1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Gələcəyin müəllimi
20.01.2017 / No2

 

 

 


Sərxan CƏFƏROV,
Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli tam orta məktəbin müəllimi, magistr, “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqəsinin qalibi

Müəllim hazırlığı probleminin çox qədim tarixi kökləri vardır. Başqa sözlə desək, beynəlxalq miqyasda müəllim hazırlığı, demək olar ki, bütün ictimai-iqtisadi formasiyalarda mövcud olmuşdur. Cəmiyyətin inkişafı ilə müəllim peşəsinin statusu düz mütənasibdir. Belə ki, bütövlükdə müəllimin fəaliyyəti ölkənin həyatında baş verən iqtisadi, siyasi, ictimai, mədəni dəyişikliklərlə şərtlənir.
O, ictimai-iqtisadi quruluşdan asılı olmayaraq istənilən cəmiyyətdə gənc nəsillərin təlim-tərbiyəsi və təhsili sahəsində dövlət siyasətini həyata keçirir. Dövlətin maddi-texniki bazası möhkəmləndikcə, məhsuldar qüvvələr və istehsal münasibətləri inkişaf etdikcə, keyfiyyətcə bir mərhələdən digər mərhələyə yüksəldikcə, üstqrumun ən başlıca tərkib hissələrindən, komponentlərindən biri kimi tərbiyənin, təlimin və təhsilin məqsədi də dəyişir. Bu, təbii və inkaredilməz qanunauyğunluqdur. Tərbiyə institutları (ailə, məktəb, ictimaiyyət) isə bu ictimai-iqtisadi hadisələrə, məhsuldar qüvvələr və istehsal münasibətlərinin tələbatına müvafiq olaraq fəaliyyətinin başlıca istiqamətini müəyyən olunmuş yeni məqsədin həyata keçirilməsinə yönəldir. Xüsusi təhsil almış peşəkar və kompetensiyalı müəllimlərin çalışdıqları məktəb dövlət və ictimai tərbiyə institutu kimi qarşıya qoyulan məqsədin reallaşdırılmasında aparıcı rol oynayır.
Cəmiyyətin tarixi tərəqqisi prosesində “yaxşı müəllim” statusu dəyişmiş, o, obyektiv səbəblər (kitab nəşri, kütləvi informasiya (qəzet, jurnal, radio, televiziya) və kommunikasiya-kompüter, internet və digər mobil rabitə vasitələrinin inkişafı) nəticəsində yeganə bilik mənbəyi mövqeyini itirmişdir. Əgər əvvəllər yalnız oxumağı, yazmağı, əsas fənlərdən elementar biliklər verməyi, mövcud bilikləri təhsilalanların yaşına müvafiq, müəyyən qaydalarla onlara öyrətməyi, daha çox həcmdə biliklərlə silahlandırmağı, yaxud bildiklərini, proqramlarda, dərsliklərdə nəzərdə tutulanları, yəni təhsilin məzmununu öyrətməyi, mənimsətməyi bacaran müəllim yaxşı sayılırdısa, müasir dövrdə optimal interaktiv (yəni təlim prosesində iştirak edənlərin qarşılıqlı fəallığını təmin edən) təlim üsullarından istifadə etməklə öyrənməyin, biliklərə müstəqil yiyələnməyin yollarını öyrədən müəllim, müəyyən mənada şagirdlərin elmi bilikləri müstəqil surətdə mənimsəmələrinə səlahiyyətli, kompetensiyalı müşayiət və rəhbərlik edən, öyrətmə funksiyalarını tədricən təlim prosesinin bərabərhüquqlu subyektlərinə, yəni öyrənənlərin özlərinə həvalə edən, fasilitator rolunu oynayan müəllim yaxşı sayılır. Beləliklə, müasir dövrdə təlim sahəsində müəllimin başlıca funksiyası mümkün qədər daha çox bilik vermək deyil, biliklərin formalaşdırılması üçün şərait yaratmaqdan, öyrənənləri təlimin subyektləri səviyyəsinə yüksəltməkdən ibarətdir. Təlim ən ümdə proses, öyrənən isə onun başlıca subyektidir. Bu proses gələcəkdə kontakt təhsilin distant təhsillə əvəzlənməsi ehtimalını artırır.
İctimai şüura məlum olan elmi informasiyaların inqilabi artımı ilə əlaqədar olaraq müəllimin şəxsi və peşə keyfiyyətləri də dövrün, zamanın tələbatlarına müvafiq dəyişməli, mövcud şəraitə uyğunlaşmalıdır. Mövcud informasiyaların hər 5-6, 4-5, yaxud 2-3 ildən bir iki dəfə artımı nəticəsində təhsilin məzmununun təkmilləşdirilməsi, yeniləşdirilməsi müəllim hazırlığının da bu obyektiv prosesə uyğunlaşdırılmasını tələb edəcək. Buna görə də ictimai həyatın bütün digər sahələrində olduğu kimi, müəllim hazırlığında da çeviklik (mobillik) olmalıdır. Müəllimin dinamik, çox sürətlə dəyişən ictimai və elmi-pedaqoji proseslərlə ayaqlaşması üçün o, fasiləsiz ixtisasartırma, təkmilləşdirmə kursları ilə əhatə olunmalı, təlimin müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və onlardan istifadə edilməsi sahəsində qabaqlayıcı mövqe tutmalıdır. Təhsilin məzmununun təkmilləşdirilməsi müddətindən asılı olaraq gələcəkdə fasiləsiz ixtisasartırma illik, aylıq, həftəlik, hətta gündəlik ola bilər.
Dövlət tərbiyə institutunun (məktəbin) xüsusi təhsil almış səriştəli təmsilçisi kimi, müəllim gənc nəsillərin təlim-tərbiyə və təhsili sahəsində dövlət siyasətini həyata keçirdiyinə, bunun üçün bilavasitə məsuliyyət daşıdığına görə respublikamızda ona “dövlət qulluqçusu” statusu verilməli, müəllimin pedaqoji fəaliyyəti bu statusa müvafiq layiqincə qiymətləndirilməli, yüksək həyat (yaşayış) səviyyəsi təmin olunmalı, sağlamlığı və rahat istirahəti, işçi qüvvəsini bərpa etməsi və daha məhsuldar işləməsi üçün hərtərəfli şərait yaradılmalıdır. Cəmiyyətdə müəllimlik peşəsini və müəllimin nüfuzunu yüksəltməyin başlıca yollarından biri məhz budur.
Gənc oğlanları təlim-tərbiyə müəssisələrinə, məktəbə, sinif otaqlarına cəlb etmək və ölkəmizdə pedaqoji sahədə sürətlə inkişaf edən feminizasiya prosesinin qarşısını bu yolla dayandırmaq məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. Çünki pedaqoji sahəni, xüsusilə müəllimlik peşəsini seçən oğlanların sayı ildən-ilə azalır. Bu, gələcəkdə təlim-tərbiyə müəssisələrində və bütövlükdə cəmiyyətdə oğlan uşaqlarının kişilik tərbiyəsində müəyyən ciddi sosial problemlərin yaranması ehtimalını artırır.
Təhsil sisteminin bütün pillələrində təlimin keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri tərbiyəçilərin, müəllimlərin maaşının dərs saatlarının miqdarına, iş stajına və digər zahiri əlamətlərə, kəmiyyətə görə müəyyən olunmasıdır. Fikrimizcə, təhsil pillələrinin (məktəbəqədər, ibtidai, orta, tam orta, texniki-peşə, orta ixtisas, ali: bakalavriat, magistratura, doktrantura) səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla, müəllimlərin maaşı dərslərin miqdarına, yəni kəmiyyətinə görə deyil, digər fəaliyyət sahələrində, məsələn, tyutor xidmətində olduğu kimi, keyfiyyətinə görə müəyyənləşdirilməlidir. Bunu həyata keçirmək üçün əvvəlcə keyfiyyəti qiymətləndirmə meyarları hazırlanmalıdır.
Müasir müəllimin ona həvalə olunan funksiyaları müvəffəqiyyətlə yerinə yetirməsi və ümumbəşəri dəyər kimi elmi biliklərə, müasir metodikalara, kompetensiyalara çevik yiyələnməsi, respublikamızı Müstəqil Dövlətlər Birliyi məkanında və Avropa ölkələrində təhsillə bağlı təşkil olunan beynəlxalq konfranslarda və digər tədbirlərdə layiqincə təmsil etməsi, təlim-tərbiyə və təhsil sahəsində sərbəst fikir mübadiləsi üçün Azərbaycan dili ilə yanaşı, ən azı iki əcnəbi dili - beynəlxalq miqyasda geniş yayılmış rus və ingilis dilini də mükəmməl bilməsi olduqca vacibdir.
 

yuxarı ⤴