1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Adları “Qızıl kitab”a yazılmış gənc istedadlar
28.01.2017 / No3

 
 

 

 


Daha böyük məsuliyyətlə çalışır

Murad İbrahimov 2003-cü ildə Bakı şəhərində anadan olub. Bakıdakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin xanəndə ixtisası üzrə IX sinif şagirdidir. Hazırda isə o, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın VIII sinfində təhsil alır. Yeniyetmə istedad 2012-ci ildə paytaxtda keçirilən Xan Şuşinski adına I respublika muğam festivalında və 2015-ci ildə VII beynəlxalq uşaq muğam müsabiqəsində iştirak edərək Qran-pri mükafatına layiq görülüb. 2016-cı il onun üçün daha uğurlu olub. Belə ki, o, beynəlxalq uşaq muğam festivalında I yerə çıxıb. Həmin il Daşkənd şəhərində BMT-nin VII Qlobal forumu çərçivəsində keçirilən konsertdə iştirakı da çox uğurlu olub. Murad dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxışlar edib. Müxtəlif dövlət tədbirlərində öz istedad və bacarığını nümayiş etdirib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında keçirilən respublika musiqi müsabiqəsində I yerə layiq görülüb. Müəllimi Ayşən Eminli şagirdinin gələcəyinə çox böyük ümid bəsləyir.
2017-ci il yanvarın 12-si Murad İbrahimovun həyatında yaddaqalan olub. Sevincli anlar yaşayan gəncin adı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Bu gün Murad özünü dünyanın ən xoşbəxt adamı sayır. İstedad və bacarığına dövlət səviyyəsində yüksək qiymət verilməsi onun ifaçılıq sənətinə məhəbbətini birə-beş artırıb. O, bu gün daha da böyük məsuliyyətlə, əzmlə çalışır və ona göstərilən yüksək etimadı layiqincə doğrultmağa səy göstərir.
 

2016-cı il onun üçün yaddaqalan olub

Nərminə İsmayılova 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil olub və hazırda X sinifdə təhsil alır. Xüsusi istedad sahibi olan Nərminə kiçik yaşlarından başlayaraq müxtəlif konsertlərdə çıxışlar edib. 2009-cu ildə N.Əliverdibəyov adına gənc pianoçuların respublika müsabiqəsində fəal çıxışına görə laureat adını qazanıb və diplomla mükafatlandırılıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsində uğurla çıxış edərək I yerə layiq görülüb. Həmin il Nərminə İsmayılova Dövlət Gənclər Simfonik Orkestrinə solist kimi dəvət olunub. O, bu günə kimi orkestrin konsertlərində solist kimi çıxış edir. 2015-ci ildə görkəmli pianoçu V.Matsuevin təşkilatçılığı ilə Qazaxıstanda keçirilən klassik musiqi beynəlxalq festivalı və gənc pianoçuların “Astana Piano Passion” adlı beynəlxalq müsabiqəsinin diplom və mükafatına layiq görülüb. 2016-cı ildə Estoniyanın Narva şəhərində keçirilən gənc pianoçuların F.Şopen adına beynəlxalq müsabiqəsində parlaq çıxışlar nümayiş etdirdiyinə görə gənc istedad II yerə çıxıb. 2016-cı il bir də onunla əlamətdar olub ki, o, Polşanın Şafarnia şəhərində keçirilən pianoçuların F.Şopen adına Beynəlxalq müsabiqəsinin diplomantı adını qazanıb. Nərminə bir çox tədbirlərdə solist və vokalçıların konsertmeysteri kimi çıxış edir.
Söhbət əsnasında Nərminə İsmayılova bildirdi ki, sevincinin hədd-hüdudu yoxdur. 2016-cı il onun üçün yaddaqalan olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncamı ilə Nərminə İsmayılovanın adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.
Gənc istedad ölkə rəhbəri İlham Əliyevin ona göstərdiyi bu etimadı doğruldacağına söz verir.

Beynəlxalq müsabiqələr və festivallar qalibi

Zərrin Əliyeva 2001-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə 36 nömrəli uşaq musiqi məktəbinə daxil olub. 2011-ci ildə isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə köçürülüb və Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində skripka ixtisası üzrə təhsilini davam etdirməyə başlayıb. Zərrin Əliyeva musiqi məktəbində təhsil aldığı illər ərzində bir çox nailiyyətlər qazanıb. O, respublika və beynəlxalq müsabiqələrdə, festivallarda, eyni zamanda 2012-ci ildə dünya şöhrətli musiqiçi N.Paqanininin anadan olmasının 230 illiyinə həsr olunan festivalda uğurla çıxış edərək laureat adını qazanıb. Gənc istedad 2013-cü ildə Belçikada kecirilən VI beynəlxalq “Bravo”müsabiqəsində II yeri tutaraq diplomla mükafatlandırılıb. Həmin il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifacıların II respublika müsabiqəsinə qatılaraq II yerə çıxıb. Z.Əliyeva Ü.Hacıbəyli adına IV, V, VI beynəlxalq festivalların, eyni zamanda beynəlxalq M.Rostropoviç festivalının iştirakçısı olub.
Çexiyanın Praqa şəhərində keçirilən Praqa Yay Akademiyasının iştirakçısı və diplomçusu olan Zərrin həmin akademiyanın professoru Roman Fedçhukdan dərs alıb. Moskvada keçirilən “Musiqi nəsilləri” III beynəlxalq uşaq musiqi festivalında iştirakına görə o, diplomla mükafatlandırılıb. Bütün tədbirlərdə həvəslə iştirak edən yeniyetmə skripkaçı Rusiyanın Samara şəhərində Y.Başmetin rəhbərliyi ilə uşaq musiqi akademiyasında keçirilən ustaq dərslərinin, konsertlərin də iştirakçısı olub. IV Beynəlxalq “Harmoniya” festivalının laureatı olan Zərrinin 2014-cü ildə Mikaladze adına Tbilisi Musiqi Kolleci ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında dostluq proqramı çərcivəsində Tiflis şəhərində keçirilən konsertdə solo, duet və trio ilə çıxışı tamaşaçılarda xoş ovqat yaradıb. Musiqinin sirlərinə daha dərindən yiyələnmək üçün o, Kanada Musiqi Akademiyasının professoru Taras Qaboradan, professor və türk xalq musiqi sənətçisi, professor Cihad Aşkından dərs alıb.
Hazırda Zərrin xalq artisti T.Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin solistidir.
2017-ci il onun üçün daha əlamətdar, daha yaddaqalan olub. Çünki bu ilin yanvarında Zərrin Əliyevanın adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Böyük uğurlar sorağında

Mahir Hacıyev 2001-ci ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakıdakı 28 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra paytaxtdakı Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinə kamança ixtisası üzrə Aidə Rəfiyevanın sinfinə qəbul olub. Hazırda paytaxtdakı 319 nömrəli orta məktəbin X sinfində təhsil alır. Ötən bu illər ərzində respublika və beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək müxtəlif fəxri fərman və diplomlarla mükafatlandırılıb. O, 2014-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına II respublika müsabiqəsində I yerə layiq görülərək laureat adını qazanıb. 2016-cı ilin mayında Habil Əliyev adına gənc kamança ifaçılarının I respublika müsabiqəsində yüksək nəticə əldə edərək laureat adına layiq görülüb. Həmin ilin noyabrında Özbəkistanda keçirilən II beynəlxalq müsabiqədə I yerin qalibi olub. Dəfələrlə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə konsertlərdə çıxış edib.
Fəxarət hissi keçirən Mahir söhbət əsnasında bildirib ki, adı 2017 -ci ilin 12 yanvarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Mükafata görə ölkə başçısına minnətdarlığını bildirən gənc istedad gələcəkdə daha böyük uğurlar qazanacağına əmindir.

Sevincimin hədd-hüdudu olmayıb

Elçin Məmmədov 2004-cü ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakıdakı Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinə fortepiano ixtisası üzrə Olqa İsgəndərovanın sinfinə qəbul olub. Gənc istedad təhsil aldığı illərdə bir çox uğurlara imza atıb. Belə ki, o, dəfələrlə məktəbdə keçirilən hesabat konsertlərində, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertlərdə istedad və bacarığını nümayiş etdirib. 2012-ci ildə Sankt-Peterburq şəhərində M.Rostropoviç adına məktəblilərin I beynəlxalq festivalında, 2013-cü ilin noyabrında Estoniyanın Narva şəhərində “Baltik ulduzları” IV beynəlxalq musiqi müsabiqəsində diplomlarla mükafatlandırılıb. 2014-cü ilin iyununda isə Almaniyada keçirilən beynəlxalq “Baden-Wettbewerb Musikalısches Feuerwerk” müsabiqəsində I yerə, “Future stars” V beynəlxalq müsabiqədə laureat adını qazanıb.
2017-ci il də Elçin Məmmədov üçün uğurlu olub. Beynəlxalq müsabiqələr və festivallar qalibi olan, istedadı, ifaçılıq qabiliyyəti ilə tamaşaçılarda xoş ovqat yaradan bu yeniyetmə ifaçının adı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Elçin Məmmədov bugünkü uğurlarına görə müəllimlərinə və valideynlərinə minnətdar olduğunu bildirir. Ölkə rəhbəri İlham Əliyevin imzaladığı məlum sərəncamda öz adını görəndə sevincinin hədd-hüdudu olmayıb. İstedadına verilən bu qiymət onun yaradıcılıq həvəsini daha da artırıb.

Etimadı doğrultmaq əzmindədir

Rəşid Behbudov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil olub və hazırda həmin məktəbin XI sinfində tanınmış pedaqoq, Bakı Musiqi Akademiyasının müəllimi Nülufər Tabasaranskayanın sinfində təhsil alır. Ötən bu illər ərzində Rəşid bir çox uğurlara imza atıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsində uğurla çıxış edərək II dərəcəli diplomla təltif olunub. Həmin il onun uğuru bununla bitməyib. Belə ki, ISESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və “Kainat” Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İslam Dünyasının gənc klassik musiqi ifaçılarının II Beynəlxalq müsabiqəsi”ndə I dərəcəli diplomla mükafatlandırılıb. Eləcə də Tbilisi şəhərində gənc pianoçuların VI Beynəlxalq müsabiqəsində Rəşid Behbudov uğurla çıxış edib və III dərəcəli diploma layiq görülüb. Görkəmli pedaqoq, pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunan gənc pianoçuların ümumşəhər festivalı da ifaçı üçün uğurlu olub. Və o, bu festivalda məharətli çıxışlarına görə diplomla mükafatlandırılıb. Rəşid Behbudov daim öz üzərində çalışır, müxtəlif konsertlərdə, tədbirlərdə zəngin proqramlarla çıxış edir. 2015-ci ildə istedadlı yeniyetmə M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən konsertdə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestri ilə F.Şopenin 1 saylı konsertini böyük məharətlə ifa edib. Həmin il daha mötəbər tədbirdə öz istedadını nümayiş etdirərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru T.Göyçayev və XI sinif şagirdi A.İsmayılov ilə birgə Azərbaycan-Britaniya Cəmiyyətinin təşkilatçılığı ilə İngiltərədə Purcell schoola ezam olunub və orada konsert proqramı ilə çıxış edib. Rəşid Behbudov “From festival till festival” beynəlxalq festivalının qala konsertinin də iştirakçısıdır. 2016-cı ildə Qəbələdə keçirilən pianoçuların beynəlxalq müsabiqəsinin diplomantı və “Future stars” beynəlxalq festival-müsabiqəsinin laureatı adını qazanıb.
Sevindirici haldır ki, 2016-cı ilin dekabrında istedad və bacarığı, xüsusi ifaçılıq qabiliyyəti ilə seçilən Rəşid Behbudovun adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Rəşid özünü peşəkar musiqiçi kimi görmək, daha böyük uğurlara imza atmaq, ona göstərilən etimadı doğrultmaq əzmindədir.

Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
yuxarı ⤴