1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Araşdırma
Qəzetimizin keçirdiyi müsabiqələrin nəticələri nə göstərdi?
28.01.2017 / No3

 
 

 

 


Müsabiqə bütün sahələrdə ən yaxşıların müəyyənləşdirilməsi üçün əlverişli üsul hesab olunur. Ona görə də seçim zərurəti yaranan hər yerdə, hər sahədə bu üsula müraciət edilir. Özü də müsabiqə təkcə seçimin obyektivliyini, ədalətliliyini təmin etmir, həm də vacib stimullaşdırıcı rol oynayır, seçilənlərə, qaliblərə mənəvi və maddi dividend gətirir.
Seçim zərurəti, mövcud çoxluq içərisindən ən layiqliləri üzə çıxarmaq ehtiyacı günümüzün reallığına çevrildiyindən indi müsabiqələr daha tez-tez təşkil olunur. “Azərbaycan müəllimi” qəzeti olaraq biz də ötən il iki dəfə bu vasitəyə müraciət etdik. İlin əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə metodik mövzuda “Ən yaxşı yazı”, ilin sonunda isə Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üçün Tədbirlər Planına uyğun olaraq “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqələri keçirdik. İlk təcrübəmiz olmasına baxmayaraq hər iki müsabiqə uğurla keçdi. Qaliblər obyektivlilik, ədalətlilik, şəffaflıq prinsiplərinə tam riayət edilməklə nüfuzlu təhsil işçiləri, təhsil ekspertlərindən ibarət münsiflər heyətləri tərəfindən müəyyənləşdirildi, yer tutanlar diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Düşünürük ki, müsabiqələrin həm iştirakçılar, həm də redaksiyamız üçün böyük faydası oldu. Təhsil işçiləri onlara təklif olunan müsabiqə mövzuları vasitəsilə təhsilimizdə gedən islahatlarla bağlı fikirlərini, rəy və təkliflərini bildirmək üçün daha bir şans əldə etdilər, redaksiyamız isə xeyli potensial müəllif qazandı, material ehtiyatı topladı.
Bütün bunlarla yanaşı hər iki müsabiqə zamanı bəzi problemlərlə də rastlaşdıq ki, onlar haqqında fikirlərimizi oxucularla - gələcək müsabiqələrimizin iştirakçıları ilə bölüşməyi zəruri hesab edirik.

Müsabiqələrdə, xüsusən də yaradıcı müsabiqələrdə obyektiv seçim, qiymətləndirmə aparmaq iki halda çətin olur. Bir təqdim olunmuş işlər yaxşı, bir də zəif olanda. Təəssüflər olsun ki, biz hər iki müsabiqədə məhz ikinci halla qarşılaşdıq. Əlbəttə, söhbət bütün yazılardan deyil, əksəriyyətindən gedir.
Təşkilat Komitəsinə birinci müsabiqədə 120, ikincidə isə 80 yazı daxil olmuşdu. Yazıların qəbulu üçün ayrılmış bir aylıq və iyirmi günlük müddətlər üçün bu, yaxşı göstəricidir və müəllimlərimizin fəallığından xəbər verir. Lakin çoxluq hələ yaxşı olmaq demək deyil. Ona görə də hər iki müsabiqədə münsiflər heyətinin üzvləri yazıların aşağı səviyyəsindən, bu səbəbdən də seçim etməyin çətinliklərindən gileylənirdilər.
Bizcə, bunun bir neçə səbəbi vardır. Səbəblərdən biri müsabiqəyə qatılmaq istəyənlərin bu barədəki elanla kifayət qədər diqqətlə tanış olmaması ilə bağlıdır. Məlumdur ki, hər bir müsabiqə müvafiq elanla başlayır. Elanda müsabiqənin məqsədi, mövzusu, mövzu üzrə istiqamətləri (yarımmövzular), yazıların göndərilməsi müddəti, yazılara verilən tələbələr və s. öz əksini tapır. Hər iki müsabiqə ilə bağlı qəzetimizin bir neçə nömrəsində ardıcıl dərc etdiyimiz və qəzetin, Bilik Fondunun, Təhsil Nazirliyinin rəsmi saytlarında yerləşdirilən elanlarda da qeyd edilən məsələlər öz əksini aydın tapmışdı. Lakin daxil olan yazıların böyük əksəriyyətində onlara əməl olunmaması, iştirak etmək istəyənlərin bu məsələlərlə bağlı təşkilat komitəsinə çoxsaylı müraciətləri məhz onların müsabiqələr barədə elanlarla yaxından tanış olmamalarının nəticəsidir. Məlumat üçün müraciət edənlərin bəziləri elə belə də deyirdi: “Eşitdim müsabiqə keçirirsiniz...”. Müraciətlərdən aydın olur ki, iştirak etmək istəyənlər müsabiqə barədə daha çox bir-birləri vasitəsi ilə xəbər tutur, elanı tapıb oxumurlar.
Daxil olan yazıların böyük qismində təklif olunan istiqamətlərin mövzu kimi seçilməməsi və təkcə ümumi mövzunun qeyd edilməsini, bir çox yazıların isə ümumiyyətlə müsabiqə mövzularından kənar məsələlərə (mövzulara) həsr olunmasını, eləcə də göndərilmiş yazıların bir çoxunun həcminin müsabiqə tələblərinə uyğun gəlməməsi, yəni ya həddən artıq az (1 - 1,5 səhifə), ya da çox (10 səhifədən çox) olması da məhz müsabiqə haqqında elanların diqqətlə oxunmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Bizcə, iştirakçılar elanları diqqətlə oxuyub müsabiqənin şərtləri ilə yaxından tanış olsaydılar, bu kimi səhvlərə yol verməzdilər.
İkinci səbəb iştirakçıların müsabiqəyə yanaşması ilə bağlıdır. Hər iki müsabiqə yazılarının təhlili göstərir ki, onların əksəriyyətinin müəllifləri məsələyə kifayət qədər məsuliyyətlə yanaşmayıblar. Bu, ən çox yazıların səviyyəsinin zəifliyində özünü büruzə verir. Müsabiqə haqqında elanlarda yazılara verilən tələblər - mövzunun əhatə olunması, problemə müasir baxımdan yanaşma, yenilik və orijinallıq, dil-üslub aydınlığı və s. kimi meyarlar xüsusi qeyd olunur. Daxil olan yazılar münsiflər heyəti tərəfindən qiymətləndirilərkən də həmin tələblər, meyarlar əsas götürülür. Ona görə də hər bir iştirakçı müsabiqə üçün yazı hazırlayarkən məhz bu tələbləri nəzərə almalıdır. Lakin hər iki müsabiqəyə təqdim olunan yazıların xeyli qismi bu tələblərə cavab vermir. Belə ki, onlarda seçilmiş mövzu tam əhatə olunmur, ardıcıl şərh edilmir. Sistemsizlilik özünü göstərir. Hər hansı bir elmi, publisistik yazı üçün zəruri olan struktur (mövzunun əsaslandırılması, şərhi və nəticə) gözlənilmir. Çoxlu dil-üslub xətalarına yol verilir. Bir çoxları isə yazıları kompüterdə yığılandan sonra, göndərməzdən əvvəl özlərini əziyyətə salıb onu heç oxumurlar da. Nəticədə yazılar çoxlu orfoqrafik səhvlərlə daxil olur ki, bu da yazı müəllifi olan müəllimlər üçün xüsusilə bağışlanılmazdır.
Yeri gəlmişkən deyək ki, münsiflər heyətini narazı salan cəhətlər də əsasən yazılardakı belə çatışmazlıqlardır.
Yazılara məsuliyyətsiz yanaşmanın bir təzahürü də onların planlı şəkildə, mövzunu tam mənimsədikdən, onunla bağlı yeni fikirlərinin, ideyalarının olduğunu fikirləşib müəyyən hazırlıqlardan sonra yazılması əvəzinə bir gündə, hətta bir neçə saat ərzində tez-tələsik qələmə alınıb göndərilməsidir. Bu məqamda müsabiqədə iştirak etmək istəyənlərdən biri ilə telefon söhbətimiz yadıma düşür. Çox geniş şəbəkədə yayılmış elanımızla yazı qəbulunun son günlərinədək tanış ola bilməyən bir nəfər zəng edib bəzi məlumatlar almaq istədiyini bildirdi. Ona mövzumuz, ümumi mövzu çərçivəsində hərəsi bir mövzu kimi götürülməli olan istiqamətlər, yazılara verilən tələblər və s. haqqında məlumat verdik. Üstündən iki saat keçməmiş təkrar zəng etdi ki, bəs yazım artıq hazırdır. Onu elə telefonumda yazıb sizə göndərdim. Məgər bu, yaradıcı yazı müsabiqəsi kimi ciddi bir məsələyə son dərəcə qeyri-ciddi, məsuliyyətsiz münasibətin nəticəsi deyilmi?
Yazılara məsuliyyətsiz münasibət bir çox hallarda onların məzmununda da açıq-aşkar hiss olunur. Belə ki, onların bir çoxu köçürmə təsiri bağışlayır və araşdırılanda da məlum olur ki, mövcud ədəbiyyatlardan ya tam, ya da qismən köçürülüb. Ən qəribəsi isə odur ki, bunu yazı müəlliflərinə irad tutanda təəccüblə “Məgər başqa ədəbiyyatlardan istifadə etmək olmaz”- deyə cavab verirlər. Təəssüf ki, yazı müəlliflərinin bir çoxu mövcud ədəbiyyatdan istifadə ilə onlardan bütöv abzaslarla köçürməyi “qarışıq” salır, plagiatlığın cinayət sayılmasının fərqinə varmırlar. Beləliklə, həm özlərini, həm də bizi çətin vəziyyətdə qoyurlar.
Hər iki müsabiqə onu da göstərdi ki, müəllimlərin ondan gözləntiləri əsasən maddi tərəflə bağlı olur. Təşkilat Komitəsinə müraciət edən hər iştirakçının verdiyi iki sualdan birinin “Nə verəcəklər” olması bunu təsdiq edir. Bir çoxları isə müsabiqəyə ən yaxşı yazı müəllifi kimi fərqlənmək, birinci olmaq arzusu ilə deyil, diplom və ya sertifikat almaq xatirinə qoşulur. Lakin bunun üçün yaxşı yazı ortaya qoymağın vacibliyinin fərqinə varmırlar. Belələri “heç olmasa bir diplom və ya iştirakçı sertifikatı alsam yaxşı, olar”- deyə düşünür və çox vaxt bu düşüncələrini dilə də gətirirlər. Dediklərindən məlum olur ki, onlara bu diplom və ya sertifikat haralara isə göstərmək üçün lazımdır.
Təbii ki, müsabiqə qalibi olmaq, diplom və hədiyyə almaq hər bir iştirakçı üçün normal arzudur. Lakin bu arzuya çatmağın yeganə yolu, dediyimiz kimi, səviyyəli yazı ortaya qoymaqdır.
Qeydlərimizin sonunda bir məsələyə də diqqət çəkmək istərdik. Hər iki müsabiqədən o da bəlli oldu ki, müəllimlərimizin bir çoxu (müsabiqə iştirakçılarının əksəriyyətini məhz müəllimlər təşkil edir) müsabiqədəki prosedur qaydalardan lazımınca xəbərdar deyil. Məhz bunun nəticəsidir ki, onlar heç yazıların qəbulu üçün ayrılmış müddət başa çatmamış nəticələrlə maraqlanırlar. Bəziləri hətta yazısını göndərdiyi günün səhəri zəng edir ki, bəs nə oldu, nəticə nə vaxt bilinəcək? Nəzərə almırlar ki, müsabiqə elə təkcə yazıların göndərilməsi üçün ayrılan müddətdən ibarət deyil. Ondan sonra yazıların şifrələnməsi, qiymətləndirmə (seçim) üçün münsiflər heyətinə verilməsi, bizim nümunədə 120 və 80 yazının hər birinin onlar tərəfindən oxunub dəyərləndirilməsi, qalib yazıların və onların müəlliflərinin müəyyənləşdirilməsi mərhələləri də var ki, bunların hər biri xeyli vaxt tələb edir.
Hesab edirik ki, bütün bu deyilənlər nəzərə alınsa, gələcək müsabiqələrdə münsiflər heyəti seçim aparmaqda çətinlik çəkməz.

Yusif ƏLİYEV,
əməkdar jurnalist

yuxarı ⤴