1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Humanist pedaqogika: problemlər, perspektivlər
20.01.2017 / No2

 
 

 

 


Tarix özünü elə aparır ki, sanki hər dəfə nəsə yeni bir şey danışır, əslində isə o, əvvəldən axıra ayrı-ayrı adlar altında, ayrı-ayrı qabıqlarda eyni hadisədən bəhs edir.
A.Şopenhauer

XX əsrin 90-cı illərində məlum oldu ki, şagirdlərin təfəkkürünün inkişaf tempi mövcud təhsil standartlarına, qəbul olunmuş proqramlara, öyrətmə metodikalarına adekvat deyil. Şagirdlərin həddən artıq “ölü” faktlar ilə yüklənməsi onların psixikasında gərginlik yaradır. Bunun da nəticəsində şəxsiyyətin inkişafında ləngimələr baş verir, şagird öz maraq və qabiliyyətini düzgün istiqamətləndirə bilmir, nəticədə passivləşir, məsuliyyət hissi azalır. Kütləvi sovet məktəbinin tipik məhsulu, görkəmli rus alimi V.V.Davıdovun qeyd etdiyi kimi, hərtərəfli, harmonik inkişaf etmiş şəxsiyyət deyil, adi təfəkkürün daşıyıcısı, orta səviyyəli, sosiotipik fərd idi.
Totalitar sovet rejimində yenilik kimi təqdir olunan bu ideya Azərbaycan müstəqillik qazandıqdan sonra öz yerini şəxsiyyətyönümlü nəzəriyyələrə verdi. Etiraf etmək lazımdır ki, şəxsiyyətyönümlü təhsil məktəbdə həmişə aktual olmuşdur. Sadəcə, son illərdə bu məsələ daha da aktuallaşmışdır. Azərbaycanda milli və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə və milli-tarixi ənənələrə söykənən təhsil islahatlarının aparılması dönməz xarakter almışdır. Bu tarixi proseslərin uğurlu getməsi, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə xidmətinin ən mühüm şərti və təməl prinsipi həmin tarixi quruculuq işlərini tənzimləyən hüquqi-normativ bazanın və elmi-metodik xidmətin yaradılması hesab edilir. Bu baxımdan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun (2009), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2013) təsdiqi milli təhsilimizin yeni məzmun və mahiyyətdə qurulmasını, bu sahədə əsaslı islahatların davam etdirilməsi zərurətini doğurmuşdur. Müstəqil dövlətin əsas dayaqlarından biri milli təhsil quruculuğu, milli dövlət təhsil siyasətinin yeridilməsi sayılır. Təhsildə milli tərəqqiyə, üstün inkişafa nail olmadan millətin, dövlətin real tərəqqisindən, inkişafından danışmaq mümkün deyil. Ona görə də Azərbaycanda maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sosial-mədəni həyatın yeniləşdirilməsində, cəmiyyətin intellektual-mənəvi inkişafında təhsilin müstəsna əhəmiyyəti var. Bu inkişafın isə elmi-pedaqoji proqramı olmalıdır. Azərbaycanda milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün - humanistliyin prioritet kimi irəli sürülməsi nəticəsində Azərbaycan təhsilində diferensiasiyaya əsaslanan monoloji mədəniyyətdən fərqli olaraq inteqrasiyaya əsaslanan dialoji mədəniyyətin formalaşdırılması aparıcı mövqe qazandı.Yaddaş məktəbindən təfəkkür məktəbinə keçən Azərbaycanda təhsil sisteminin əsasına: ümumi dəyərlər, təhsil prinsiplərinin fəlsəfi əsasları (bərabərlik və azadlıq), təhsil və vicdan azadlığını əks etdirən liberal ideologiya, demokratik cəmiyyətin əsas komponentlərindən olan fasiləsiz təhsil, bərabərlik və məsuliyyətliliyi nəzərdə tutan insan hüquqları qoyuldu. Cəmiyyətin tərəqqisi naminə təhsildə demokratik dəyərlər inkişaf etdirildi, bu isə təlimin fərdiləşdirilməsində, müxtəlif təhsil formalarının seçilməsində, eləcə də yaşlıların təhsilə cəlb edilməsində öz əksini tapdı. Milli təhsil quruculuğunda yeniləşmə yeni məzmun və struktur dəyişiklikləri ilə nəticələndi. Elə bir təhsil sisteminin formalaşdırılması nəzərdə tutuldu ki, burada hər bir şagird azad və bərabər təhsil ala bilsin, özünütəhsil, özünüidarə, özünü reallaşdırma yolu ilə potensial imkanlarını üzə çıxartsın, özünü təkmilləşdirsin, təsdiq etsin və həm də başqa adamlarla qarşılıqlı əməkdaşlığa hazır olsun. Bunun üçün, hər şeydən əvvəl, ənənəvi
didaktik sistemlərin yeniləşdirilməsinə, müəllim-şagird əməkdaşlığının yenidən qurulmasına, öyrətmə-öyrənmə prosesində ağırlıq mərkəzinin tədricən şagirdin üzərinə köçürülməsinə başlanıldı. Azərbaycan pedaqoji elmində belə bir fikir formalaşdırıldı ki, şagird yalnız ona məxsus olan təbii imkanlara, xüsusiyyətlərə, fərdi qabiliyyətlərə və məqsədlərə malik olan, fəal hərəkət edən subyektdir. O, yaşadığı cəmiyyətin birgəyaşayış qaydalarına riayət edən, milli və bəşəri dəyərləri qoruyub saxlayan, yeni mədəniyyət nümunələri yaradan, müstəqil formalaşan və azad vətəndaşa çevrilən şəxsiyyətdir. Təhsilin vəzifəsi isə böyüyən bu insana həyat şəraitini keçmiş nəsillərdən bir hədiyyə olaraq qəbul etməməyi, onu yaradıcı dəyişməyi, öz həyatını daha yaxşı qurmağı öyrətməkdən ibarət olmalıdır. Təhsil insanın ruhunu qidalandırmalı, onda özünə, öz daxili potensialına və onu yaradan Tanrıya inam hissi yaratmalı, onu özünüdərkə hazırlamalıdır. Təhsil insanlara istənilən həyat şəraitində düzgün hərəkət etmək qabiliyyəti aşılamalıdır. Mahiyyət etibarı ilə bu problem yeni yanaşma, yeni pedaqoji təfəkkür tələb edir. Pedaqoji prosesin əsasında duran paradiqmaları dəyişmək, onu yeni məzmunda qurmaq həyat reallığına çevrilir. Belə olan halda müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə həyata keçirilən birgə fəaliyyətlərinin zahiri ifadəsi olan təlimin təşkili formalarının da məzmunu və xarakteri dəyişir. Sosial səbəblər və didaktik sistemlərin inkişafı ilə əlaqədar olaraq meydana gələn, ciddi reqlamentə, sərt qaydalara əsaslanan standart dərslər tədricən öz yerini qeyri-standart dərslərə verir.
Humanist pedaqogikanın məqsədi uşağın imkanına inam, onun orijinal təbiətini üzə çıxarmaq, ona bir şəxsiyyət kimi hörmət etmək, yaxşı əməllərə xidmət etmək, ədalətli olmaq və müasir pedaqoji düşüncə, öz metodları və formaları ilə tarixi, sosial, milli və iqtisadi şəraitdən asılı olaraq yeni pedaqoji sistemlərin meydana gəlməsinə şərait yaratmaqdan ibarətdir. Buna görə də şagirdin bir şəxsiyyət kimi formalaşdırılması və inkişaf etdirilməsi üçün təhsil humanistləşdirilməli, demokratikləşdirilməli, humanitarlaşdırılmalı, təlim inkişafetdirici və tərbiyəedici olmalı, fərdiləşdirilməli və diferensiallaşdırılmalıdır. Fikrimizcə, pedaqoji fəaliyyətin aksioloji xarakteristikası onun humanist mənasını əks etdirir. Təhsilin humanistləşdirilməsi bir tərəfdən müəllim-şagird, şagird-şagird münasibətlərinin humanistləşdirilməsini, digər tərəfdən təlimin və tərbiyənin məzmununun, forma və metodlarının elə qurulmasını nəzərdə tutur ki, bu zaman hər bir şagirdin fərdiyyətinin, idrakının, şəxsiyyətəməxsus keyfiyyətlərinin səmərəli inkişafı təmin olunur, uşağın yaxşı oxuya bilməsi və yaxşı oxumaq istəməsi üçün əlverişli şərait yaradılır. Təhsilin humanistləşdirilməsi, ilk növbədə, şagirdin təlim prosesində bilavasitə inkişaf etdirilməsini, özünü bir şəxsiyyət kimi təsdiq etməsi, özünüreallaşdırması üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Elə bir şərait, elə bir təhsil mühiti ki, şagird özü oxumaq istəsin. Zor gücünə verilən bilik ağlı boğur. H.C.Ayzenk deyirdi ki: “Əgər biz atı su axurunun yanına gətirə biliriksə, uşağı da bu qaydada məktəbə gətirə bilərik. Lakin atı su içməyə məcbur edə bilmədiyimiz kimi, uşağı da, əgər o bunu istəmirsə, oxumağa məcbur edə bilmərik”. Görkəmli psixoloq B.S.Blum yazırdı ki, təlim prosesi düzgün təşkil edildikdə, şagirdlərin 95%-i təlimin məzmununu tamamilə mənimsəyə bilər. U.Qlasser isə deyirdi ki, gələcəyin məktəbində uğursuz şagird olmayacaq. Buna görə də təlimin ilk mənbəyi real həyat və birbaşa təcrübə olmalıdır. Müəllim-şagird münasibətləri qarşılıqlı anlaşmaya və humanist ideyalara əsaslanmalıdır. Müəllim şagirdlərin daxili aləminə nüfuz etməli, onların rəylərini öyrənməli, ideyalarından bəhrələnməli, müstəqillik və təşəbbüskarlığını rəğbətləndirməli, hörmət hissini tələbkarlıqla üzvi surətdə uzlaşdırmalıdır. Homer deyirdi ki, təhsil şagirdə hörmətdən başlayır. Konfutsi deyirdi ki, mən bəzi şeyləri kitablardan, çox şeyi yoldaşlarımdan, daha çox şeyi isə şagirdlərimdən öyrəndim.
Humanist məktəbdə profillər üzrə təlimin təşkili mühüm bir istiqamət kimi nəzərdə tutulur. Ənənəvi pedaqogika praktikaya o qədər də dəyişdirici təsir göstərə bilmir. İnzibati-amirlik dövründə formalaşan ideoloji ehkamlar pedaqogikanı öz təbii inkişaf axarından çıxarmışdır. Uşaqların anadan bərabər imkanlarla doğulması, təhsil-tərbiyədə bərabər imkanlara malik olması kimi heç bir elmi əsasa söykənməyən fikirlər bu gün özünü doğrultmur. Elm və təcrübə sübut edir ki, təhsil-tərbiyənin köməyi ilə çox şeyi dəyişmək olar, amma insanın təbiətini dəyişmək olmaz. Bu, çox vacib bir amildir. Təhsil-tərbiyə prosesində baş verən çatışmazlıqların əsas səbəblərindən biri elə budur. Məktəbdə təhsil-tərbiyə prosesinin yüksək səviyyədə təşkilinə baxmayaraq, şagirdlər çox zaman şəxsi təşəbbüskarlığa, müstəqilliyə və yaradıcılığa hazır olmurlar. Çünki məktəblərin əksəriyyətində əzbərçilik, təkrar, dərsliklər üzərində qeyri-məhsuldar təlim metodları geniş kök salmışdır. Hələ də təlim metodikasının əsas hissəsi təqlid olaraq qalır. Təhsil-tərbiyə prosesi “müəllim təlimin mərkəzi kimi” və “orta səviyyəli şagird” modelinə istinad edir. Bu model şagirdlərin tələbatları, qabiliyyətləri və çalışqanlıqlarından nisbətən uzaqdır. Orta səviyyəli şagirdə istinadən təşkil olunan dərsdə həm zəif oxuyanlar, həm də istedadlılar diqqətdən və qayğıdan kənarda qalır. Bu çatışmazlığı aradan qaldırmaq üçün orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə təhsil almaları gənc istedadların üzə çıxarılmasına, qabiliyyətlilərin aşkarlanmasına kömək edir.
İstedadlı məktəblilərin üzə çıxarılması, onların təhsil-tərbiyəsi təhsil siyasətinin ən prioritet sahələrindən biridir. Çünki ayrı-ayrı istedadlı gənclər millətin tərəqqisinin və gələcək rifahının təkanvericiləridir. Alimlərin hesablamalarına görə, hər yaş dövrünün təmsilçilərinin 3-8%-i mühüm qabiliyyətlərə və istedada malikdir, təhsil prosesi düzgün qurulmadığından şagirdlərin əksəriyyəti onları təzahür etdirə bilmirlər. Elə buna görə də beynəlxalq təhsil təcrübəsində, aparıcı dövlətlərin ictimai və pedaqoji dairələrində təhsilin demokratikləşdirilməsi ideyası diqqət mərkəzindədir. Bu problemə iki müxtəlif baxış mövcuddur. Bunlardan biri eqalitarizm (yəni ümumi bərabərlik) - ümumi təhsilin eyniliyi ideyasına əsaslanır. Digəri isə şagirdlərin fərdi xüsusiyyətlərini, meyil və maraqlarını nəzərə almaqla təhsil prosesinin diversifikasiyasını nəzərdə tutur. Sonuncu baxışın tərəfdarları hesab edirlər ki, məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsilalanların təhsilə olan ehtiyacları öyrənilməlidir. Bu, təbii ki, həm də cəmiyyətin ehtiyacı deməkdir. Belə bir tələbatın öyrənilməsi nəticəsində əldə edilən məlumatlar təhlil edilir, düzgün layihələşdirmənin aparılması üçün diaqnozlaşdırma, proqnozlaşdırma həyata keçirilir. D.Karnegi yazırdı: “Hər yay mən balıq ovuna gedirəm. Üstünə qaymaq tökülmüş çiyələyi şəxsən mən çox sevirəm, lakin öyrəndim ki, qəribə səbəb üzündən balıq soxulcanı üstün tutur. Buna görə də balıq ovuna gedəndə özümün nə istədiyim barədə düşünmürəm. Balığın nə istədiyi haqqında düşünürəm. Qırmağa tələ kimi qaymaqlı çiyələk taxmıram, balığı soxulcan, yaxud çəyirtkə ilə aldadaraq deyirəm: “Dadına baxmaq istəmirsən ki?”. Təlim prosesinin səmərəsi, şagirdlərin təlim uğurları bilavasitə şagirdin mənəvi ehtiyaclarının, təhsilə olan tələbatlarının nəzərə alınmasından birbaşa asılıdır. Humanist pedaqogikaya görə, müəllim hazır bilik verməməli, əlaqələndirici, istiqamətləndirici, məsləhətçi rolunda çıxış etməli, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir. Doğrudan da, dosta balıq verməkdənsə, ona balıq tutmağı öyrətmək faydalı deyilmi? Bu prosesdə şagirdlər passiv olmamalı, tədqiqatçı, təcrübəçi, yaradıcı subyekt kimi əvvəlcədən müəyyən olunmuş nəticələrin əldə edilməsi üçün məqsədyönlü fəaliyyət göstərməlidirlər. Əgər keçən əsrin 70-ci illərində “Conni nə üçün oxuya bilmir?” sualı Amerika təhsilinin ən başlıca suallarından biri idisə, sonralar o yeni sualla “Conni nə üçün düşünə bilmir?” sualı ilə əvəz olundu. Şagirdləri fikirləşməyə öyrətməyi vacib hesab edən Amerika alimi V.Bruer suala münasibət bildirərkən deyirdi: “Əgər biz Amerikada təhsilin səviyyəsini yüksəltmək istəyiriksə, şagirdlərə insanı ağıllı, öyrənən, düşünən varlıq edən keyfiyyətlər aşılamalıyıq”. İndiki dövrdə, əslində, bu bütün dünyada Hamlet dilemmasıdır: olum, ya ölüm məsələsidir. Düşünmək insanın başlıca qabiliyyəti, onu ifadə etmək əsas təlabatı, yaymaq isə ən qiymətli azadlığıdır. Düzgün düşünmək böyük bir kəşf qədər əhəmiyyətlidir ki, humanist pedaqogikanın da əsas qayəsi budur.

Fərrux RÜSTƏMOV,
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor

yuxarı ⤴