1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Dərslərimdə nələrə xüsusi fikir verirəm
20.01.2017 / No2

 
 

 

 


Könül MUSTAFAYEVA,
Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı

Uşaqlara qarşı xüsusi bir sevgim var və bu sevgi müəllim olduqdan sonra daha da qüvvətlənir. Çətindir, amma maraqlıdır. Uşaqlar insanın enerji mənbəyidir. Təbii ki, müəllim işlədiyim illər ərzində xaraktercə çətin, qəlbimin isidə bilmədiyi şagirdlərim də olub. Amma xoşbəxtəm ki, onlara da bildiklərimdən nəsə öyrədə bilmişəm. Hər şey elə bu istəklə başlayır. İşlədiyim illər ərzində bunu bildim - sagirdlərinlə ruhi bağlılıq yaratmasan, onlara dəyər verməsən, sevgisini qazanmasan nə sən müəllim olarsan, nə də keçdiyin dərs dərs olar... Hər şey müəllimin geyimindən, sinfə daxil olduqda üzündəki ifadədən, onlara ötürəcəyi müsbət emosional vəziyyətdən və ən əsası salamlaşmasından başlayır. Buna çox önəm verirəm.
Şagirdlərimə hörmətlə salam verirəm və çalışıram ki, onların da hamısı mənim salamımı alsın. Sonra mütləq sinfin səliqəsinə nəzər salır, şagirdlərimin oturuşlarına diqqət yetirirəm. Zənnimcə, dərs bundan sonra başlanmalıdır.
İstənilən mövzu şagirdlərdə formalaşdırmaq istədiyimiz bacarıqlara körpüdür. Biz müəllimlər şagirdlərimizdə vətənə sevgi ruhuna önəm verməli, ilk növbədə, dövlət rəmzləri və atributlarının öyrədilməsini borcumuz hesab etməliyik. Bu, onların dərslərini əla oxumasından asılı olmamalıdır. Müasir təlimin idealı ensiklopedik şəxsiyyət deyil, milli kimliyini bilən, çevik, ağıllı, müstəqil fəaliyyətə meyilli olan, yaradıcı qabiliyyətə malik şəxslərdir.
Müəllimin şagirdlərə ötürmək istədiyi elm, bilik onun mənəvi dünyasına, mənəvi tərbiyəsinə nüfuzunun yanında ikinci dərəcəlidir. Bundan sonra o, sənin fənnini, təbii ki, bacardığı tərzdə oxuyacaq. Şəhadət barmağımızı şagirdə tərəf tuşlayararq lövhəyə çağırmağımız, “sən gəl” deyə müraciətimiz onun şəxsiyyətini, varlığını qəbul etməmək anlamına gələr, eyni zamanda onda narahatlıq əmələ gətirər. Şagirdlərə adları ilə müraciət etmək onun şəxsiyyətinə olan hörmətin ifadəsidir. Bizim onlara necə yanaşmağımızdan çox şey asılıdır. Bu, təhsilin varislik prinsipidir, mənə müəllimlərimdən keçib və mən onlara ömrüm boyu minnətdaram.
Sinifdəki fəaliyyətimdə şagirdlərin fərdi müxtəlifliklərini diqqət mərkəzində saxlamaqla onların ehtiyaclarına görə mövqe tuturam. Müəllim şagirdlə ünsiyyət zamanı onu ünsiyyətin bərabərhüquqlu tərəfi kimi qəbul edərsə, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alarsa, demokratik mövqedə durarsa onun şagirdləri təşəbbüskarlığını itirməz. Bizim nitqimiz, səs tonumuz, davranışımızdakı səmimilik, inandırma qabiliyyətimiz və ən əsası mövzunu aydın, sadə dillə izah etməyimiz onları öyrənməyə cəlb edən, həvəsləndirən mühüm amillərdir. Şagird öyrənə bildiyi müəllimə inanır və onu savadlı hesab edir. Texnika nə qədər inkişaf etsə də, informasiya mənbələri nə qədər çoxalsa da, yenə də müəllim amili ən uca yerdə dayanır, öyrənənlər üçün əvəzolunmaz yeri tutur.
Tədris etdiyim fənlərdə İKT-nin imkanları genişdir. Bu baxımdan İKT sahəsində olan bilik və bacarıqlarımı tətbiq edərək yeni təlim metodlarından məqsədyönlü istifadə edirəm. Belə ki, dərs materialını şagirdlərin yaş səviyyəsinə uyğun seçir, İKT-dən dərsin lazım olan anında və lazım olan qədər istifadə edirəm. Biliyin təqdimat forması öyrənənin dərsə marağını təmin edə bilər. Dərsin mərhələləri arasında daha çox önəm verdiyim motivasiyanın yaradılmasıdır. Əgər şagirdlərimi düşündürə bildimsə, mövzunu onlar üçün maraqlı etdimsə, bu, istədiyim nəticəni alacağıma işarədir.
Gündəlik həyatla keçirilən mövzu arasında əlaqə yarada bilmək, tətbiqetmə qabiliyyətlərinin sistemli inkişafına nail olmaq üçün informasiya axtarışına mütləq şagirdlərin özünü cəlb edirəm. Keçirilən mövzularla bağlı onların yaradıcı yanaşaraq internet resurslarından zəruri məlumatları əldə etməsi, öyrənmə, araşdırma aparma sevgisi məni həm heyrətləndirir, həm də sevindirir. Onlar təkcə məlumatı toplamırlar, eyni zamanda məlumatı yaradırlar və bunu tədqiqat işi şəklində təqdim edirlər. Bütün bunlar sevimli şagirdlərimdə tənqidi və yaradıcı düşünmə, təşəbbüskarlıq, məlumat texnologiyalarından istifadə, ana dilində doğru, təsirli və gözəl danışmaq kimi bacarıqları formalaşdırır.
Azərbaycan dili və ədəbiyyat fənninin şagird şəxsiyyətinin inkişafındakı rolu danılmazdır. Tədris etdiyim fənlərlə bağlı aşılanan əxlaq və mənəviyyat şəxsiyyət bütövlüyünün meyarıdır. Şəxsiyyətin inkişafında isə birinci yerdə nitq, dil amili dayanır.
Azərbaycan dili və ədəbiyyat fənn kurikulumları bilavasitə ana dilində nitq mədəniyyətinin, nitq fəaliyyəti bacarıqlarının formalaşmasına yönəlmişdir. Bunun üçün mən nə edirəm?
İlk növbədə onları mütaliəyə alışdırmaq istəyirəm. Mütaliəyə alışmayan şagird fikirlərini ifadə etməkdə çətinlik çəkir, çünki söz ehtiyatı olmur. Yazı mədəniyyətində olan qüsurlar da bədii zövqünün zəifliyi ilə bağlı olur. Bədii əsərlərin seçimində müəllimin müdaxiləsi lazımdır. Bu məsələnin əhəmiyyətini nəzərə alaraq, həftənin müəyyən günü “Bizim şifahi nitqimiz” adlı məşğələ keçirilir. Burada şifahi nitq təliminin həyatla əlaqəsi, şagirdin maraqlandırılması, onların müstəqil nitq yaradıcılığı üzərində müəllimin bacarıqla rəhbərliyi prinsiplərinə önəm verirəm. Məşğələdə məntiq elminə dair bir sıra məlumat: təhlil etmək, əlaqələndirmək, sübut etmənin növləri və s. öyrənilir. “Kimlərə xeyriyyəçi deyilir?”, “ Biz kimik?”, “Halal ruzi”, “Çalışmaqdan usanma” sərlövhəli müzakirələr zamanı mövzu ilə bağlı hazırlaşan şagirdlər bədii ədəbiyyat oxuyur (şərtimiz belə olur ki, digər informasiya mənbələrindən istifadə etməsinlər), sonra isə oxuduqları əsər haqqında məlumat verir, bədii əsərlərdə verilənləri həyat həqiqətləri ilə müqayisə edir, fikirlərini söyləyirlər. Çünki yaxşı danışa bilməyi öyrənmək üçün, hər şeydən əvvəl, danışmaq lazımdır.
Oxuduqları əsərlərin obrazlar aləmini təhlil edə bilmələri üçün ədəbiyyat nəzəriyyəsindən verilən biliklərin sistemləşdirilməsinə, bədii ifadə və təsvir vasitələrinin yerli-yerində işlədilməsinə çalışıram. İmkan daxilində oxuduqları əsərin kino variantına baxmağa, öz təsəvvürlərinin kino variantı ilə nə qədər uyğun gəlib-gəlmədiyini araşdırmalarına imkan yaradıram.
Bədii əsərlərdə əksini tapan məsələlər haqqında əsaslı və ardıcıl mühakimə yürütmək mümkündür. Bu işdə bizə yazıçıların, siyasi xadimlərin nitqlərini öyrənmək çox kömək edir. Şagirdlərim texniki vasitələrin köməyi ilə görkəmli şəxsiyyət Heydər Əliyevin nitqini dinləyirlər. Bununla nəinki onlara mükəmməl bir nitqi nümunə kimi göstərir, eyni zamanda doğma vətənimizə və dilimizə məhəbbət, milli-mənəvi dəyərlərə sahiblik hissi aşılayıram.
Müəllim nitqinin şagird nitqinə güclü təsirini nəzərə alıram. Yazıçının yaratdığı obrazları izah etmək üçün dil-ədəbiyyat müəlliminin özü də obrazlı, səlis, gözəl və emosional danışmağı bacarmalı, öz yaradıcılıq fantaziyasından istifadə etməlidir. Bu bacarıq bizdə olmasa, şagirdlərimiz ədəbiyyatı sevməz, ədəbi əsərləri də oxumağa həvəslənməzlər. Yadımdadır, Q.Zakirin həyat və yaradıcılığı mövzusu keçilərkən sairin sima və xaraktercə necə olmasını şagirdlərimə təsvir edirdim. Bu zaman onlardan biri: “Müəllim, siz onu görmüsünüz?” -deyə maraqla sual verdi.
Ünsiyyət mədəniyyətinin formalaşması, dinləmə bacarığının tərbiyə edilməsi, cəmiyyətin norma və dəyərlərinə uyğun davranış nümayiş etdirmələri üçün rollu oyunlar keçirir, psixoloji testlər verirəm.
Bunlarla şagirdlərim yeni söz ehtiyatına malik olur, fikrin məzmununu hansı cümlə formasının daha yaxşı ifadə edə biləcəklərini duyur, sözlərin məntiqi vurğusunu nəzərə alırlar. Düşüncələrində də yaxşı mənada fərqlilik müsahidə olunur. Bir çoxları oxuduqlarının sehrinə düşür, mənəvi dünyalarında nələrinsə dəyişdiyini hiss edirlər.
Beləliklə, nitq üzərində işləyərkən mənə aydın oldu ki, şagirdlərimin bir qisminin nitqi aydınlığı, məntiqi ardıcıllıqla sübut etmə və inandırma bacarıqları ilə, digərlərinin isə emosionallığı və obrazlılığı ilə fərqlənir. Bu zaman onlar təqlidçilik etmir, öz mənliklərində qalmalarını üstün tuturlar.
Şagirdlərimi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış etmişəm. Onların hər biri vicdan, fikir, söz azadlığına malik olduqlarını bilməli, şərəf və ləyaqətlərini qorumağı bacarmalı, valideynlərinə, digər vətəndaşların hüquq və vəzifələrinə hörmətlə yanaşmalıdırlar. Bu məqsədlə “Biz hüquq və vəzifələrimizi bilirikmi?” adlı layihə çərçivəsində “Dünya bizim zəkamıza arxalansın” mövzusunda müxtəlif nominasiyalar üzrə müsabiqə keçirmişəm.
Bu bir həqiqətdir ki, bir ölkənin gələcəyi o ölkənin insanlarının alacağı təhsillə bağlıdır. Bu baxımdan, mən çox xoşbəxtəm ki, ölkəmizin gələcəyi üçün çalışanlardan biriyəm.
 

yuxarı ⤴