1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Universitetimizdə hər bir tələbəyə ayrıca tyutor təyin olunur”
20.01.2017 / No2

 

 


Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi Nicat İbrahimovla söhbət

Nicat İbrahimov 1993-cü il noyabrın 30-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin TEMPUS proqramı çərçivəsində təşkil olunmuş proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. ADNSU-da 2 il təhsil aldıqdan sonra 2013-cü ildən təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində kontrol və sistem mühəndisliyi ixitsası üzrə davam etdirir. Nicat İbrahimovla söhbətimizə orta məktəb illərindən, ilk uğurlarından başladıq.

- Orta məktəbin ilk illərində bütün fənlərə eyni dərəcədə yanaşmağa və vaxt ayırmağa çalışırdım. Lakin sonradan özümdə fizika və riyaziyyata qarşı xüsusi marağın olduğunu kəşf etdim. Bunun səbəbi isə təbiətdə baş verən hadisələrə və onların baş- vermə səbəbinə müəyyən qədər bu fənlərdə cavab tapmağım idi. Onu da qeyd edim ki, tarix fənninə də xüsusi rəğbətim olub. Məktəbi əla qiymətlərlə bitirmişəm. Qəbul imtahanında məktəbimiz üzrə ən yüksək bal toplayan iki, Qaradağ rayonu üzrə isə on şagirddən biri olaraq rayon icra hakimiyyəti tərəfindən mükafat və fərmana layiq görülmüşəm. Yuxarı siniflərdə bir neçə fəndən olimpiadalara da qatılaraq məktəbimizi təmsil etmişəm.
Orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimi çox gözəl xatırlayıram və bəziləri ilə hətta bu gün də əlaqəm var. Üzərimdə böyük əməyi olan, daim öz dəstəyini məndən əsirgəməyən sinif rəhbərimi, bizə qarşı öz mülayimliyi və səbirli rəftarı ilə seçilən riyaziyyat müəllimimi, mənə, sözün əsl mənasında, ingilis dilini sevdirən xarici dil müəllimlərimi xüsusilə vurğulamaq istərdim.
- İxtisas seçiminə nə vaxtdan qərar verdiniz?
- Fizika və riyaziyyata olan marağımdan dolayı artıq VIII-IX siniflərdə mühəndis olacağıma qərar vermişdim. XI sinifdə adıçəkilən fənlər, proqramlasdırma dilləri, alqoritmlər və onların müasir günümüzlə bağlı bir çox məsələlərin həllində əhəmiyyəti barədə müəyyən qədər məlumatlandıqdan sonra ali təhsilimi tətbiqi riyaziyyat yönümlü bir ixtisas üzrə almaq qərarım qətiləşdi və qəbul imtahanından sonra tətbiqi riyaziyyatın qollarından biri olan idarəetmə sistemləri ixtisasını seçdim.
- Ali təhsilinizi harada almaq istəyirdiniz?
- Səmimi söyləsəm, universitetdən öncə yalnız magistr təhsilimi xaricdə almaq barəsində düşünürdüm. ADNSU-ya qəbul olduğum ilk aylardan ixtisasımla bağlı mümkün qədər geniş informasiya toplamağa başladım. “Siemens”, “Rockwell” “Automation” kimi böyük şirkətlərin tətbiq etdikləri modern kontrol texnologiyalarını, Raffaello D’Andrea və Riçard Murray kimi məşhur professorların işlərini və dərc etdikləri məqalələrini izləməyə, eyni zamanda kontrol mühəndisliyini tədris edən Avropa, ABŞ və Kanada universitetlərinin tədris proqramları ilə yaxından maraqlanırdım. Yeri gəlmişkən, Şeffild Universiteti, hazırda təhsil aldığım departament ilə də elə onda tanış oldum.
Beləcə, I kursun sonlarına doğru bakalavr təhsilimi də xaricdə almağın zəruriliyini anladım və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı”na müraciət etməyə qərar verdim. Ailə üzvlərim və yaxın dostlarım bu qərarımı çox təbii qarşıladılar və sona qədər öz dəstəklərini əsirgəmədilər.
- Dövlət Proqramının təhsil həyatınızda rolu barədə nə deyə bilərsiniz?
- Dövlət Proqramına qəbul olmağımla bağlı müsbət qərarı aldığım an sevincimin hədd-hüdudu yox idi. Tam səmimi deyə bilərəm ki, bu xəbər mənim üçün həmin ilin ən əlamətdar hadisələrindən biri idi. Mühəndis olmaq üçün, mühəndis təhsili almaq üçün artıq ən böyük addımlardan biri atılmışdı.
Xaricdə təhsil almaq istəyən əksər gənclər üçün təhsil haqqı və yaşayıs xərclərini qarşılamaq ən böyük problem və baryerdir. Bütün bu xərcləri öz üzərinə götürən dövlətimiz tələbələri bu böyük problemdən azad etməklə onların akademik fəaliyyətə daha çox vaxt ayırmasını və daha produktiv çalışmasını təmin etmişdir. Zənnimcə, Dövlət Proqramı son 10 ildə Azərbaycan gənclərinin inkişafına doğru yönəlmiş ən əhəmiyyətli addımdır. Bu proqram vasitəsilə onlarla ölkənin ən aparıcı universitetlərində fərqli sahələrdə və akademik dərəcələr üzrə təhsil almış və hazırda almaqda olan minlərlə tələbə eyni zamanda da ölkəmizin təbliğində mühüm rol oynayır. Bu, özlüyündə çox müsbət bir haldır.
Xaricdə təhsil alaraq vətənə qayıtmış gənclərin isə ölkəmizə və cəmiyyətimizə bir çox sahədə töhfəsini artıq müşahidə etmək mümkündür. Neft kapitalını insan kapitalına çevirmək istiqamətində həyata keçirilən tədbirlərin və proqramın bəhrəsini yaxın gələcəkdə ölkəmizdə daha da yaxından hiss edəcəyimizə inanıram.
- Təhsilimizdə gedən son proseslərə münasibətiniz necədir?
- Son illərdə xüsusilə də ali təhsil müəssisələrində aparılan müəyyən islahatları görmək çox sevindirici haldır. Bununla yanaşı xaricdə təhsil alıb Azərbaycana qayıdan gənclərimizin artıq ölkəmizin nüfuzlu universitetlərində fəaliyyətə başlaması da çox gözəl və təqdirəlayiq bir addımdır. Bunun bir tendensiya halına çevrilməsini çox istərdim, çünki dünyanın öndə gedən universitetlərinin təhsil sistemindən bilavasitə faydalanmış gənclər həmin tədris sistemini ölkəmizdə tətbiq etməklə, eyni zamanda onlarla həmvətənlərimizin də bundan faydalanmasını təmin etmiş olurlar.
- Dərslərinizi və asudə vaxtınızı necə nizamlayırsınız?
- İlk öncə onu qeyd edim ki, universitetdə dərslər çox intensiv keçir. Hətta müqayisə üçün deyə bilərəm ki, ADNSU-dakı ikiillik proqramın demək olar ki, 75-80%-ni bir semestrdə əhatə etdik. Ona görə də tələbə həyatımın əsas hissəsini dərslərimə ayırıram. Bəzən bir həftəlik dərs planımı belə öncədən hazırlamalı oluram. Boş vaxtlarımı ümumilikdə ixtisasıma yaxın mövzularda əlavə biliklər əldə etməyə sərf edirəm. Çünki sürətlə inkişaf edən dünyamızda xüsusilə də yeni texnologiyalarla ayaqlaşmaq üçün universitet təhsili ilə kifayətlənmək olmaz. İlk illərdə universitet daxilində təşkil olunan robot yarışlarına qatılır və digər mühəndislik cəmiyyətləri tərəfindən təşkil olunan layihələrdə iştirak edirdim. Son zamanlarda isə süni intellektlə də maraqlanmağa başlamışam və dərslərdən kənar vaxtımın əksəriyyətini demək olar ki, süni intellekt və optimal idarəetmə nəzəriyyələri ilə bağlı mütaliəyə həsr etməyə çalışıram. Təbii ki, bu arada dostlarımla da vaxt keçirməyi unutmuram.
Mütaliə bu günümüzdə də istənilən sahədə geniş bilik əldə etməyin ən başlıca yollarından biridir. Yaşadığımız informasiya dövründə mütaliə etmədən uğur qazanmağın və müəyyən mövzuda dərin fikir sahibi olmağın mümkünlüyünü təsəvvür edə bilmirəm.
- Yaşadığınız şəhərdə əcnəbi tələbələr çoxdur?
- Şeffild Böyük Britaniyanın ən böyük şəhərlərindən biridir və ümumilikdə yaşıllıqlarla zəngindir. Coğrafi baxımdan İngiltərənin mərkəzində yerləşdiyinə görə Mançester, Nottinqem və London kimi böyük şəhərlərə yaxındır. Onu da deyim ki, Şeffild İngiltərənin polad sənayesi mərkəzi olmaqla, ölkənin sənaye inqilabı dövründən bu günə qədər ən əhəmiyyətli mərkəzlərindən biridir.
Digər şəhərlərlə müqayisədə deyə bilərəm ki, şəhər əhalisi çox istiqanlıdır. Şeffilddə iki universitet fəaliyyət göstərir. Şəhər əhalisinin say azlığından dolayı şəhərə canlılıq verən də elə bu universitetlərdə təhsil alan tələbələrdir. İngiltərənin ən prestijli universitetlərindən hesab olunduğuna görə universitetimizdə əcnəbi tələbələrin sayı xeyli çoxdur. Universitetdə bütün tələbələrə kimliyindən asılı olmayaraq eyni münasibət göstərilir. Əcnəbi tələbələr universitetdənkənar fəaliyyətdə çox aktivdirlər, bu da həmin tələbələrə qarşı olan isti münasibətin bariz nümunəsi və nəticəsidir.
- Sizi Britaniya təhsil sisteminin hansı üstünlüyi daha çox cəlb edir?
- Böyük Britaniya və ümumilikdə Qərb ölkələrinin təhsil sisteminin ən sevdiyim cəhəti fənn seçimində tələbələrə verilən azadlıqdır. Digər ölkələrlə müqayisədə tədris müddətinin qısa olması, lakin buna baxmayaraq keyfiyyət baxımında dünyada ən ön sıralarda olması da bu ölkənin təhsil sisteminin üstünlüklərindəndir.
Şeffild Universiteti dünyanın 100 ən reytinqli universitetlərindən biridir. 6 Nobel mükafatçısı yetişdirmiş universitetimiz aparılan tədqiqatları ilə daha çox məşhurdur. Təhsil aldığım Avtomatik idarəetmə və sistemlər mühəndisliyi departamenti İngiltərədə fəaliyyəti tamamilə avtomatik idarəetməyə həsr olunmuş yeganə departamentdir və dünyanın ən yaxşılarındandır. Burada avtomatik idarəetmə ilə əlaqədar dünya miqyasında əhəmiyyətli tədqiqatlar aparılır və hətta aparılan tədqiqatlardan alınan nəticələrin əhəmiyyətinə görə Böyük Britaniyada Oksford və Kembric universitetlərindən sonra III yerdədir. “Rolls-Roys” kimi bir şirkətin tədqiqat mərkəzinin məhz bizim departamentdə yerləşməsi onun önəmini bir daha sübut edir.
Seçdiyim ixtisasa gəldikdə isə kontrol sistem mühəndisliyi ənənəvi mühəndislik sahələrindən bir qədər fərqlənir. Burada öyrəndiyimiz nəzəriyyələrin, mövzuların istənilən sənaye sahəsi, iqtisadiyyat, menecment və nə qədər qəribə səslənsə də, siyasət və sosiologiyada da tətbiqləri mövcuddur.
“Sistem mühəndisliyi yanaşması” böyük və mürəkkəb proyektlərin idarəsi üçün iri şirkətlər tərəfindən geniş şəkildə istifadə olunan metoddur. Bu metod sayəsində layihələrə çəkilən xərcləri, sərf olunan zamanı və ən əsası onların texniki və qeyri-texniki tələblərini daha effektiv şəkildə idarə etmək mümkündür.
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş Əşyaların interneti (IoT), Özünü idarə edən maşınlar (Self-driving cars) və Pilotsuz Uçuş Aparatları (UAV), onların iş prinsipi ilə ayrıca maraqlandığım üçün və bu tip sistemlərdə idarəetmə və qərarvermə nəzəriyyəsinin əhəmiyyətini anladığıma görə ixtisasıma dair biliyimi hər keçən gün daha da artırmağa və mümkün qədər dərindən mənimsəməyə çalışıram.
- Şeffildin müəllimləri barədə nə deyə bilərsiniz?
- Təhsilə başladığım ilk dövrlərdə diqqətimi çəkən universitetin müəllim heyəti arasında kifayət qədər gənc kadrların olması idi. Universitetimizdə hər bir tələbəyə ayrıca tyutor təyin olunur, bu isə mənim üçün bir ilk idi. Tyutorumun tədris müddəti ərzində demək olar ki, hər həftə mənimlə əlaqə saxlaması, dərslərimdə olan problemlərimlə maraqlanması və məsləhətlər verməsi mənə ilk illərdə çox kömək olmuşdu.
Burda müəllimlərin əksəriyyəti mühazirələr zamanı mümkün qədər qeyri-rəsmi olmağa və tələbələrə sanki öz əməkdaşları kimi davranmağa çalışır. Təsadüfi deyil ki, universitetə daxil olduğumuz ilk ərəfələrdə bizə “siz, mühəndislik tələbələri deyil, tələbə mühəndislərsiniz” ifadəsini tez-tez işlədirdilər. Bu da təbii ki, öz növbəsində daha rahat və mülayim atmosferin formalaşmasına səbəb olur. Semestr ərzində dərsdən sonra günün bəlli vaxtlarında istənilən müəllimlə görüşüb müzakirə və ya səni düşündürən bir problem barəsində məsləhətləşmək və fikir mübadiləsi aparmaq mümkündür.
Müəllim-tələbə münasibətlərində ən sevdiyim məqamlardan biri də müəllimlərin bəzi hallarda dərs tapşırıqlarının mövzusunu tələbələrin maraq və istəklərinə uyğun şəkildə dəyişməyə qarşı olmamasıdır.
- Mühazirələr, imtahan sessiyaları barədə...
- Qərb təhsilini fərqləndirən ən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, burada tələbədən gözləntilər böyükdür. Mühazirələr demək olar ki, mövzulara giriş xarakteri daşıyır və müəllim tələbəni öyrətməkdən çox, yol göstərməklə və yaranmış sualları cavablandırmaqla məşğuldur. Müharizələrimizin sayının az olmasının ən başlıca səbəbi də budur. Eyni zamanda mühazirələrin bir çoxu videoçəkiliş və ya səs yazısı şəklində sonradan universitetin veb səhifəsinə yüklənir. Mövzularla bağlı yaranmış istənilən suallara daha ətraflı şəkildə cavab tapmaq üçün həftə içi mütəmadi olaraq seminarlar da təşkil olunur.
İmtahanlarımızın əksəriyyəti ilin sonunda, yəni iyun ayında keçirilir. İmtahanlara nəzarət çox ciddidir və hər imtahan zalında ümumilikdə 10-15 nəzarətçi olur. Qeyri-etik davranışlara yol verən istənilən tələbə həmin andaca imtahan zalından çıxarılır və haqqında akt tərtib edilir. Bu cür vəziyyət həmin tələbənin universitetdən xaric olunması ilə belə nəticələnə bilər. İmtahan sessiyası bitdikdən təxminən 1 ay sonra isə nəticələr elan olunur.
- Tələbələrin elmi tədqiqatlara cəlb olunması nə səviyyədədir?
- Xaricdə təhsil almağın xeyli üstünlükləri var. Britaniya kimi elm və texnologiyanın tərəqqi etdiyi bir ölkədə, dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq ən son dünyəvi biliklərə yiyələnmək üçün hər bir imkanın olması deməkdir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir kitabxanalar, on minlərlə kitablar və adi insanlar üçün ödənişli olan yüz minlərlə elmi məqalələr daim tələbələrin ixtiyarındadır. Demək olar ki, hər semestr “Rolls-Roys”, “ARM”, “Boeing”, “Airbus” kimi dünyaca məşhur şirkətlərdə çalışan universitetimizin məzunları ilə görüşərək onların bilik və təcrübələrindən də faydalanmaq imkanımız olur.
Əslində bakalavr pilləsində təhsil alan tələbələrin az qismi tədqiqatlara cəlb olunur. Yalnız dissertasiya zamanı xüsusi mövzular seçmək olar ki, burada tələbədən həmin mövzu ətrafında müəyyən tədqiqat aparması tələb oluna bilər. Misal üçün onu deyə bilərəm ki, mənim ilin sonundakı dissertasiya üçün fərdi proyektim Pilotsuz Uçuş Aparatlarının maneələrə toxunmadan, təhlükəsiz şəkildə uçuşunu təmin etmək üçün optimal idarəetmə sisteminin dizaynı kimi tədqiqat yönümlü bir mövzudur.
- Xaricdə təhsil sizin ümidlərinizi doğrultdumu?
- Qısa cavabım: Bəli! Əvvəla onu deyim ki, seçdiyim ixtisas üzrə, daha öncə də qeyd etdiyim kimi, dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq, dərin biliklərə yiyələnmək və içində olduğum akademik mühit mənə gələcəkdə bu sahə üzrə kifayət qədər böyük işlər görmək üçün çox böyük stimul verir.
Lakin xaricdə təhsilin insana qazandırdıqlarını yalnız təhsillə məhdudlaşdırmaq istəmirəm. Fərqli mədəniyyətlərdən, millətlərdən olan insanlarla dostluq qurmaq, fərqli mühitə uyğunlaşmaq, çətinliklərə qarşı təklikdə mübarizə aparmaq və sair bu kimi insani keyfiyyətlərin formalaşdırılmasında xaricdə təhsilin əvəzsiz rolu var.
- Universitetdə fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Dövlət Proqramı çərçivəsində təhsil alan hər bir tələbənin vəzifələrindən biri də ölkəmizi təhsil aldığı şəhərdə, universitetdə tanıtmaqdır. Şeffilddə təhsil alan tələbələr olaraq sayımızın az olmasına baxmayaraq, Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Artıq bir neçə ildir ki, universitetimizdə fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyətinin nəzdində bu günə kimi irili-xırdalı bir neçə tədbir keçirmişik. Demək olar ki, hər il Novruz bayramı ilə əlaqədar tədbirlər keçirərək ümumilikdə yüzlərlə əcnəbi tələbələri milli musiqimiz, rəqslərimiz və adət-ənənələrimizlə yaxından tanış etmişik. Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri tələbələrə çatdırmaq məqsədilə hər il universitetimizdə keçirilən Beynəlxalq Dünya Həftəsi (International World Week) ərəfəsində universitet daxilində maarifləndirici tədbirlər təşkil edirik.
- Gələcək planlarınız barədə...
- Gələcək planlarımla bağlı qısaca onu deyə bilərəm ki, təhsilimi davam etdirməyi planlaşdırıram. Lakin öncə bir neçə il ixtisasım üzrə çalışaraq praktiki biliklərə də yiyələnmək istəyirəm. Güman edirəm ki, magistr və ya PhD təhsilindən öncə iş təcrübəsinə sahib olmaq böyük üstünlükdür.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴