1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Dərslərimdə innovativ metodlara geniş yer verirəm
23.01.2016/№3

 

 


Pedaqoji fəaliyyətə 1990-cı ildə qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyevin adını daşıyan Bakı şəhəri 254 nömrəli tam orta məktəbdə başlamışam. 25 illik pedaqoji təcrübəyə malik olmağıma baxmayaraq daim yaradıcı axtarışdayam. Ümummilli lider Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi çoxsaylı görüşlərində təhsilin daim təkmilləşdirilməli olduğunu söyləyir və bunu Azərbaycanın təhsil işçilərinin üzərinə düşən mühüm vəzifələrdən biri hesab edirdi.

Ulu öndərin bu tövsiyəsini mən daim diqqətdə saxlayır və ilk növbədə özümə tətbiq edirəm - öz akademik biliklərimi, pedaqoji-metodik ustalığımı artırmağa, tətbiq olunan yenilikləri öyrənməyə və istifadə etməyə çalışıram.

Məlumdur ki, müasir dövrdə İKT-nin təhsilə geniş tətbiqi məktəbdə, eləcə də dərsdə öyrədici mühitin yaradılmasına, yeni təlim texnologiyalarının və metodlarının axtarılıb tapılması və istifadəsinə geniş imkanlar açır. Bu, həm də müəllimi yaradıcı fəaliyyətə sövq edir. Mən də bu imkanlardan öz fəaliyyətimdə səmərəli bəhrələnməyə çalışır, innovativ metodlardan, elektron resurslardan dərslərimdə mütəmadi istifadə edirəm. İnnovativ metodları seçərkən, müstəqil iş, yaradıcı tətbiqetmə üçün tapşırıqlar hazırlayarkən sinfin səviyyəsini, mövzunun xüsusiyyətlərini nəzərə alır, onların şagirdləri maraqlandırmasını əsas tələb kimi götürürəm. Şagirdlərin idraki bacarıqlarını inkişaf etdirən, onları fəallaşdıran, yaradıcı axtarışlara qoşan beyin həmləsi, disput, Venn diaqramı, krossvord kimi təlim metod və üsullarından istifadəyə xüsusilə geniş yer ayırıram. Çünki fəal dərsi bunlarsız təsəvvür etmək çətindir. Dərslərimdə didaktik oyunlara da çox yer verirəm. Belə oyunlarda şagirdin diqqəti bir yerə yönəlir, müstəqil düşünür, mövcud biliklərindən istifadə edərək yeni biliklər qazanır, onların vasitəsi ilə təhlil, müqayisə, nəticəçıxarma bacarıqlarına yiyələnirlər. Bu üsullar vasitəsi ilə dərslərdə əməkdaşlıq mühitini də asanlıqla yaratmaq mümkün olur.

Müasir təlimin əsas xarakterik xüsusiyyətlərindən olan biliklərin müstəqil mənimsənilməsi müəllimdən dərsdə müstəqil iş üçün tapşırıqların seçilməsinə məsuliyyətlə yanaşmağı tələb edir. Bu baxımdan, mən müstəqil iş üçün tapşırıqlar seçərkən onların sinfin orta bilik səviyyəsinə uyğun olmasına, şagirdləri müstəqil çalışmağa sövq etməsinə, məzmununun şagirdlərə aydın olmasına səy edirəm.

Təlimin keyfiyyətinə dərsin düzgün qurulmasından, metodların düzgün seçilməsindən heç də az təsir göstərməyən müəllim-şagird münasibətləri, istedadlı şagirdlərlə işin təşkili də müəllimin daim diqqət yetirməli olduğu məsələlərdəndir və bunları mən də dərslərimdə diqqətdə saxlayıram. Müəllim-şagird münasibətlərində səmimiliyə, qarşılıqlı hörmətə, ədalətliliyə üstünlük verirəm və bu keyfiyyətləri şagirdlərimin də öz münasibətlərində əsas götürməsinə nail olmağa çalışıram. İstedadlı və qabiliyyətli şagirdləri aşkara çıxarmaq üçün ilk növbədə, onların idraki fəaliyyətinin xüsusiyyətlərini, inkişaf səviyyələrini və fərdi keyfiyyətlərini öyrənirəm. Dərsdə şagirdlərin diqqətinin düzgün paylanması qavramada böyük rol oynadığından bu istiqamətdə də dərsin hər mərhələsində iş aparıram.

Fənn kurikulumlarında məzmun standartları ilə yanaşı qiymətləndirmə standartları da öz əksini tapıb. Bu şagirdlərin məzmun standartlarını mənimsəmələrinə görə qiymətləndirilməsində, standartlar əsasında məqsəd və qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsində müəllimə kömək edir. Qiymətləndirmə zamanı obyektivliyi maksimum gözləməyə çalışıram.

Fəaliyyətə başladığım ilk gündən çalışıram ki, riyaziyyatı təkcə düsturlardan, tərif və teoremlərdən ibarət bir elm kimi yox, başqa fənlərlə əlaqəli, maraqlı bir fənn kimi tədris edim. Buna görə də dərs zamanı əyləncəli məsələlərə, viktorinalara, riyaziyyatla bağlı alimlərin fikirlərinə geniş yer verirəm.

Fənnə marağın artırılmasında, dərsin səmərəliliyinin yüksəldilməsində, biliklərin sistemə salınmasında fənlərarası əlaqənin rolu böyükdür. Buna görə də riyaziyyatın fizika, kimya, biologiya və s. fənlərlə əlaqəli tədrisində proqramın verdiyi imkanlardan geniş istifadə edirəm. Bütün bunlara nail olmağımda isə mənə məhz müntəzəm apardığım yaradıcılıq axtarışları kömək edir. Uzunillik təcrübəmdən bu qənaətdəyəm ki, müəllim yaradıcı axtarışlar aparmasa bu günün təliminin öhdəsindən gələ, dövrün tələb etdiyi bilik və kompetensiyaları şagirdlərə aşılaya, onları fəal vətəndaşlar kimi yetişdirə bilməz.
 

Fəridə ƏLİYEVA,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

yuxarı ⤴