ilə ucadır” mövzusunda ədəbi-bədii kompozisiya göstərildi.

Zəfər ORUCOĞLU

İlk dərslər 20 Yanvara həsr edilib

Yanvarın 19-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunub.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açıblar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılıb, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənib.
Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda fikir mübadiləsi aparılıb.
Onu da qeyd edək ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.

www.bakuedu.gov.az

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvarla bağlı tədbir keçirilib. Tədbiri mərkəzin direktoru, fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq faciə barədə danışıb. Qeyd edilib ki, 20 Yanvar faciəsindən 27 il ötsə də o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin oyanış günüdür. 1990-cı ilin 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqın başına gətirilən bu cinayət Sovet imperiyasının iç üzünü ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
Sonra mərkəzin müəllimlərindən Nuranə Əhədzadə, şagirdlərdən Məhəmməd Rəhimli çıxış edib, Azad Mirzəzadə, Sübhan Abbaslı, Aysel Kərəmova, Emin Əsgərov, Xanlar Əhmədov, Sühel Ağazadə və Sənan Alıyev isə 20 Yanvara həsr olunmuş şeirlər söyləyiblər.
Tədbir zamanı 20 Yanvarla bağlı filmin nümayişi də olub.

Aybəniz MƏMMƏDOVA,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini
yuxarı ⤴