1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Gələcəyin müəllimi və onun keçəcəyi dərs
28.01.2017 / No3

 
 

 

 


XXI əsrdə dünyada baş verən qlobal dəyişikliklər uşaqların təfəkküründən də yan keçmədi. Tədricən yaddaş məktəbindən təfəkkür məktəbinə keçid başladı. Təfəkkürün dəyişməsi özünü vunderkind, indiqo (kosmik təfəkkürlü) uşaqların mövcudluğunda daha qabarıq formada göstərdi. Dünyada baş verən bu kimi dəyişikliklər ölkələri yeni təhsil mühitinin yaradılmasına, müəllimin peşəkar hazırlığının yeni müstəviyə çıxarılmasına, uşaqlara yanaşmaların dəyişilməsinə vadar etdi. Dövlətlər təhsil üzrə yeni proqramlar qəbul etməyə və yeni standartlar müəyyənləşdirməyə başladılar. Bu gün ölkələrdə ümumtəhsil müəssisələri nə qədər güclü infrastruktur və maddi-texniki bazaya malik olsa da, yüksək İKT avadanlıqları ilə təmin olunsa da, təhsilə ayrılan maddi vəsaitlər nə qədər çox olsa da, bu amillərin heç biri peşəkar müəllimlər olmadan təhsilin düzgün inkişafını təmin edə bilmir. Bu işlərin əsasında təhsilverənin peşəkar hazırlığının yüksək səviyyədə olması durur. Hansı ölkələrdə təhsilverənlərin səviyyəsi yüksəkdir və onların peşəkar işinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmin ölkələrin şagird nailiyyətləri də, ümumilikdə təhsil göstəriciləri də yüksək olur. Bu təhlillərdən belə bir nəticəyə gəlmək olur ki, təhsilin səviyyəsinin qaldırılması, nəticələrin yüksəldilməsində ən başlıca amil təhsilverənlərin səviyyəsinin yüksək olmasıdır. Bu gün ölkələrin gücü ölçülərkən təhsilin səviyyəsi ən vacib meyar kimi əsas götürülür.
Yuxarıda aparılan təhlil və araşdırmalar müəllimin peşəkar hazırlığının vacibliyini önə çıxardır. Müəllimin işi onun fəaliyyəti ilə, şagirdlərinin əldə etdiyi nailiyyətlərlə, daha konkret desək keçdiyi dərslə ölçülür. Müəllim keçəcəyi dərsin səviyyəsinin yüksəldilməsi üçün bir çox mühüm və vacib amilləri nəzərə almalıdır.
Mənim nümunəvi dərs haqqında fikrim bir az fərqlidir. Düşünürəm ki, əgər müəllim sözün həqiqi mənasında peşəkardırsa, yəni müəllim əlində olan resursları düzgün dəyərləndirərək istifadə etməyi bacarırsa, çevik düşünərək düzgün qərar qəbul etmək qabiliyyətinə malikdirsə, qarşıya çıxan problemi hiss edən zaman özünü itirmədən problemin həllinə istiqamətlənə bilirsə, yüksək impravizə etmə bacarığı varsa və s. kimi kompetensiyalara malikdirsə onun istənilən dərsi nümunəvi ola bilər.
“Nümunəvi dərs” adı altında əvvəlcədən ssenariləşdirilən, şablon xarakterli, formal dərsin hər hansı bir səviyyəsini müəllimin peşəkarlıq səviyyəsinin göstəricisi hesab etmirəm. Bu cür dərslərdə nə şagirdlərin dərsin sonunda əldə etdiyi nəticələri düzgün müəyyən etmək, nə də müəllimin peşəkar imkanlarının səviyyəsini təyin etmək mümkün olur. Adətən “nümunəvi dərslər” zamanı ssenariyə uyğun olaraq yalnız müəllimlər şagirdlərə sual verir. Şagirdlər isə bu suallara əvvəlcədən əzbərlədiyi formada cavablar verirlər. Əgər dərs prosesinin əvvəlindən axırına qədər şagirdlər müəllimə sual vermirsə, demək onlar təlim nəticələrinə doğru getməyə cəhd etmir, heç bir sual verməməklə yalnız bu dərsdə onlara həvalə edilmiş “rolu” oynamaqla kifayətlənirlər. Bəs niyə müəllimlər və məktəb rəhbərliyi çox zaman bu cür formal dərslərin keçirilməsinə üstünlük verir? Səbəb aydındır. Müəllimlər dərsində ssenaridən kənar problemdən qorxur, lazımi çevikliyi özündə hiss etmir, vaxtında düzgün qərar verəcəyinə əmin deyil. Ona görə də müəllim öz dərsini formal, yəni əvvəlcədən qurduğu ssenari üzrə keçməyə üstünlük verir. Bəs niyə məktəb rəhbərliyi bu cür “nümunəvi” dərslərin keçirilməsini tələb edir? Bu sualın da cavabını tapmaq o qədər çətin deyil. Çünki dərsi qiymətləndirəcək rəhbərin əlində yalnız formal dərsi qiymətləndirəcək, dərsin mərhələlərinə yönəlik ölçü meyarları mövcuddur. Bu cür meyarlarla ölçmə isə müəllimin peşəkar fəaliyyətinin düzgün qiymətləndirilməsində əsas kimi götürülə bilməz.
Bəs niyə “nümunəvi” dərslər yox, müəllimin peşəkar kompetensiyalarını göstərə biləcək, əvvəlcədən planlaşdırılmamış, vaxtı əvvəlcədən müəyyən olunmamış və bizə qeyri-standart kimi görünən dərslər təşkil olunmur? Çünki bu cür dərsləri keçmək üçün müəllimin xüsusi peşəkar hazırlığı və səriştəsi olmalıdır.
Bəs müəllim fənnini tədris edərkən onda hansı peşəkar kompetensiyalar olmalı və dərsi keçərkən nələrə diqqət yetirməlidir?
İlk növbədə müəllim uşaqların dərketmə (Blum taksonomiyası, Qardner nəzəriyyəsi) səviyyələrini öyrənən, özünə inam, özünü qiymətləndirməni ölçməyə imkan verən (Quttman şkalası), uşaqların ehtiyaclarını təsnifləşdirməyə (A.Maslounun ehtiyaclar nəzəriyyəsi) kömək edə biləcək nəzəriyyələrlə tanış olmalıdır. Bu nəzəriyyələrlə tanış olmayan müəllim sinifdə yalnız gözlə görünə bilən (uşaqların oturmasını, durmasını, cavab verməsini, fəallığını və s.) prosesləri görə bilir, lakin şagirdin beynində gedən və gözlə görünə bilməyən (necə dərk etməsini, düşünməsini, informasiyanın qəbulunu, idrak fəallığını, informasiya barədə aldığı qərarı və s.) prosesləri anlaya bilmir. Düşünürəm ki, bu cür nəzəriyyələrlə tanış olmaq müəllimin şagirdlərə düzgün yanaşmasına kömək edər və dərsin nəticəsinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Uzunmüddətli müşahidələrim bunu deməyə əsas verir ki, dərsdə şagirdin idraki fəallığı, düşüncələrinin mövzuya köklənməsini onun dərs zamanı verdiyi suallarla müəyyən etmək mümkündür. Əgər şagirdlər dərsin əvvəlindən sonuna qədər müəllimə heç bir sual verməzlərsə, düşünürəm ki, burada 2 hal ola bilər: Ya sinifdəki bütün şagirdlər mövzunu maksimal səviyyədə mənimsəyib (bu çox nadir haldır), ya da uşaqlar öz düşüncələrini bu mövzuya kökləməyiblər, yəni bu haqda düşünmədikləri üçün mövzu ətrafında sual vermək istəmirlər.
Aldığımız nəticə onu göstərir ki, zəif müəllim daim özü sual verən müəllimdir, peşəkar müəllim isə öz istiqamətləndirici sualları ilə şagirdlərini mövzuya yönəldə bilən və eyni zamanda onları suallar verməyə sövq edən və buna təşəbbüs göstərən müəllimdir. Dərs zamanı müəllim qarşılıqlı formada sualların verilməsini təmin etməklə şagirdlərin idrak fəallığını artırır, əldə olunacaq nəticəni yüksəltməyə nail olur.
Nəzərə alsaq ki, eyni sinifdə oxumalarına və eyni yaş qrupunda olmalarına baxmayaraq şagirdlər mövcud bilikləri, bir çox qabiliyyətləri, bacarıqları, dünyagörüşləri, dərketmələri, düşüncələri, meyil və maraqları ilə bir-birindən fərqlənir. Bu zaman müəllim sinifdə olan hər bir şagirdə onun xüsusiyyətlərini nəzərə almaqla, individual yanaşmağı bacarmalıdır. Bu cür fərdi yanaşma o qədər də asan iş deyil və müəllimin keçdiyi dərsi bir qədər qeyri-standart və bəlkə də bir az qarışıq formaya salır. Ancaq anlamalıyıq ki, bizim məqsədimiz dərsə çəki, düzən vermək, standart ölçülü etmək, görünüşcə yaxşı görünən formaya salmaq deyil. Məqsədimiz bir çox bilik, bacarıq, qabiliyyətləri, o cümlədən meyil və maraqları ilə seçilən uşaqları bir arada, eyni dərsdə təlim nəticələrinə doğru yönəltmək, onların potensial imkanlarını üzə çıxara biləcək bir mühiti formalaşdırmaqdan ibarətdir. Dərs zamanı müəllimin şagirdlərə individual yanaşması onlar arasında bərabər imkanların balansının yaradılmasına yönəlik ən güclü vasitələrdən biridir.
Yazımın əvvəlində müasir dövrdə uşaqların təfəkküründə baş verən dəyişikliklərdən bəhs etmişdim. Zəmanə uşaqlarının düşüncələri 50 il əvvəlki uşaqların düşüncələrindən fərqlənir. Bu günün uşaqları daha qətiyyətli, daha sərbəst və müstəqil düşünməyə meyillidir. Onlarda olan bu cür qabiliyyətləri bəzən məktəbdə müəllimlər, evdə valideynlər boğmağa çalışırlar. Uşaqları özlərinin düşündüyü kimi düşünməyə vadar edirlər. Peşəkar müəllim bu cür sərbəst və müstəqil düşünə bilən uşaqlar üçün münbit mühit yaradır, onların fikrinə hörmətlə yanaşır, təşəbbüslərini dəstəkləyir, kreativ fikirlərini alqışlayır, onları bu cür azad və sərbəst düşünməyə sövq edə bilir. Bu cür müəllimlər standart düşüncə tərzinin əleyhinədir, kreativ, azad və sərbəst düşünmənin əhəmiyyətini dərk edə bilir.
Bəzən şagirdlər mövzu haqda müəyyən təsəvvürlərə malik olur, bilikləri qavrayır, lakin onlar sanki digər şagirdlər tərəfindən qınanılmasından ehtiyat edir, fikirlərini deməkdən qorxurlar. Bu cür şagirdlər sinif yoldaşlarının onun fikrini qınamasından, onu ələ salmasından, onun fikrinə hörmətsiz yanaşılmasından qorxur. Bunun üstünə bəzi müəllimlərin həmin fikrə kəskin və sərt reaksiyasını da gəlsək o zaman bəlkə də biz özümüz də həmin şagird kimi susmağa üstünlük verərik.
Peşəkar müəllim dərs zamanı fikirlərinə görə şagirdi qınamır. Hər bir fikrə hörmətlə yanaşmağı, fikrə ehtiyatlı şəkildə və etik normalar çərçivəsində münasibət bildirmək bacarığını həm özündə, həm də şagirdlərində formalaşdıra bilir.
Bu gün bir çox müəllimlər dərs prosesində şagirdlərinin davranışlarından gileylənirlər. Müəllimə qulaq asmadıqları üçün, onlara hörmətsiz yanaşdıqları üçün və s. Bəzən 40 illik pedaqoji təcrübəsi olan müəllim şagirdlərlə dil tapa bilmir. Konfliktlər yaranır və bu zaman həmin müəllim haqsız tərəfin hər zaman şagirdlər olduğunu düşünür və zəmanədən gileylənir.
Peşəkar müəllim ilk növbədə özünü şagirdlərə sevdirməyi bacarır. Şagirdlərinin çətin günlərində onlara dəstək olur, onları sevir və onlara həmişə dəyər verir. Şagirdlər bu cür müəllimləri həmişə sevir, onların hər bir fikrinə hörmətlə yanaşır və onların yanında hörmət qazanmaq üçün hər zaman özünü nümunəvi göstərməyə çalışır. Demək, müəllim şagirdlərinə humanist yanaşma prinsipini dərs zamanı heç vaxt yaddan çıxarmamalıdır.
Müəllim dərs zamanı tək deyil. O, daim şagirdlərinin əhatəsindədir. Müəllim həm istiqamət verəndir, həm sinfi idarə edəndir, həm dərs dedyi sinifdə komanda rəhbəridir, həm də sinfin lideridir. Dərs zamanı müəllim təkcə özünü yox, bütün şagirdləri, yəni komandasını düşünməlidir. Əgər sinifdə hər hansı bir şagirdin fiziki (aclıq, yuxusuzluq, susuzluq) və ya təhlükəsizliyi (mənzil problemi, qorxu, rahatsızlıq ) ilə bağlı ehtiyacı olarsa həmin şagirdi dərsə yönəltmək mümkün olmur. Peşəkar müəllimdə empatiya (özünü başqasının yerinə qoya bilmə) hissi var və o, komandasının bütün problemini öz problemi hesab edir. Buna görə peşəkar müəllim həm sevilir, həm də sinifdə şagirdlər arasında əsl lider kimi qəbul olunur.
Müəllim dərsə başlamazdan əvvəl və ya dərsin əvvəlindən bütövlükdə sinfin, o cümlədən sinifdəki hər bir şagirdin gücünü müəyyən edib, dərsi şagirdlərin mövcud imkanlarını nəzərə almaqla qurmalıdır. Şagirdlərin gücünün fərqli olduğunu nəzərə aldıqda onlara fərdi qaydada yönələn suallar imkanlarından nə çox aşağı, nə də çox yuxarı olmamalıdır. Bu cür dərsi “dalğavari dərs” də adlandırırlar. Müəllim heç zaman nəticə olaraq dərsi bütün şagirdlərinə 100 faiz mənimsədə bilmir. Müəllimin işi hər bir şagirdi onun gücünün çata biləcəyi qədər inkişaf etdirməkdən ibarətdir. Qısa şəkildə desək, peşəkar müəllim potensial imkanları zəif olan şagirdə zəif sualla, imkanları yüksək olan şagirdlərə isə daha ağır çəkili suallarla müraciət edir. Bu cür yanaşma dərs zamanı şagirdlərin potensialının düzgün üzə çıxarılmasına şərait yaradır və dərsin effektivliyini artırır.
Müəllimlər cəmiyyətin həmişə sayılıb-seçilən və yüksək statusa malik bir təbəqəsidir. Müəllim hər zaman istər dərsdə, istərsə də dərsdənkənar yerlərdə öz danışığına, hərəkətinə, davranışına fikir verməlidir. Uşaqlar öz müəllimlərinin hərəkətində olan nöqsanları, danışığında olan qüsurları, yalan danışmasını, qeyri-səmimiliyi, davranışının qeyri-normallığını tez hiss edə bilir. Bu zaman şagird müəlliminin bu cür hərəkətlərini təhlil edir və öz-özlüyündə müəllim haqqında müəyyən bir mənfi qərar verir. Əgər şagird müəllimi haqqında bu cür mənfi qərar verdisə o, müəlliminin dediklərinə inanmamağa başlayır və dediyi dərsə də əhəmiyyət vermir. Peşəkar müəllim hər zaman və hər yerdə öz hərəkət, davranış və danışığına fikir verir. O, səmimidir. Ancaq o da adi insanlar kimi səhv edə bilir. Öz səhvini etiraf etməklə və ya şagirdlərindən etdiyi səhvə görə üzr istəməklə peşəkar müəllim şagirdlərini onun haqqında verəcəyi mənfi qərardan daşındırmağı, şagirdləri üçün öz timsalında şəxsi nümunə olmağı bacarır.
Müəllimlər adətən şagirdlərinə dostluğun, sadiqliyin, dürüstlüyün, vətənpərvərliyin nə olduğunu müxtəlif formalarda izah etməyə çalışırlar. Peşəkar müəllim bu keyfiyyətləri daha çox öz real həyatlarındakı şəxsi nümunələri ilə göstərməyə çalışır. Bu, şagirdlərə ümumbəşəri, milli-mənəvi dəyərlərin aşılanmasında daha effektiv yol hesab edilə bilər.
Bəzən uşaqlar dərs zamanı müəllimlərindən, dərsdənkənar vaxtlarda isə valideynlərindən “Bu işi bu cür etmək lazımdır”, “Bu haqda bu cür düşünmək lazımdır”, “Bu cür danışmaq lazımdır” kimi ifadələr eşidir. Bu cür yanaşma ilə nə müəllim, nə də valideyn uşaqlara təsir edə, onları nəticələrin əldə olunmasına doğru apara bilmir. Peşəkar müəllim şagirdlərə bu cür yönəlmiş “öyüd-nəsihət”lərin işlədilməsinin fəsadlarını bilir. O, öz şagirdlərində mövzu haqqında yüksək motivasiya ruhu yaratmağı bacarır və dərsin bütün mərhələlərində şagirdlərinin nəticələrə çatmasına sövq edir, səy göstərir, cəhd edir, bu işin daimi təşəbbüskarıdır.
Şagirdlər hər zaman dərslərdə aldığı informasiyanın, qazandığı bacarığın, əldə etdiyi vərdişlərin hər birinin ona indi və ya gələcək həyatında lazım olub, olmadığını müəyyənləşdirməyə çalışırlar. Peşəkar müəllim şagirdlərinə hər zaman öyrətdiklərinin vacibliyini və onların gələcək həyatında qazandıqları bilik və bacarıqların əhəmiyyətini izah etməyə çalışır və real həyatda bunların faydalı olacağını izah edir. Şagirdlər öyrəndiklərinin onların real həyatındakı əhəmiyyətini dərk etdikdə, dərslərə marağı artır və bu da müəllimin dərs zamanı işini xeyli asanlaşdırır.
Qeyd etdiyim fikirləri dərsin zənginləşməsi, keyfiyyətinin artırılması, nəticələrin əldə olunması, şagirdlərin şəxsiyyət kimi formalaşması işində vacib məqamlar hesab edirəm. Bu cür təhlillər və onların məntiqi nəticələri müəllimin peşəkarlığının artırılması işinə və keçəcəyi dərsin zənginliyinə mühüm təsirinin ola biləcəyini düşünürəm.
Müəllimin peşəkar hazırlığı və müasir tələblərə cavab verən dərslərin keçirilməsi Azərbaycan təhsilinin inkişaf etdirilməsi işində ən vacib hədəflərdən biridir. Bu gün müəllimlərin işi və onların keçəcəyi dərslər təhsilimizi inkişaf etdirə bilər. Bu da öz növbəsində gələcəkdə dövlətimizin daha güclü olmasını, xalqımızın firavan həyatını təmin edə bilər. Bu şərəfli iş çox böyük səbr və dözüm tələb edir. Bu missiyanı yerinə yetirmək isə bugünkü müəllimlərin üzərinə düşür.

Elnur HACIYEV,
Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi, “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqəsinin qalibi

yuxarı ⤴