1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Cahangir Məmmədli - 75
Müəllimimiz, dostumuz, məsləhətçimiz
28.01.2017 / No3

 

 

 


Azərbaycanın tanınmış jurnalist-pedaqoqu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin bu günlərdə 75 yaşı tamam oldu.
Biz - Azərbaycan jurnalistikasının orta və gənc nəsillərinin nümayəndələri ömrünün müdriklik çağında olan Cahangir Məmmədlini, hər şeydən əvvəl, cəmiyyətimizin ən gərəkli peşələrindən olan jurnalistliyi bizə sevdirən, nədən, necə yazmağı öyrədən və çoxsaylı publisistik əsərləri ilə bunlara örnək göstərən mahir müəllim, ustad jurnalist kimi tanıyırıq.
Universitet auditoriyalarına qədəm basdığı 70-ci illərin əvvəllərindən başlayaraq günümüzədək Azərbaycan jurnalistlərinin böyük bir dəstəsinin yetişməsində misilsiz əməyi olan Cahangir müəllim həm də milli mətbuatımızın azman nümayəndələrinin istedadlı ardıcılı, Azərbaycan mətbuatının təəssübünü çəkən və ən yaxşı ənənələrini davam etdirən jurnalist-publisist kimi tanınır. İndiyədək onun qələmindən çıxan 1300 publisistik məqalə bunun sübutudur.
Biz Cahangir müəllimi, eyni zamanda, Azərbaycan jurnalistikasının müasir, aktual elmi-nəzəri problemlərini dərin tədqiqatçı sevgisi və səriştəsi ilə araşdıran, elmi jurnalistikamızın formalaşmasına öz dəyərli töhfələrini vermiş alim kimi sevirik. Onun 1973-cü ildə “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu”, 2008-ci ildə “Azərbaycan jurnalistikasının müasir inkişaf meyilləri” mövzularında yazdığı və uğurla müdafiə etdiyi namizədlik və doktorluq dissertasiyaları, 250 elmi məqaləsi, 3 monoqrafiyası, 4 kitabı məhz bu istiqamətdəki geniş və ardıcıl fəaliyyətinin güzgüsüdür. Cahangir müəllimin müasir jurnalistikaya həsr edilmiş kitabları Azərbaycan jurnalistləri, eləcə də jurnalistika-publisistika sahəsində tədqiqat aparanlar üçün dəyərli mənbədir.
Biz sevimli müəllimimizin ölkədə media sahəsində nüfuzlu, sözükeçən bir ekspert kimi fəaliyyətindən də məmnunuq. Məsləhətə ehtiyacımız olduqda ona istənilən vaxtda, çəkinmədən müraciət edir və dəyərli tövsiyələrini işimizdə nəzərə alırıq.
Cahangir Məmmədli hər birimizin yaddaşına həm də gözəl insan, ən yaxşı insani keyfiyyətlərin daşıyıcısı, halallıq və ədalət mücəssəməsi kimi həkk olunub. Ona görə də çöhrəsində təbəssümü heç vaxt əskik olmayan, sadəliyi və səmimiliyi ilə bizlərə örnək olan Cahangir müəllimi hər görəndə sevinir, onunla söhbətdən məmnunluq duyuruq.
Müəllimimiz, dostumuz, məsləhətçimiz Cahangir müəllimi 75 yaşı münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.

“Azərbaycan müəllimi”

yuxarı ⤴