1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADPU-da ali təhsilin informatlaşmasının aktual problemlərinə həsr olunan “dəyirmi masa”
20.01.2017 / No2

 

 

 


Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron universitet: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eləcə də Azərbaycanın qoşulduğu Bolonya Bəyannaməsində İKT-nin tədris prosesinə tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da Elektron universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. “Dəyirmi masa”nın keçirilməsində də məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və perspektivləri müzakirə etmək, eləcə də ayrı-ayrı universitetlərin iş təcrübəsi ilə tanış olmaqdır.
“Dəyirmi masa”da ADPU-nun İKT Mərkəzinin direktoru, dosent İlham Əhmədov “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT Departamentinin direktoru Elnur Səfərli “Elektron universitetin yaradılmasının aktual problemləri”, Bakı Dövlət Universitetinin İT Mərkəzinin şöbə müdiri Şahin Əsgərov “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, Azərbaycan Texniki Universitetinin İT və proqramlaşdırma kafedrasının müdiri, dosent Zəfər Cəfərov “AzTU-da “Elektron universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında slaydlarla çıxış ediblər.
Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov, Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sərxan Talıbzadə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Azərbaycan Turizm və Menecment Universitetinin informatika kafedrasının müdiri, dosent Nazim Rüstəmov, Təhsil İnstitutunun əməkdaşı Almaz Həsrət və başqaları çıxış üçün söz alaraq universitetlərin elektron idarəetmə sisteminin yaradılması və bu sahədə vahid standartların müəyyən edilməsi ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴