1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
A.S.Puşkinin vəfatının 180 illiyinə
Puşkin və Azərbaycan
28.01.2017 / No3

 

 

 


İncəsənətdə, dünya xalqlarının mədəniyyət xadimlərinin dönə-dönə müraciət etdikləri əbədiyaşar mövzular və bütün dövrlərdə sevilən, ölməz əsərlər yaratmış müəlliflər mövcud olmuşlar. Qismətinə bəşəriyyətə məxsus olmaq kimi tale yükü daşımaq yazılmış məhdud saylı dahilərdən biri də Aleksandr Sergeyeviç Puşkin olmuşdur.
A.S.Puşkinin adı Azərbaycan tarixi və mədəniyyəti ilə qırılmaz tellərlə bağlıdır. 1830-cu ildə çap olunmuş “Tsarskoye selo” almanaxına daxil edilmiş 5 iyul 1829-cu il tarixli “Fərat düşərgəsində” adlı toplusunda Puşkin Rusiya ordusunun Qarabağ süvarilərindən ibarət 1-ci süvari müsəlman alayında xidmət edən Fərhad bəyə ithaf etdiyi şeirində yazırdı:
Şan-şöhrət əsiri olma döyüşdə,
Ey gözəl növcavan, qızışma birdən!
Atılma hücuma bu keşməkeşdə
Zəhmli Qarabağ alayıyla sən!
Ölümdən uzaqsan, - bunu bilirəm.
Ərzuruma səyahəti dövründə Puşkin sonralar əsərlərində tərənnüm edəcəyi azərbaycanlıların qonaqpərvərliyini, səxavətini, fədakarlığını, döyüşçülərinin rəşadət və şücaətlərini müşahidə edərək bunları yol qeydlərində əks etdirmişdir. Səfər zamanı Puşkin görkəmli Azərbaycan mütəfəkkiri, şair-filosofu və maarifçisi Abbasqulu ağa Bakıxanovla tanış olur. Zaman göstərdi ki, bu tanışlıq yalnız ötəri cəbhə görüşü olmamışdır. Puşkinin Moskva şəhərindəki ev-muzeyində A.Bakıxanovla Puşkin ailəsinin məktublaşmasına dair sənədlər mühafizə edilməkdədir.
1834-cü ildə Peterburqda Puşkinlə Bakıxanov yenidən görüşürlər. Dahi rus şairini Azərbaycanla bağlayan dostluq əlaqələrinin əsasını görkəmli Azərbaycan şairi və dramaturqu Mirzə Fətəli Axundov qoymuşdur. Sonralar şairin vaxtsız ölümündən kədərlənən Axundov dərin hüznlə “Puşkinin ölümünə şərq poeması”nı yazmışdır. Əsər 1838-ci ildə “Moskovskiy vestnik” jurnalının mart nömrəsində dərc edilmişdir.
Azərbaycanda M.F.Axundovun “Şairlər birliyinin başçısı” adlandırdığı Puşkin irsi və yaradıcılığına maraq XIX əsrin 30-cu illərindən səngimək bilmir.
Azərbaycanın qabaqcıl ziyalıları hələ inqilabdan əvvəl (1917-ci il) öz məqalələrində şair və yazıçıları dahi rus şairi A.S.Puşkin kimi sadə, xalq dilinə yaxın, başadüşülən tərzdə yazmağa çağırırdılar. 1912-ci ildə “Xalq Yolu” jurnalında “Rus şairi və jurnalisti Puşkin” məqaləsində qeyd edilirdi ki, Puşkin milli mənsubiyyətinə görə rus olmasına və rusca yazmasına baxmayaraq, bütövlükdə bəşəriyyətə məxsusdur.
Gənc nəslin şairin həyat və yaradıcılığı ilə müfəssəl tanışlığı məqsədilə “Məktəb” jurnalının 1912-ci il 9-cu nömrəsində “Puşkinin tərcümeyi-halı” məqaləsi dərc edilmişdir. Həmin illərdə “Yeni Füyuzat” jurnalı da Puşkinin həyat və yaradıcılığına xüsusi diqqət ayırmışdır. Belə ki, jurnalist Məmməd Qasım Axundov jurnalın bir neçə nömrəsində şairin həyatındakı ən önəmli faktlarını işıqlandırmışdır.
Rusiyanın mədəni həyatının əlamətdar hadisələrindən biri 1880-ci ildə Moskva şəhərində A.S.Puşkinin abidəsinin açılışı olmuşdur. Şairin abidəsinin açılışına hay verən görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvani yazırdı:
... və hər bir məclis
Onun şeirlərilə
Zinətlənə bilər.
Abidənin açılışı barədə məlumat “Ziya” qəzetinin 1880-ci il 12 iyun tarixli nömrəsində verilmişdir.
“Ziya” və “Kəşkül” qəzetlərində dərc edilmiş digər məlumatlar, Azərbaycanın ictimai-siyasi məsələlərə dair yazan jurnalist və mühərrirlərinin, publisistlərinin Rusiya tarixi və mədəni həyatına həssaslıqla yanaşaraq onun ən layiqli nümayəndələrini təbliğ etdiklərinin təsdiqidir.
Puşkinin adına rus ədəbiyyatına həsr edilən materiallarda tez-tez rast gəlinir. Belə ki, “Tərəqqi” qəzeti 1909-cu il 18-19 mart nömrələrində görkəmli ədəbiyyatşünas və tənqidçi Firudin bəy Köçərlinin “Nikolay Vasilyeviç Qoqol” məqaləsini dərc etmişdi. Müəllif məqaləsində Puşkin və Qoqolu rus milli ədəbiyyatının baniləri adlandıraraq qeyd etmişdir ki, bu iki istedadlı yazıçının yaradıcılığı sayəsində rus ədəbiyyatı fransız, ingilis, alman təsirindən azad ola bilmiş və özünün orijinallığını qazanmışdır. Müəllif məqaləsinin mündərəcəsini belə düşünmüş və rus ədəbiyyatında Puşkinin mövqeyinin yüksəkliyini belə təyin etmişdir.
“Kəşkül” qəzeti oxucularını F.Köçərlini
n tərcüməsində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsəri ilə tanış etmiş, publisist E.Sultanov isə 1892-ci il “Novoye obozreniye” qəzeti səhifələrində xəbər vermişdi ki, bu tərcümə “Balıqçı və balıq” adı ilə ayrıca kitab şəklində çap edilmişdir.
Əhməd bəy Cavanşir və Rəşid Əfəndiyev dahi rus şairinin əsərlərini Azərbaycan dilinə tərcümə etmişlər.
“Dəbistan” məcmuəsi 1917-ci ildə Puşkinin “Xanım və kəndli qadın” hekayəsini dərc etmişdi. Hekayəni tərcümə edən M.R.Əfəndizadə tərcüməsində şairin üslubunu saxlamağa çalışdığından hekayə həm böyüklər, həm də uşaqlar üçün anlaşıqlı və maraqlı alınmışdır.
Şair-pedaqoq Məmməd Tağı Sidqi Ordubadinin Naxçıvan şəhər “Tərbiyət” məktəbində Puşkinin anadan olmasının yüz illiyinə həsr edilmiş tədbirdə söylədiyi nitqi çox unudulmaz olmuşdur. Natiq söyləyirdi ki, “O xalq, o tayfa xoşbəxtdir ki, elmə, mədəniyyətə və tərəqqiyə cəhdi və təşəbbüsü ilə Puşkin kimi oğullar yetişdirmiş və yetişdirəcəkdir”. Şairə ucaldılmış abidə onun xidmətlərinin dövləti və xalqı qarşısında təsdiqinin bariz nümunəsidir.
İllər ötür, nəsillər dəyişir, Puşkin isə əvvəlki tək rus və dünya poeziyasının parlaq ulduzu olaraq qalır.
Puşkinin əsərlərinə həsr edilmiş teatr tamaşaları Bakı və Gəncədə (Yelizavetpol) hələ inqilabdan əvvəl səyyar, mövsümi rus truppaları tərəfindən göstərilirdi. Əsasən tamaşalar tam səhnələşdirilmir, “Boris Qodunov”dan parçalar təqdim edilirdi. Musiqi səhnələrində dahi şairin süjetləri əsasında yazılmış “Yevgeni Onegin”, “Dubrovski”, “Qaratoxmaq Qadın” və digər operalar böyük müvəffəqiyyətlə gedirdi. “Boris Qodunov”da əsas partiyanı bas Platon Tseseviç ifa edirdi.
Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında (o dövrlər Satiraqit teatr adlanırdı) Puşkinin kiçikhəcmli “Daş müsafir” və “Xəsis cəngavər” faciələri səhnələşdirilmişdi.
“Daş müsafir” faciəsinin əsas qayəsi səhnədə, daş ürəkləri füsunkar, baş qəhrəmanın hiyləgərliyi, riyakarlığı, ədəbsizliyi, əxlaqsızlığı deyil, həyat eşqi və məhəbbətin ölüm üzərində təntənəsinin tərənnümü idi.
Puşkinin kiçikhəcmli faciə əsərləri Azərbaycanın dramatik səhnəsində tam həcmdə oynanılmamışdır. Bu tərcümənin çətinliyi ilə izah edilə bilər. “Boris Qodunov” da bu qəbildəndir.
Baş rolda Abbas Mirzə Şərifzadənin oynadığı “Dubrovski” əsərini isə tamaşaçılar sürəkli alqışlarla qarşıladılar.
Puşkin yaradıcılığı Azərbaycan bəstəkarlarının da diqqətini daim cəlb etmişdir. Bu səbəbdən bakılılar Puşkin qəhrəmanları ilə musiqili opera və balet teatrı səhnələrində tez-tez görüşürlər. Xalq artisti, bəstəkar F.Bədəlbəyli şairin anadan olmasının 150 illik yubileyinə “Qış yolu”, Şəfiqə Axundova “Solmuş çiçək” romanslarını bəstələmişlər.
Bakı konservatoriyasının tələbəsi Boris Strelnik də Puşkin şeirlərinə romanslar bəstələmişdir.
Gəncə şəhərində bəstəkar M.Vaynşteynin “Qaraçılar” tamaşası səhnələşdirilmişdi.
M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycan və rus dillərində Puşkinin əsərlərinə yazılmış operalar “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “Mazepa”, “Su pərisi” və “Baxçasaray fəvvarəsi” baleti uğurla bir çox illər səhnədən düşməmişdir. Hazırda da teatrlarımızın səhnələrində biz dahi Puşkinin əsərləri ilə görüşə bilirik.
Özünün ölməz əsərlərində sülhü, idrakı, insan səadətini təsdiq edən Aleksandr Sergeyeviç Puşkin bizim müasirimiz olaraq yeni nəsillərə xeyirxahlıq, insansevərlik və ədalət ideyalarını ötürür.
Puşkinin ölməz poeziyası Azərbaycan və rus xalqlarını günümüzdə də birləşdirən dostluq körpüsüdür.

Şəbinə ƏLİYEVA,
Bakı şəhəri 151 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi

yuxarı ⤴