1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Paytaxt təhsilində yeniliklər
28.01.2017 / No3

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Qeyd edək ki, dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsləri əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edir. Dərs zamanı Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənilir. “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi”, “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı”, “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” və digər bu kimi mövzulardakı məruzələrdə ümummilli liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Nəzərə çatdıraq ki, paytaxtın 12 inzibati rayonu üzrə tam orta məktəblərdə keçirilən dərslər may ayınadək davam edəcək.
 
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.
Layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Layihə çərçivəsində 2016-2017-ci tədris ilinin yanvar ayı üçün ümumi təhsil məktəblərinə “Ekologiya və iqtisadiyyat” mövzusu təqdim olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Bakı şəhərinin 12 inzibati rayonunun hər birində məktəblilər tərəfindən “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, rəsm müsabiqələri, sərgilər təşkil edilir, araşdırmalar aparılır, məktəbyanı sahədə abadlıq işləri görülür. Bundan əlavə, bir çox məktəblərdə layihə çərçivəsində “Məktəb avadanlıqlarını qoruyaq və saxlayaq!”, “Yer kürəmizi qoruyaq”, “Gəlin qənaət edək, israfçılığa yol verməyək, büdcəmizi qoruyaq!”, “Məni cırma, məni əzmə, məni oxu və qoru”, “Tullantılara yenidən həyat verək” şüarları altında aksiyalar da keçirilir.
Qeyd edək ki, yanvar ayının sonunda mövzuya uyğun olaraq “Ayın ən qənaətcil məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Paytaxtın 2 rayonu üzrə səyyar qəbul keçirilib

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 46 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, əməkhaqqı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

“75 məktəb” layihəsi çərçivəsində seminarlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində keçirilən seminarlar davam edir.
Vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçiminə dəstək olmaqdır.
Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru və fənn müəllimləri tərəfindən aparılır.
“Müvəffəq məktəbli” adlı seminarların “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub. Layihəyə cəlb olunan 19 ümumi təhsil müəssisəsində seminarlara yekun vurulub.
Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.

Paytaxt məktəbliləri üçün ekskursiyalar təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur.
Layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədlərinə xidmət edir.
Ekskursiya zamanı məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirirlər.
Qeyd edək ki, üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə ulu öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olurlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə edirlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, milli geyim və zərgərlik nümunələri məktəblilərdə böyük təəssürat yaradır. Ekskursiya zamanı şagirdlərə həmçinin mərkəzin “Kitabxana və informasiya texnologiyaları” bölməsindəki kitablar haqqında da məlumat verilir.
Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir.
yuxarı ⤴