1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Beynəlxalq təhsil xəbərləri
20.01.2017 / No2

 
 

 

 


Şagirdlərin peşə seçimi necə aparılır?

Təhsilalanların peşə seçimi çox vacib məsələdir. Bu mənada insanın bütün gələcək həyatı peşə seçiminin düzgün aparılmasından asılıdır. Peşəyönümü problemi hər bir ölkə üçün aktualdır. Xaricdə bu məsələni necə həll edirlər? Peşələrə yiyələnməkdə uşaqlara kimlər kömək edir?
ABŞ-da peşəyönümünün əsas xüsusiyyəti odur ki, işəgötürənlər özləri məktəblərə gəlirlər. Amerikada peşəyönümü sisteminin əsasında peşə xüsusiyyətləri ilə insan xarakterinin müqayisəsi modeli durur. Bu xüsusiyyətlər ekspertlər tərəfindən məktəbəqədər yaşlı uşaqlardan tutmuş ali məktəblərin məzunlarına qədər müxtəlif yaşlı uşaq və gənclər üçün nəzərdə tutulmuş testlər əsasında aşkara çıxarılır. Testlər uşaqların bilik səviyyəsini və geniş profilli istiqamətlərə marağını qiymətləndirməyə kömək edir. Daha sonra məktəblilər uyğun peşələrin siyahısını əldə edir və onlardan birini seçə bilər. Yuxarı siniflərdə isə layihə, istehsal, texnoloji və tədqiqat, idarəetmə fəaliyyəti sahəsində bacarıqların formalaşdırılması istiqamətində ikiillik proqram fəaliyyət göstərir. Kompüter texnikası, nəşriyyat işi, təsviri sənət, xarici dilləri öyrənməyə imkan verən əlavə dərslər də var.
Proqram çərçivəsində peşəyönümü sahəsində ixtisaslaşmış kompaniyalar iş yerləri təklif edirlər, bu isə peşələri təcrübədə sınaqdan keçirməyə (“test-drayv”) imkan verir. Yeniyetmələr üçün tədris-istehsalat bazaları mövcuddur ki, burada onlar müxtəlif istiqamətlərdə özlərini sınaqdan keçirə bilərlər. Bundan başqa, uşaqlar peşələrin reytinqini izləyə, potensial işəgötürənlər ilə hər ay məktəblərdə keçirilən görüşlərdə iştirak edə bilərlər.
Avropa ölkələrinin əksəriyyətində isə karyeranın planlaşdırılması ilə ibtidai məktəblərdən məşğul olurlar. Burada, məsələn, azyaşlılar üçün iş axtarış texnologiyaları üzrə məşğələlər və karyera inkişafı sahəsində mühazirələr mövcuddur. Uşaqlara peşə dünyasına müstəqil surətdə nüfuz etmək və əmək bazarındakı vəziyyətdən asılı olaraq özünü qiymətləndirmək bacarıqları öyrədirlər.
Böyük Britaniya, Almaniya və Fransanın məktəblərində yeniyetmələr üçün karyera və psixoloji məsləhətlər keçirən xüsusi karyera büroları mövcuddur. Riyaziyyat, təbiət elmləri, menecment, incəsənət və mədəniyyət üzrə peşəyönümlü proqramlar var. Proqramlara nəzəri və praktiki dərslər, işgüzar oyunlar, təlimlər və uğurlu iş adamları ilə görüşlər daxildir. Bu, şagirdlərə savadlı xülasələr tərtib etməyi və peşələrə dair xüsusi verilənlər bazasından istifadə etməyi öyrənməyə imkan verir.
Böyük Britaniyada yuxarı sinif şagirdlərinə və tələbələrə əmək bazarının vəziyyəti və iş şəraiti haqqında danışılır, eləcə də onlar üçün tələb olunan ixtisasların siyahısı təşkil edilir.
Skandinaviyanın bəzi ölkələrində isə peşəyönümü məsələsi digər Avropa ölkələrindən bir qədər fərqlənir. Məsələn, fin məktəblərində peşəyönümü istiqamətinə həsr olunmuş xüsusi dərslər keçilir. Onlar VII sinifdən başlayır və icbari praktik məşğələləri nəzərdə tutur, şagirdlər burada seçilmiş ixtisaslar üzrə öz qabiliyyətlərini sınaya bilərlər. VIII sinifdə uşaqlar karyera qurmaq məsələlərini öyrənməyə başlayır və bir ildən sonra isə müxtəlif şirkətlərin kadr xidmətlərinin mütəxəssisləri ilə görüşə bilərlər. Əgər məktəbli IX sinfin sonunda gələcək peşə ilə bağlı seçim edə bilmirsə, o, karyera məsləhətçisindən yardım alır.

Rusiyada təhsilalanların vahid sistemi yaradılacaq

Rusiyada uşaq bağçasından tutmuş aspiranturaya qədər bütün təhsilalanların vahid sistemi yaradılacaq. 2022-ci ildə istifadəyə veriləcək vahid sistemin ilkin layihəsi RF Federal Məclisində müzakirə edilərək bəyənilib. Vahid federal informasiya sistemində məktəbəqədər yaşlı uşaqlara, şagirdlərə, tələbə və aspirantlara aid bütün məlumatlar əksini tapacaq. Sistem hər bir ölkə vətəndaşının məktəbəqədər müəssisədən başlayaraq aspiranturaya qədər davam edən təhsil yolları haqqında informasiyanı saxlamağa imkan verəcək. Layihənin məqsədi təhsil sahəsində dövlət xidmətlərini sadələşdirmək və monitorinqlərin keçirilməsini asanlaşdırmaqdır. Sistemdə olan məlumatlar açıq və aydın (dövlət sirri ilə bağlı hallar istisnadır) olacaq. Layihə üzərində işlərin mərhələli şəkildə aparılması və 2022-ci il sentyabrın 1-dək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ilin əvvəlində Rusiyada bütün uşaqlara dair məlumatların toplandığı federal sistem yaradılıb. Sistemdə uşaqların tərcümeyi-halları, valideynləri, təhsil aldıqları məktəb və tədris illəri, qiymət və nailiyyətləri (olimpiadalarda və müsabiqələrdə qələbə), təhsil proqramlarını mənimsəmələri, təhsil sənədləri və sağlamlıqları barədə məlumatlar əks olunub. Bundan başqa, müəllimlər və məktəblər haqqında statistik məlumatların da sistemə daxil edilməsi təmin olunacaq. Sistemə nəzarət RF Təhsil və Elm, Rabitə və Kütləvi Kommunikasiyalar nazirlikləri tərəfindən həyata keçirilir.

Almaniya ali məktəbləri pullu təhsilə keçir

Finlandiyadan sonra Almaniyada da bu ölkənin ali məktəblərində təhsil alan əcnəbi tələbələr üçün pullu təhsil sisteminin tətbiqinə qərar verilib. thepienews.com saytının məlumatına əsasən, belə bir təşəbbüslə Baden-Vürtemberq torpağının elm və incəsənət naziri Tereziya Bauer çıxış edib. O, Baden-Vürtemberq əyalətindəki ali məktəblərdə oxuyan əcnəbilərdən semestr ərzində 1500 avro təhsil haqqının tələb olunacağı barədə qərarını açıqlayıb. Nazirin fikrincə, əcnəbilərdən yığılan pullar büdcədəki mövcud boşluğu doldurmağa imkan verəcək. Plana əsasən təhsil haqqı artıq 2017-ci ilin payızında tətbiq oluna bilər. Bu təşəbbüs ilk növbədə Avropa İttifaqının hüdudlarından kənarda yerləşən ölkələrdən gələn xarici tələbələrə şamil olunacaq. Aİ vətəndaşları üçün təhsil Baden-Vürtemberq torpaqlarında pulsuz olacaq.
2017-ci ilin payızında təhsil haqqının tətbiq olunacağı universitetlər isə bunlardır: Heydelberq Universiteti, Heydelberq Ali Məktəbi, Ştutqart Ali Texniki Məktəb, Karlsruye Texnologiya İnstitutu, Tübingen, Frayburge, Ştutqart, Mangeym, Xoyenxaym, Ulm, Konstansk universitetləri, Mangeym Biznes Məktəbi.

“İkinci təhsil almaq imkanı”

Gürcüstan hökuməti məktəb təhsilindən kənarda qalmış ölkə vətəndaşları üçün yeni kampaniyaya başlayıb. “İkinci təhsil almaq imkanı” proqramının məqsədi yaşından asılı olmayaraq məktəbi tərk etmiş bütün Gürcüstan vətəndaşlarına icbari ümumi təhsil almaqda kömək etməkdir. Bu barədə proqramın təqdimatında ölkənin təhsil naziri Aleksandr Cecelava bildirib. “Bu gün biz sevindirici hadisə barədə xəbər veririk. Bu, yeni təhsil almaq şansıdır. Söhbət o vətəndaşlardan gedir ki, müxtəlif səbəblərdən məktəb təhsili almayıblar - məktəbi tərk ediblər və ya fiziki cəhətdən təhsil ala bilməyiblər. Biz belə insanları məktəb sisteminə qaytaracaq sistem yaradırıq”,- deyə nazir bildirib. Onun sözlərinə görə, artıq məktəb təhsilindən kənarda qalmış 80 uşaq tapılıb və onlar məktəblərdə təhsillərini davam etdirəcəklər. “Söhbət həm də böyüklərdən gedir, onlar da müxtəlif səbəblərdən keçmişdə məktəb təhsili almayıblar”, - deyə nazir əlavə edib. Qeyd edək ki, bundan sonra məktəb rəhbərlikləri hər hansı səbəbdən dərsdən yayınmış bütün təhsilalanlar barədə məlumatları məcburi qaydada nazirliyə göndərməli olacaqlar.

Latviya təhsil sistemində yenilik

Latviyanın Təhsil və Elm Nazirliyi ölkənin təhsil sisteminin səriştəli yanaşma adlandırılan yeni sistemə keçidini müəyyənləşdirib. Səriştəli yanaşmanın bu gün mövcud olan təhsil sistemindən fərqi onadadır ki, fənlər kompleks tədris olunacaq, nəticədə uşaqlar əldə etdikləri bilikləri həyatda tətbiq etməyi və real problemləri həll edə bilmək bacarıqlarını öyrənəcəklər. Latviyalı uşaqlar özündə 6 səriştəni ehtiva edən standartlar əsasında oxuyacaqlar. Bu səriştələrə aiddir: dil, sosial-mülki, mədəni-bədii, riyaziyyat-təbiət elmləri, kompüter-mühəndislik işi , fiziki aktivlik və sağlamlıq.
Dünyada təhsilə səriştəli yanaşma birmənalı qarşılanmır. Belə ki, İsveçrə, Almaniya və Avstriyada bir çox müəllimlər hesab edirlər ki, şagirdlərin əsas baza bilikləri yoxdur. İsveçdə isə əksinə, yeni metodika yaxşı nəticələr göstərib.

Amerikalı gənclərin Kanadaya axını güclənib

ABŞ-da keçirilən prezident seçkilərindən sonra amerikalı gənclərin ali təhsil almaq üçün Kanadaya axını güclənib. Məlumatlara görə, noyabrın 8-dən sonra Kandanın Kvebek, Britaniya Kolumbiyası kolleclərinə Birləşmiş Ştatlardan müraciət edənlərin sayı kəskin artıb. Kanadanın ali təhsil müəssisələri prezident seçkilərindən sonra bu axının onlar üçün gözlənilməz olduğunu qeyd edirlər. Kanadanın Toronto Universitetinə sənəd verən amerikalı abituriyentlərin sayı da 2016-cı ildə əvvəlki illə müqayisədə 70 faiz artıb. Ölkənin digər ali məktəblərində isə bu rəqəm 20 faiz təşkil edir. “Biz seçkilərin nəticələrinə etinasız yanaşa bilmərik, lakin tələbələri cəlb edən digər dəyərlərin olduğunu da deyə bilərik”, -deyə Kanadanın Makginli Universitetinin (McGill University) beynəlxalq tələbə mobilliyinin rəhbəri Ceniffer Peterman bildirib. Amerikalı tələbələri Kanada ali məktəblərinin tədris proqramlarının rəngarəngliyi, təhsil və kirayə haqlarının əlverişli olması cəlb edir.

Argentinalı 80 yaşında orta məktəbi bitirib

Argentinalı Uqo Auqusto Pinto 80 yaşında orta məktəbi bitirib. Ahıl qoca məzun günündə ölkənin dövlət bayrağını dalğalandırmaq şərəfinə nail olub. Ənənəyə görə, dövlət bayrağını qaldırmaq məktəbin ən yaxşı şagirdinə həvalə olunur. U.Pinto bu yaşda orta məktəbin kamal attestatını ala bilib.
Yuxarı siniflərdə təhsilini yarımçıq qoyan qoca orta təhsilini tamamlamağa və yeni texnologiyalarla tanış olmağa qərar verib. O, əldə etdiyi bilikləri yerli qocalar evinin fəaliyyətini dəstəkləməklə cəmiyyətin firavanlığı naminə sərf etməyi düşünür. U.Pinto 52 il evlilik həyatı yaşayıb, uzun illər ərzində şəkər zavodunda çalışıb. Onun 7 övladı var və onlar atalarına attestat almaq yolunda hər cür dəstək göstəriblər. Qızlarından biri mətbuata verdiyi açıqlamada bildirib ki, atası özünə inanmağın vacibliyini və heç vaxt qarşıya qoyulan hədəfdən yayınmamağı məsləhət görüb.

Uşaqlarda elmi-texniki istedad inkişaf etdiriləcək

Rusiyada cari ilin ilk aylarından başlayaraq orta məktəblərdə uşaqların elmi-texniki istedadının inkişaf etdirilməsi yönündə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bütün ölkə üçün nəzərdə tutulan “Elm məktəbi” layihəsinin əsas təşkilatçısı Tomsk Dövlət Universitetidir. Layihə çərçivəsində 2017-2019-cu illərdə tibb və biotexnologiyalar sahəsində elmi-texniki yaradıcılığın dəstəklənməsinə yönəldilmiş resurs meydançaları şəbəkəsi yaradılacaq. Eləcə də layihə çərçivəsində tibb və biotexnologiyalar sahəsində məktəb laboratoriyalarının, təhsil proqramlarının, ali və orta məktəblərdə müəllimlərin hazırlanması planlaşdırılır. Layihə 5 yaşdan 18 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Güman edilir ki, uşaqlar layihə nəticəsində biotexnologiyalar və tibb sahəsində innovasiya məhsullarının yaradılması üçün onlara lazım olacaq bütün vərdişlərə yiyələnə biləcəklər.

YUNİSEF yeni kampaniyaya başlayıb

YUNİSEF uşaqların erkən inkişafının əhəmiyyətinə diqqətin cəlb olunması üzrə yeni kampaniyaya başladığını elan edib. Təşkilat dünya ölkələrini uşaqların erkən inkişafına sərmayə qoymağa çağırıb. Kampaniyanın təşəbbüskarları qeyd edirlər ki, hazırkı böhranlı dövrdə azyaşlıların daha çox qayğıya, məhəbbətə, düzgün qidalanma, stresdən və aqressiyadan müdafiəyə ehtiyacı var. “Dünyaya göz açdıqdan sonrakı ilk min gün ərzində uşağın beyni görünməmiş sürətlə inkişaf edir, hər saniyə ərzində onun beynində minə yaxın yeni birləşmə yaranır. Onlar isə bir çox hallarda uşağın həyatının sonrakı illərində təfəkkür aparatının imkanlarını təmin edir”, - deyə BMT-nin Xəbərlər Mərkəzinin məlumatında bildirilir. Təşkilat qeyd edir ki, inkişaf etməkdə olan ölkələrdə təxminən 250 milyon uşaq yoxsulluq həddində yaşayan ailələrdə doğulur.

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴