1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahan prosesi müşahidə edilib
28.01.2017 / No3

 

 


Digər təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də artıq semestr imtahanları başa çatmaq üzrədir. Yanvarın 24-də keçirilən növbəti imtahanların gedişini müşahidə etmək üçün təhsil ekspertləri, QHT nümayəndələri, media təmsilçiləri və ADPU-nun İctimai Nəzarət Şurası üzvlərinin kollecə mediaturu təşkil olunub.
Öncə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov mediatur iştirakçıları ilə görüşərək onlara rəhbərlik etdiyi müəssisədəki tədris prosesindən danışıb, imtahanlara hazırlıq, onların təşkili və gedişi barədə geniş məlumat verib. Qeyd olunub ki, cari imtahan sessiyasının təşkili ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək üçün kollec üzrə də əmr imzalanıb. Həmin əmrlə “İmtahan qərargahı” yaradılıb. Sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması məqsədilə Apelyasiya Komissiyası təşkil olunub. Kollecin binasının I mərtəbəsində tələbələrin şikayət və təkliflərini bildirmələri üçün qutu qoyulub.
Q.Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edildiyini söyləyib. Bildirilib ki, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsi, eyni zamanda təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsini təmin etməkdir.
Verilən məlumatdan aydın olub ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində obyektiv qiymətləndirmə aparmaq üçün yeni meyarlar hazırlanıb. 0-10 bal sistemində hər bir bal üzrə tələbənin bilik və bacarıqlarını dəqiq ölçmək məqsədilə yeni qiymətləndirmə meyarlar cədvəli tərtib olunub. Meyarları hazırlamaq və tətbiq etmək səriştəsinə yiyələnmək məqsədilə cavabların yoxlanması prosesini aparan müəllimlərə noyabr-dekabr aylarında xüsusi təlimlər keçirilib. Obyektivliyi təmin etmək üçün kodlaşma, yoxlama və emal otaqları hazırlanıb. İmtahanlar yazılı keçirilir və hər tələbəyə 5 sual təqdim olunur.
Direktor kollecdə təhsil alan tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinin diqqətdə saxlanıldığını və imtahanların şəffaf keçirilməsinə ciddi nəzarət olunduğunu qeyd edib.
Sonra təhsil ekspertləri, QHT nümayəndələri, media təmsilçiləri, ADPU-nun İctimai Nəzarət Şurası üzvləri imtahanların gedişini izləyiblər. “Məktəbəqədər təlim və tərbiyə”, “informatika”, “ibtidai sinif müəllimliyi”, “ailə və ev təhsili” ixtisasları üzrə I, II, IV kurslarda təhsil alan tələbələrin imtahanlarında müşahidələr aparan mediatur iştirakçıları daha sonra cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər.
Kollecdə imtahanların təşkilini yüksək dəyərləndirən mediatur iştirakçıları tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsinin şahidi olduqlarını vurğulayıb, tələbələr üçün yaradılan şəraitdən razılıq ediblər.
Qeyd edək ki, həmin gün kollec üzrə 55 qrupdan 1325 tələbə müxtəlif fənlərdən imtahan verib.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴