1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
GDU-da anım mərasimi
28.01.2017 / No3

 

 

 


Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rektor, professor Yusif Yusibov çıxış edərək qeyd edib ki, xalqımızın qan yaddaşına çevrilmiş 20 Yanvar təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunmuş qəhrəmanlıq salnaməsidir. Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan bir xalqın haqq səsini ucaltdığı, müstəqillik, suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.
Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
20 yanvarda keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandıran rektor imperiyanın 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədiyini söyləyib.
Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “20 Yanvar xalqın istiqlal yoludur” adlı məruzəsində faktlara əsaslanaraq bu hadisənin səbəblərini dinləyicilərə çatdırıb və bildirib ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun təcavüzü qanlı 20 Yanvar faciəsinə gətirib çıxardı.
Tədbirdə qanlı Yanvar reallıqlarına həsr edilmiş videoçarx və tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Faciəni incəliyinə qədər təsvir edən poetik nümunələr, onların ustalıqla ifası dinləyicilərin qəlbini riqqətə gətirib, erməni faşizminə, rus ordusunun təcavüzünə nifrət hisslərini daha da alovlandırıb.

Mətbuat xidməti

yuxarı ⤴