1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Təhsil Şurası Beynəlxalq konfrans keçirdi
28.01.2017 / No3

 
 

 

 


Azərbaycan Təhsil Şurasının təşəbbüsü və təşkilatçılığı ilə bu günlərdə Bakıda “Beynəlxalq təcrübə mübadiləsi təlimin keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda III Beynəlxalq elmi-təcrübi konfrans keçirilib. Şuranın təhsilin inkişafı üzrə Dövlət Strategiyasına “Dəstək Proqramı” çərçivəsində təşkil olunmuş konfransda Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin direktoru, dosent Lyubomira Mandziy, İvan Franko adına Lvov Milli Universitetinin prorektoru, professor Mariya Zubritska, Lvov vilayət Turku rayon Dövlət Departamenti Təhsil İdarəsinin müdiri Natalya Hoşvitsa, Mostiska Rayon Təhsil İdarəsinin müdiri Valentina Çerneha, Lvov Vilayət Dövlət Departamentinin Təhsil Portalının rəhbəri Olqa Parçevska, Ryasne-ruska bələdiyyəsinin katibi Xatsko Svyatoslav, Ryasne-ruska orta məktəbinin direktoru İqor Xorujiy, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Nəzarət-Təftiş Komissiyasının sədri Adgözəl Səfərov, jurnalist, layihənin Ukrayna üzrə koordinatoru Mirfəttah Rəsulov iştirak ediblər.
Konfransın proqramına uyğun olaraq ukraynalı qonaqlar əvvəlcə paytaxtın bir sıra təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət, Azərbaycan Texniki, Memarlıq və İnşaat universitetlərində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Bakı şəhəri 271, 144, 286, 162, 6 nömrəli tam orta məktəblərdə olub, həmin təhsil müəssisələrinin rəhbərliyi və kollektivi ilə görüşüblər. Görüşlərdə ölkəmizdə ali və ümumtəhsil sahəsində aparılan isalahatlardan, müəllimlərin elmi-metodik hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs olunub, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Bakıdakı 132-134 nömrəli təhsil kompleksində keçirilən beynəlxalq konfransda Ukraynadan olan qonaqlarla yanaşı, respublikamızın hər yerindən qabaqcıl müəllimlər, təhsil işçiləri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyindən, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən, ali və orta ixtisas təhsili müəssisələrindən nümayəndələr iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının keçirdiyi beynəlxalq elmi-təcrübi konfransların dinamikasına nəzər salıb. Bildirib ki, Gürcüstanda və Azərbaycanda keçirilmiş təcrübə mübadilələrinə azərbaycanlı müəllimlərlə yanaşı, gürcüstanlı, ukraynalı müəllimlər də böyük maraq göstərirlər. Məhz bu marağın nəticəsidir ki, bu gün Ukraynanın Lvov vilayətinin elm və təhsil sahəsinin nümayəndələri Azərbaycana təşrif gətiriblər. Əjdər Ağayev vurğulayıb ki, müəllimlərin, məktəblərin beynəlxalq təcrübə mübadiləsi layihəsinə qoşulması onların dünya təhsilində gedən prosesləri izləməsinə, öz işlərini müasir dövrün tələbləri səviyyəsində qurmasına, eləcə də öz təcrübələrini dünya meridianlarına çıxarmasına yardımçıdır. Azərbaycan təhsilində beynəlxalq təcrübə mübadiləsi kimi əhəmiyyətli bir ənənənin yenidən gündəmə gəlməsi çox mühüm bir hadisədir.
Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin direktoru Lyubomira Mandziy Ukraynada orta təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edib. Ukrayna təhsilində yeniliklərin tətbiq olunmasına, dünya təcrübəsinin mütərəqqi ənənələrinin öyrənilməsinə böyük ehtiyac olduğunu deyən qonaq Azərbaycanın orta ümumtəhsil və ali məktəbləri ilə tanışlığın bu ehtiyacı ödəməkdə onlara yardımçı olacağını söyləyib.
İvan Franko adına Lvov Milli Universitetinin prorektoru, professor Mariya Zubritska universitetin fəaliyyət istiqamətlərindən, kadr hazırlığının mövcud vəziyyətindən, pedaqoji kadr potensialından, beynəlxalq əlaqələrindən, yeni texnologiyaların tətbiqi imkanlarından bəhs edib.
Konfransda çıxış edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xumar Qazıyeva fəaliyyət göstərdiyi təhsil ocağının iş prinsiplərindən, təhsil ocağının müasir dövrdə Azərbaycan təhsilində mövqeyindən, məzunların ali məktəblərə qəbul səviyyəsindən, müəllimlərin elmi-metodik hazırlığından danışıb.
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Təranə İsmayılova “Şagirdlərin mənəvi tərbiyəsində tədris filmlərinin əhəmiyyəti” mövzusunda çıxışında bu sahədəki təcrübəsini bölüşüb.
Konfransda daha sonra çıxış edənlər - Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru, professor Nazim Kazımov, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Nəzarət-Təftiş Komissiyasının sədri Adgözəl Səfərov, veteran təhsil işçisi, respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova Azərbaycan təhsilinin müasir inkişaf dinamikasından, zəngin təlim-tərbiyə ənənələrindən, pedaqoji-psixoloji elm sahəsində aparılan tədqiqatlardan, musiqiçi kadrların hazırlanması səviyyəsindən, müəllimin cəmiyyətdəki mövqeyindən, azərbaycanlı gənclərin xaricdə təhsilinin mövcud vəziyyətindən və s. bəhs ediblər.
Konfransdan sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin, eləcə də məktəblilərin ifasında konsert proqramı nümayiş olunub, iştirakçılara sertifikatlar təqdim edilib.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴