1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elm xəbərləri
28.01.2017 / No3

 
 

 

 


3D-printerdə çap olunmuş göydələn havanı təmizləyəcək

ABŞ-ın yeni materialların istehsalı ilə məşğul olan “Acronic” şirkəti havanı təmizləməyi nəzərdə tutan 4,8 km hündürlüyündə göydələn inşa etmək barədə planlarını açıqlayıb.
www.nanonewsnet.ru  saytının məlumatına görə, göydələnin ətrafındakı havanın təmizlənməsi innovativ “EcoClean” materialından istifadə sayəsində mümkün olacaq. Belə ki, binanın fasadını tamamilə örtən pəncərələr adi şüşədən deyil, yeni materialdan hazırlanacaq.
İşıq və buxarın təsiri altında “EcoClean”in xarici qatında havanı çirkləndirən maddələri birləşdirən sərbəst radikallar yaranır. Alınmış birləşmələr binanın divarları boyunca aşağı tərəfə səpilir. Aşağıda onları asanlıqla yığmaq və utilizasiya etmək mümkün olacaq.
“Funksional örtük estetik olmaqla yanaşı, istifadə üçün daha rahatdır və havanı çirklənmədən təmizləyərək ətraf mühiti qoruyur”, - deyə şirkətin aparıcı materialşünaslarından biri Şerri Makkliri bildirib.
Bundan başqa, göydələnin pəncərələri “Bloomframe” texnologiyası ilə düzəldiləcək ki, bu da onları 5 dəqiqəyə eyvana çevirməyə imkan verəcək. “Acronic” bu texnologiyanı artıq təqdim edib və tezliklə bazara çıxaracaq.
“Eko-göydələn”in konstruksiyasında digər innovativ materialların da istifadəsi planlaşdırılır. Onlardan bəziləri hələ hazırlanma mərhələsindədir, bəziləri isə artıq təqdim edilib.
Binanın komponentlərinin 3D-printerdə çap edilməsi sayəsində onlar daha möhkəm olacaq, göydələn isə güclü zəlzələ, külək və digər ekstremal iqlim şərtlərinə davamlı olacaq.

Görmə imkanı məhdud insanlar üçün ilk planşet təqdim olunub

Beynəlxalq “BLITAB” startapı çərçivəsində hazırlanan görmə imkanı məhdud insanlar və zəif görən istifadəçilər üçün nəzərdə tutulmuş ilk planşet yanvar ayında Las-Veqasda keçirilən “CES 2017” sərgisində təqdim olunub.
www.hitech.newsru.com saytının məlumatına görə, “BLITAB”ın aşağı hissəsi adi Android-planşet, yuxarı hissəsi isə mikroflyuid prinsipi üzrə işləyən Brayl ekranından ibarətdir: kanallar üzrə hərəkət edən maye toxunmaqla hiss olunan nöqtələrdən ibarət təsviri səthdə formalaşdıraraq ekranın membranına təzyiq göstərir. Bu zaman ekran yalnız mətni deyil, həm də daha mürəkkəb informasiyanı, məsələn, ərazinin xəritəsini və ya təsvirləri əks etdirir. Ekranın aktivləşdirilməsi üçün qurğunun yan hissəsində yerləşdirilmiş düyməni sıxmaq kifayətdir.
Hazırda bir çox Brayl ekranları mövcuddur, lakin onların səthindəki nöqtələr pyezoelementlərin köməyilə formalaşdırılır. Bu texnologiya sayəsində ekranlar çox böyük və bahalı (təxminən 5 min ABŞ dolları) olur. Bundan başqa, Brayl ekranları stasionar qurğulardır, çünki yalnız fərdi kompüterə qoşulduqda işləyirlər.
“BLITAB”da tətbiq edilən texnologiyada isə bu kimi çatışmazlıqlar aradan qaldırılıb. Planşet nisbətən yığcamdır və onun qiyməti təxminən 500 ABŞ dolları təşkil edir. İstehsalçılar tezliklə ilkin sifarişlərin qəbuluna başlamağı planlaşdırırlar.

Hər kəs bu kondisioneri ev şəraitində hazırlaya bilər

Müasir dövrdə Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi problemləri insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşdırılmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan və davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkürdür. Ona görə də dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyil edən cəmiyyətlərdə iqtisadiyyatın “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməyə xüsusi diqqət yetirilir.
Banqladeşdə bütün əhali üçün əlçatan və faydalı texnoloji həllərin axtarışıyla məşğul olan “Grameen Intel Social Business” şirkəti də məhz bu istiqamətdə fəaliyyət göstərərək 100 faiz ekoloji hava kondisioneri - “Eco Cooler”i təqdim edib.
Ev şəraitində istifadə üçün nəzərdə tutulmuş “Eco Cooler” kondisioneri emal edilmiş materiallardan ibarətdir və elektrikdən istifadəni tələb etmir. Kondisioner sayəsində sadə karton və plastik butulkaların köməyilə bir neçə dəqiqə ərzində temperaturu 5 dərəcə Celsi-yə qədər aşağı salmaq mümkündür.
Qeyd edək ki, “Grameen Intel” şirkəti müəllif hüquqları tələb etmədən qurğunun istehsal təlimatını da onlayn olaraq paylaşıb. Beləliklə, istənilən şəxs bu kondisioneri ev şəraitində hazırlaya bilər.

Alimlər xərçənglə mübarizədə leykositləri mikrorobotlara çeviriblər

Cənubi Koreyanın Çonnam Milli Universitetinin tədqiqatçıları mikrorobotlar yaradaraq onlara şiş xəstəlikləri ilə mübarizə aparmağı “öyrədiblər”. Mikrorobotlar düz bağırsaq, mədə, süd vəzisi, qaraciyər və mədəaltı vəzi daxil olmaqla, istənilən xərçəng növü ilə effektiv mübarizə apara bilər.
www.hi-news.ru saytının məlumatına görə, alimlər leykositlərin və makrofaqların “aqressiv” təbiətindən istifadə edərək, onları xərçəng əleyhinə müalicə preparatıyla doldurulmuş böyük miqdarda nanozərrəcikləri “yeməyə” məcbur ediblər. Beləliklə, leykositlər dərman preparatlarının məqsədli çatdırılması vasitəsinə çevrilib ki, bu da preparatın effektivliyini bir neçə dəfə artırır.
Oxşar tədqiqatlar daha əvvəl aparılsa da, həmin metodda bir sıra çatışmazlıqlar mövcud idi: dərman preparatının molekulları şişlərin təhlükəli hüceyrələrinin ən maksimal intensiv bölünməsinin baş verdiyi sahəyə daxil olmaq imkanına malik deyildilər. Məhz bunun üçün xarici maqnit sahəsinin təsiri altında şişin istənilən sahəsinə leykosit və makrofaqların yönəldildiyi maqnit nanozərrəcikləri istifadə olundu.
Beləliklə, immun hüceyrələrindən mikrorobotlar kimi istifadə hazırda xərçənglə mübarizənin ən effektiv metodlarından biri olan kimya terapiyasının aparılmasını və immunoterapiyaları təmin edir.

www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV, “Azərbaycan müəllimi”
yuxarı ⤴