1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Gənc istedadlar” liseyində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi etibarlı əllərdədir
28.01.2017 / No3

 

 

 


Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin tədrisi və tətbiqi sahəsinin inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri ana dilimizin elmi tədqiqinin genişləndirilməsi və bütün sferalarda tətbiqi işinə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalamışdır. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə rəhbəri İlham Əliyev cənabları da milli dilimizin inkişafı, qorunması və tətbiqi problemlərinin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Bu vəzifələrin necə həyata keçirildiyini müşahidə etmək üçün biz - BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin bir neçə sinfində Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs prosesini izlədik. Dərslərdə iştirak etməkdə əsas məqsədimiz Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinin keyfiyyətinə nəzarət etmək və təlim prosesində metodiki cəhətdən çətinliklərlə üzləşən müəllimlərə kömək etmək, onlara məsləhət və tövsiyələrimizi çatdırmaq idi.
Liseydə olduğumuz zaman “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov tədbirin əhəmiyyətindən danışdı. Azərbaycan dili və ədəbiyyat fənlərinə xüsusi diqqət yetirildiyini bildirən Q.Hüseynov dedi ki, BDU-nun rektoru akademik Abel Məhərrəmov hər yeni tədris ilində “Gənc istedadlar” liseyinə şagirdlərin görüşünə gəlir, onlara elmin zirvələrinə ucalmaq üçün tövsiyələr verir, uğurlar arzulayır.
Biz kafedranın əməkdaşları Azərbaycan dili və ədəbiyyat dərslərinin nəzəri və metodiki cəhətdən düzgün tədrisi prosesini izləmək üçün liseydə bir neçə dərsi müşahidə etdik. Liseydəki müəllim kadrlarının nəzəri və metodiki cəhətdən mükəmməl hazırlığı, şagirdlərin aktivliyi, məntiqi təfəkkürlərinin inkişafı, bütövlükdə tədrisin keyfiyyətinin yüksək səviyyədə olduğunu gördük. Dinlədiyimiz dərslərdən belə nəticəyə gəldik ki, liseydə kontekstual biliyin mənimsənilməsinə xidmət edən dövlət standartlarını əsas tutan təlim prosesi şagirdlərin Azərbaycan dili üzrə dinlədiyi mətnin məzmununu izah edib, ona münasibət bildirməsinə, bilik və bacarıqlarını nümayiş etdirmələrinə, öz fikirlərini müstəqil ifadə etmələrinə şərait yaratmışdır. Şagirdlər müxtəlif formalı rabitəli mətnlər qurur, nitq bacarıqlarını nümayiş etdirirdilər. Liseydəki yüksək səviyyəli təlim-tədrisin nəticəsidir ki, buranın yetirmələrinin səsi ABŞ, Türkiyə, Rusiya universitetlərindən gəlir, liseyin məzunları ən yüksək nəticələr göstərərək mötəbər ali məktəblərə qəbul olunurlar. Onu da qeyd edək ki, qazandığı uğurlara görə lisey Prezident İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
“Gənc istedadlar” liseyinin direktoru Q.Hüseynov təlimin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif məktəblər arasında mübadilələr aparılmasının, “açıq dərs”lərin müzakirələrinin keçirilməsi və gənc kadrlara yeni təlim metodları haqqında məsləhətlər verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söylədi. Biz də bu fikirlərlə razıyıq ki, təlimin keyfiyyəti müəllimin pedaqoji ustalığından və düzgün metodlar seçmək bacarığından asılıdır.

Rəhilə QULİYEVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Səidə MƏMMƏDOVA,
filologiya üzrə fəlsəfə doktoru, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları
 

yuxarı ⤴