1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bərdədə məzunlar 20 ildən sonra müəllimləri ilə görüşüb
28.01.2017 / No3

 

 


Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə tədris ocağını 20 il bundan öncə-1997-ci ildə bitirən 11 a sinfinin məzunları ilə görüş keçirilib. Görüşdə Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, tədris ocağının müəllimləri iştirak edib. Öncə məzunlar əsaslı təmir olunan doğma məktəbə baxış keçiriblər. Sonra məzunlar 31 il öncə-1986-cı ildə ilk dəfə qədəm qoyduqları sinif otağına toplaşıblar. Birinci sinifdə olduğu kimi hər bir məzun öz yerində əyləşib. Günün sürprizi isə məzunların VI sinif jurnalının arxivdən çıxarılması və jurnal üzrə davamiyyətin yoxlanılması olub. Sinifdə keçən səmimi görüşdə dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov iştirakçıları salamlayaraq bildirib ki, belə görüşlər istər müəllimlər, istərsə də təhsil ocağında təhsil almış məzunlar üçün çox əlamətdar bir hadisədir. Bu kimi tədbirlərin gənc nəslin yetişməsində tərbiyəvi rol oynadığını, onların məktəbə, müəllimə bağlılığını daha da artırdığını nəzərə çatdırıb.
Görüşdə çıxış edən məktəbin direktor səlahiyyətlərini icra edən Teymur Həmidov məzunları məktəbdə görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Qeyd edilib ki, tədris ili müddətində məktəbdə 65 yaşı tamam olmuş və hazırda təqaüddə olan müəllimlərlə də səmimi bir görüş keçirilib. Məktəb haqqında da ətraflı məlumat verən T.Həmidov nəzərə çatdırıb ki, tədris ocağı 2016-cı ilin sentyabr ayında əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Hazırda ikinövbəli işləyən məktəbdə 744 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 110 nəfər müəllim məşğul olur.
Tədbirdə məktəbin direktor müavinləri, əməkdar müəllim Minayə Nəbbaqi, Zərifə Məmmədova çıxış edərək məzunlar haqqında xoş fikirlər söyləyiblər.
Səmimi keçən görüşdə məktəbin əvvəlki direktoru Qəndab Qafarova, müəllimlərdən Kamil Həsənov, Billurə Bayramova, Cəmilə Ağayeva, Ofelya Hüseynova, Xasay Əliyev, Solmaz Babayeva və Mətanət Nuriyeva çıxış edərək məzunlar haqqında xoş xatirələri yada salıblar.
Görüşdə çıxış edən məzunlar hər bir guşəsi onlar üçün əziz olan doğma məktəbi yenidən görməyin, ilk dəfə qədəm qoyduqları sinifdə parta arxasında əyləşməyin, müəllimlərlə görüşün nə qədər həyəcanlı və təsirli olduğunu bildiriblər. Onlara ilk dəfə qələm tutmağı öyrədən ibtidai sinif müəllimi Ofelya Rüstəmova və sinif rəhbərləri Elmira Tağıyevanın səhhətləri ilə bağlı görüşdə iştirak edə bilmədiklərindən təəssüf hissi keçirdiklərini deyiblər. Tədbirin yüksək səviyyədə təşkil olunmasında zəhməti keçən məktəb rəhbərliyinə, pedaqoji kollektivə təşəkkürlərini çatdırıblar.
Tədbirin sonunda məzunlar dünyasını dəyişmiş sinif yoldaşları Şamxal Məmmədovun qəbrini ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴