1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Dərs-səyahət”lə tədqiqata doğru...
28.01.2017 / No3

 
 

 

 


Bir müəllim kimi müasir kurikuluma əsaslanmaqla dərslərimi zamanın tələbləri səviyyəsində qurmaq üçün daim axtarışdayam. Təhsillə bağlı istər ölkəmizdə, istərsə də xaricdə həyata keçirilən innovasiyalarla maraqlanır, yeknəsək dərslərdən bacardıqca uzaqlaşmaq, yorucu təkrarlara yol verməmək, ən əsası şagirdlərdə tədris etdiyim dil-ədəbiyyat fənninə məhəbbət, maraq yaratmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə edirəm. Bu yazımda onlardan biri - “dərs-səyahət” haqqında söz açacağam. Bu üsul şagirdlərin böyük maraq və həvəslə öyrənməyə meyilini gücləndirir, onlarda tədqiqatçılıq, müstəqil düşünmə, öz-özünü situasiyaya uyğun idarəetmə bacarıqları formalaşdırır.
Bunun ən önəmli cəhətlərindən biri də şagirdlərin qrup əməkşdaşlığını möhkəmləndirməsidir. Əgər sinifdə qrup öz fəaliyyətini fasilitator nəzarəti altında həyata keçirirsə, dərs-səyahət üsulunda qruplar özləri-özlərinə nəzarət edir. Bu da onların nəzarətsiz halda müstəqil özünü idarəetmə bacarığını tənzimləyir. Dərs-səyahət üsulunun önəmli cəhətlərindən biri də odur ki, şagird dərs müddətində məşğulluğu ilə məhdudlaşmır, o, dərsdənkənar müddətdə də özünü dərs içində hiss edir. Bəs “dərs-səyahət”in mahiyyəti nədir? Bunu necə həyata keçirmək olar? Bunun üçün sinifdəki şagirdlərin sayına uyğun 3-4 nəfərdən ibarət 5-6 qrup olmaq şərtilə şagirdləri qruplaşdırıram. Hər qrupa götürəcəyi müsahibəyə uyğun adlar verirəm: “Gənc Muğan təbiətçiləri”, “Gənc Muğan tarixçiləri”, “Gənc Muğan folklorşünasları”, “Gənc Muğan etimoloqları” və s. Həmin qrupları tanıdığım insanların ünvanına göndərirəm. Onu da qeyd edim ki, əvvəlcədən bu insanlarla bağlı hərtərəfli məlumat əldə edirəm, onların dünyagörüşünə uyğun şagirdləri qruplaşdırıram. Qruplara zəif, orta, yüksək biliyə malik olanları daxil edirəm. Onların müsahibə götürəcəyi şəxslər isə böyük təcrübə yolu keçmiş, dolğun məlumatlı insanlar olur. Məsələn, II Dünya müharibəsinin acılarını görmüş, yaxud Qarabağ müharibəsinin iştirakçısı olmuş insanlar və ya sinəsi söz-sənət nümunələri ilə dolu olan yaşlı nəslin nümayəndələri, ziyalılar, yazarlar və s. Qruplara özləri ilə səsyazan götürməyi tövsiyə etməklə onlara lazımi tapşırıqlar verirəm. Bu tapşırıqları onlar dərslərdən sonra müvafiq zamanda həyata keçirirlər. Növbəti Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlər tapşırığı həvəslə yerinə yetirərək əldə etdikləri səsyazı materiallarını təqdim edirlər. Bu materiallardan istər Azərbaycan dili, istərsə də ədəbiyyat dərslərində istifadə edirəm. Tutaq ki, mövzu “Azərbaycan ədəbi dilinin normaları”dır. Mən həmin səsyazısını sinifdə səsləndirirəm. Əvvəlcə qruplar onu diqqətlə dinləyir, sonra mən səsyazısını aramla səsləndirməklə onlara mətni olduğu kimi yazmağı tapşırıram. Vaxtdan asılı olaraq mətnin lazımi və vacib hissəsini yazdırdıqdan sonra qısa müddət ərzində onların səhvlərini müzakirə edib, ən doğru hesab olunan yazını lövhədə təqdim etməyə çağırıram. Hər qrup dəqiq hesab etdikləri variantı təqdim etmək üçün qrup liderini lövhəyə çıxarır və yazını təqdim edirlər. Qruplar bir-birinin yazısına münasibət bildirib fikirlərini qarşılıqlı şəkildə müzakirə etdikdən sonra mən əvvəlcədən hazırladığım mətnin dəqiq versiyasını monitorda onlara təqdim edirəm. Bu zaman şagirdlərin özünü qiymətləndirməsi üçün qiymət kriteryaları da mətnin altında göstərilir. Hər bir şagird mətnin dəqiq versiyasını nəzərdən keçirməklə öz yazıları ilə müqayisəli şəkildə özləri öz qiymətlərini müəyyən etmiş olurlar. Bundan sonra onlar monitorda işıqlanan mətnlə bağlı suallara fərdi formada cavablar hazırlayırlar.
Qeyd edim ki, bu suallar şagirdləri tədqiqata aparan, yenilik tələb edən suallardır. Məsələn, suallarda qeyd olunur ki, “Bu mətndə ədəbi dildən fərqli olan hansı məqamlar sizin diqqətinizi cəlb edir?”, yaxud “Siz bu mətndə yalnız Muğan üçün səciyyəvi olan hansı fərqli dil xüsusiyyətini müəyyən edirsiniz?” və s. Şagirdlər öz fikirlərini fərdi şəkildə onlara təqdim olunan kağızlara qeyd edərək, ad və soyadlarını yazıb zərfə qoyur və “Mənim kəşfim” qutusuna əlavə edirlər. Bildirim ki, bu qutu mənim sinif otağımda xüsusi hazırlanmış hər tərəfi bağlı poçt qutusu kimi bir əşyadır. Hər bir dərsin məqsədinə uyğun yenilik “kəşf edən” şagird fikirlərini bir vərəqdə qeyd edib zərfə qoyaraq bu qutuya atır. Mən qutunu açır, oradakı fikirlərlə tanış olur (bu, dərsdən sonrakı vaxtlarda həyata keçirilir), sonra dəyərli, elmi əsaslara malik olan fikirləri metodbirləşmənin rəyi ilə müəyyənləşdiririk, xüsusi fərqlənən şagirdləri mükafatlandırırıq. Bu üsul şagirdlərdə axtarıcılıq bacarığını inkişaf etdirməklə yanaşı, həm də onlarda sərbəst mühakimə qabiliyyəti formalaşdırır. Şagirdlərin öyrəndikləri biliklər dərsliklərlə məhdudlaşmır, onlar həm də praktik şəkildə elmi bilgilər əldə edirlər. Artıq bizim əlimizdə Muğan bölgəsinin təbiətinin özəllikləri, tarixi faktlarla bağlı maraqlı məlumatlar, Muğan bölgəsinin əhalisinin dilinin dialekt xüsusiyyətləri, maraqlı etimoloji araşdırmalar, folklor nümunələri var. Onları “Məktəbli tədqiqatının töhfəsi” adı altında kitab şəklində buraxmağa hazırlaşırıq.

Bikə ALLAHVERDİYEVA,
Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxankənd kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

yuxarı ⤴